ABŞ-Azərbaycan münasibətlərini pozmaq istəyənlər çoxdur - Asim Mollazadə

12:36 23.01.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ağ evdən Azərbaycana ermənilərə statusla bağlı təzyiqlər olsa belə, bunun düşmənlərimiz üçün heç bir müsbət nəticəsi olmayacaq...

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə “Həftə içi”nə müsahibəsində  iki gün öncə andiçmə mərasimi keçirilmiş demokrat Co Baydenin yeni Prezident kimi hakimiyyətə gəlişindən sonra ABŞ-ın Azərbaycana qarşı münasibətinin hansı istiqamətdə dəyişəcəyi, Ağ evin Paşinyana dəstək verib-verməyəcəyi, qardaş Türkiyə və Cənub qonşumuz İranla münasibətləri necə quracağı və s. ilə bağlı sualları cavablandırıb.

- Asim bəy, sizcə, ABŞ-ın yeni seçilmiş Prezidenti Co Baydenin hakimiyyətdə olduğu dövrdə Ağ Evin Azərbaycanla və konkret olaraq Qarabağla bağlı siyasəti hansı istiqamətdə dəyişəcək?

- Hesab edirəm ki, hazırda  ABŞ-ın hakim partiyası ilə sıx bağlı olan, fəal və güclü ermənin diasporu yeni Bayden administrasiyasına öz təzyiqlərini göstərə bilər. Azərbaycan Silahlı Qüvvələri BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddətdə icra etmədiyi qətnamələrini icra edərək torpaqlarımızı işğaldan azad edib, ATƏT-in Minsk Qrupunun üzərinə düşən bölgədə sülhyaratma missiyasının həyata keçirilməsinə başlanılıb. Yeni ABŞ rəhbərliyi Ermənistana, ermənilərə “sülh, əməkdaşlıq və əmin-amanlıq yaradın, izolyasiyadan çıxın” və s. kimi tövsiyələr versə, onda Azərbaycanın da buna uyğun strategiyası həyata keçirilə bilər. Təbii ki, erməni lobbisi və digər dairələr tərəfindən Ağ evi Azərbaycana təzyiqlərə vadar etmək üçün cəhdlər olacaq, oyunlar oynanacaq. Mən belə təbəddülatları daha çox ABŞ Konqresindən gözləyirəm. Həmin qurumda bir sıra ermənipərəst nümayəndələr, senatorlar var. Onlar tərəfindən Qarabağ məsələsinə hansısa müdaxilələr oluna, hansısa bəyanatlar verilə bilər. Bir məsələni də unutmaq lazım deyil ki, Azərbaycan bölgənin kifayət qədər güclü dövlətidir. Azərbaycanın qardaşı, müttəfiqi, NATO-nun üzvü olan Türkiyə regionda və ayrıca  Qarabağla bağlı son proseslərdə çox böyük önəm daşıyır.

Bildiyiniz kimi, illərdir, dünyadakı erməni lobbisi Türkiyəyə nifrət aşılamaqla məşğuldur. Heç bir şey dəyişməyib ki? Hazırda Azərbaycan Türkiyə ilə birgə qlobal strateji, xüsusən enerji və nəqliyyat layihələrini həyata keçirir. Bunun da dünyanın ən güclü ölkələrinin, o cümlədən ABŞ-ın maraqlarına uyğun olması göz qabağındadır. Odur ki, bu baxımdan da erməni lobbisinin  ABŞ daxilindən Türkiyə və Azərbaycana qarşı aşılanan sonsuz nifrət strategiyası Birləşmiş Ştatları çox çətin bir geostrateji  duruma sala bilər...

- Məlumdur ki,  zəlil durumda olsa da, Paşinyan qərbpərəst, ABŞ milyarderi “Soros”un adamı hesab olunur. Bu amil rəsmi Vaşinqtonun Ermənistana münasibətində hansı rol oynayacaq?

- Bilirsiniz, söhbət konkret Ermənistan hökumətindən getmir. Bu dövlət, xüsusən Azərbaycan tərəfindən məğlub və miskin bir hala salındıqdan sonra, bölgədə hansısa bir təsir imkanlarına malik deyil. Söhbət çox zəngin, güclü və təşkilatlanmış xarici ermənilərdən gedir. Onlar Amerikada, Fransada, Cənubi Amerikada və s. yerləşir. Onların qurduğu lobbilərin bütün iş və  siyasəti məhz irqçilik, faşizm, türkə nifrət ideologiyası üzərində qurulub. Günü sabah Güney Qafqazda yaşayan bütün erməniləri öz maraqlarına qurban verməyə hazırdırlar ki, sonradan yenidən bu məsələdən Azərbaycan və Türkiyəyə qarşı növbəti qondarma “soyqırımı”, “genosid” təzyiqləri üçün istifadə edərək özləri üçün pul yığsınlar. Söhbət bundan gedir. Ona görə də Ermənistan hökuməti var,  yaxud yoxdur, onun başında duran haranın adamı olması məsələlərinin erməni  lobbilərinə aidiyyəti yoxdur, onlar öz öyunlarını oynamaqda davam edirlər... Onu da deyim ki, xaricdəki belə təşkilatlanmış ermənilərin sayı Ermənistandakıların sayından qat-qat çoxdur...

- Doğrudur, Ermənistan siyasi, hərbi və iqtisadi baxımdan məğlub və miskin durumdadır. Məlumdur ki, Sovetlər İttifaqı dağıldıqdan bəri ABŞ da, Avropa da bu respublikanı Rusiya təsirindən tam çıxarmaq istəyir. Bu müstəvidə onillərdir ki, əsasən, Vaşinqton və Moskva arasında bu müstəvidə mübarizə gedir. Məhz bu baxımdan, ola bilərmi ki, Paşinyan hakimiyyətini qoruyub-saxlamaq məqsədilə Bayden administrasiyası Qarabağdakı ermənilərə “status” verilməsi və s. məsələlərdə Azərbaycan dövlətinə təzyiqlər etsin?..   

- İndiki dövrdə Azərbaycana hər cür təzyiqlər ola bilər. Söhbət ondan gedir ki, həmin təzyiqlər vasitəsilə təlqin olunmağa çalışılan təklifləri kim qəbul edir.  Özünü müdafiə etməyə kifayət qədər imkanları olan Azərbaycan dövləti... Ona görə də  ABŞ tərəfindən də ermənilərə Qarabağda hansısa status verilməsi istiqamətində təzyiqlər olsa belə, bunun düşmənlərimiz üçün heç bir müsbət nəticəsi olmayacaq...

- ABŞ-ın Azərbaycana münasibəti sırf Türkiyə ilə münasibətlərindən asılı olacaq, yoxsa rəsmi Bakıya ayrıca kontekstdə yanaşılacaq?

- Əlbəttə, ABŞ-Türkiyə, ABŞ-Azərbaycan  münasibətlərini pozmaq istəyən qüvvələr çoxdur. Hesab edirəm ki, Amerikanın özünün bir dövlət kimi milli təhlükəsizlik maraqları Azərbaycan və Türkiyə ilə münasibətləri normal münasibətdə qurmağa vadar edib və edəcək...

Regionda Pentaqonun, NATO-nun lojistik məsələlərinin həlli, məsələn, Əfqanıstana zəruri hərbi yüklərin daşınması və s. Azərbaycan vasitəsilə həyata keçirilir. Bir sözlə, təhlükəsizlik  sahəsində Azərbaycanın, həmçinin, NATO üzvü olan Türkiyənin ABŞ və onun müttəfiqləri ilə böyük və sıx əməkdaşlığı var. Türkiyə ABŞ-la çox ciddi hərbi müttəfiqdir... Ermənistan isə hansısa əməkdaşlıq baxımından  Amerika üçün heç nəyə yaramır...

- Bəs ABŞ-ın Cənub qonşumuz İranla münasibətləri, sizcə, yumşalacaqmı?

- Zənnimcə, Bayden administrasiyası yaxın müddətdə Cənub qonşumuz İranla Obama dövründə bağlanmış keçmiş nüvə sazişçini bərpa edəcək və bununla da münasibətlər tədricən qaydasına düşəcək...

- Ağ evin Azərbaycanın iştirak etdiyi qlobal enerji və nəqliyyat layihələrinə münasibəti necə olacaq?

- Belə layihələrin hamısına Ağ ev öz dəstəyini verib və verəcək.  Azərbaycanın qoşulduğu  bütün qlobal layihələr onların maraqlarına uyğundur. Həmin layihələr regionda ABŞ-ın özünün yaxud müttəfiqlərinin strateji  məsələlərdə problemlərinin həllinə yönəlib. Və Ağ Ev də rəsmən həmin layihələrə dəstək verir.

- Asim bəy, necə hesab edirsiniz,  yaxın gələcəkdə ABŞ dövləti Ermənistanın mümkün etirazlarına rəğmən Azərbaycanın işğaldan azad torpaqlarının məskunlaşması üçün Böyük Qayıdış proqramına dəstək verə bilərmi? 

- Azərbaycana heç kəsin dəstəyi lazım deyil.  Bizim özümüzün böyük imkanlarımız və lazım gəlsə, dəstək duracaq dostlarımız, müttəfiqlərimiz var. İndi hansısa dövlət dəstək durmaq istəsə, bunu edər. Etməsələr də,  Azərbaycan dövləti hər bir problemini, o cümlədən keçmiş köçkün vətəndaşlarımızın işğaldan azad olunmuş torpaqlarımıza qayıdışı və onların orada daim məskunlaşması problemlərini də özü həll etməyə qadirdir. Biz Ermənistan deyililk ki, bütün dünya boyu dilənib nəsə xahiş edək...

 

Oxunma sayı 742