ABŞ-da güclüsən, haqlısan prinsipi hökm sürür - Müsahibə

11:31 19.01.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Ştatların ikipartiyalı seçki sistemi çox cidd böhran keçirməkdədir

Dünyada Amerika Birləşmiş Ştatlarında prezident seçkilərindən sonra yaşananlar birmənalı qarşılanmır.

Donald Trampa qarşı iki dəfə impiçment elan olunması, ABŞ dövlət başçısına sosial şəbəkələr tərəfindən tətbiq edilən qadağalar, yanvarın 6-da Konqresə hücum nəticəsində 5 nəfərin həlak olması vəs. Bu gün gündəmin əsas müzakirə olunan mövzuları sırasındadır.

Bu və ya digər məqamlarla bağlı “Həftə içi”nə müsahibə verən millət vəkili Elman Nəsirov ABŞ demokratiyasının durumu ilə bağlı maraqlı nüanslara toxunub.

- Elman müəllim, Donald Trampın seçki saxtakarlığı ilə bağlı irəli sürdüyü iddia və bunun fonunda ABŞ-da yaşanan gərginliklər nədən xəbər verir?

- Amerika Birləşmiş Ştatlarında noyabr ayında keçirilən prezident seçkilərindən sonra yaşanan hadisələr bir sıra nəticələrə gəlməyə əsas verdi. Ən birinci nəticə onunla bağlı oldu ki, ABŞ-ın dünyanın ən demokratik ölkəsi olması ilə bağlı illüziyalar tamamilə puç oldu. Məlum oldu ki, Birləşmiş Ştatlarda demokratiyanın ən mühüm elementləri olan seçki sistemi köhnəlib və 21-ci əsrin reallıqlarında tamamilə qeyri-funksionaldır. Təsəvvür edin ki, Birləşmiş Ştatlar dünyada ən çox söz, mətbuat azadlığı və sərbəst toplaşma azadlığının ən ciddi müdafiəçisi kimi çıxış edir. Bu seçkilər onu göstərdi ki,  ölkənin özündə vəziyyət son dərəcədə kritikdir. İlk baxışda Birləşmiş Ştatlarda “Xalq prezidenti seçir” kimi fikirlər səslənsə də, reallıqda elektorat prezidenti seçəcək insanları seçir.  Və orada son dərəcə ədalətsiz bir prinsip var: bütün səslər qalibə verilir. Demək, milyonlarla seçicinin bütün hüquqları pozulur. Tutaq ki, insanlar respublikaçılara səs versələr də, namizədləri uduzduğuna görə onların bütün səsləri alınır. Deyilir ki, sizin o səslərin hamısı Demokratların hesabına yazılacaq. Beləliklə, “səslər qalibə veriləcək” prinsipi işə düşür. Görün, nə qədər seçicinin hüquqlarının pozulması ilə bağlı ədalətsizlik olur. Ən qəribəsi də budur ki, bu dəfə pandemiyanı əsas götürüb daha çox poçtla səsvermələr keçirildi. Tramp tərəfdarları poçt vasitəsi ilə keçirilən səsvermələrdə çoxsaylı qüsurlar, səhvlər, hüquq pozuntilarını üzə çıxardı. Belə olduğu halda, Tramp  tərəfdarlarını öz səslərini ucaltmağa, öz etirazlarını ifadə etməyə çağırdı. Nəticədə yanvarın 6-da son 200 il tarixində Konqresə məlum hucum reallaşdı. Bu hücum nəticəsində də 5 nəfər həlak oldu. Onların arasında bir nəfər qadın da var idi.

- ABŞ daxilində bu proseslərə hüquqi qiymət veriləcəyi açıqlanmaqla üzərindən sükutla keçməyə çalışır, ölkənin siyasi sistemi ilə bağlı tənqidlərə maksimum yer verməməyə çalışırlar. Necə hesab edirsiniz, əgər belə bir hal digər ölkələrdə baş vermiş olsaydı, ABŞ buna qarşı hansı münasibəti sərgiləmiş olardı?

- Burada bir neçə paralel aparmaq olar. İyul ayının 14-də Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində hərbi təxribatına cavab olaraq, Azərbaycan cəmiyyətində böyük bir həyəcanlanma oldu. Xalqımızın mütləq əksəriyyəti Ali Baş Komandanı, Ordumuzu müdafiə istiqamətində, Ermənistanın hərbi təxribatına etiraz ruhunda bir yürüş keçirtdi. Təəssüf ki, siyasi dairələr həmin yürüşün mahiyyətini dəyişmək istədilər və Parlamentin boş binasına hücum da təşkil etdilər. Nəticədə, biz okeanın o tayından, eyni zamanda bir sıra Qərb paytaxtlarından bu hadisələrə qeyri-obyektiv qiymətləndirmələrə şahidlik elədik. Həmin parlamentə hücum edən şəxslərin demokratiyanın müdafiəçiləri olduğu, onların saxlanılmasının qeyri-qanuni olduğu, onlara qarşı cinayət işinin açılmasının Azərbaycanda sərbəst toplaşma, söz, mətbuat azadlığının boğulması kimi təqdimatını gördük. Birləşmiş Ştatlarda Parlamentə olan müdaxiləyə isə demokratiyanın təntənəsi kimi qiymət vermək istəyirlər.  Təsəvvür edin ki, əgər Azərbaycan parlamenti içərisində kimsə güllələnsəydi, qan tökülsəydi, bütün dünyada, başda ABŞ  olmaqla, hansı rezonansı yaradardılar. Azərbaycan hökumətini, iqtidarını antidemokratiyadan tutmuş, daha nələrdə ittiham eləməzdilər. Halbu ki, Azərbaycan polisi öz missiyasını şərəflə yerinə yetirdi, təhlükəsizliyi, asayişi təmin etdi. Qarışıqlıq salmayan insanlara münasibətdə də tam qanun çərçivəsində davranış ortaya qoydu. ABŞ-da isə parlamentə müdaxilə edən şəxslər güllələnirlər. Hesab edirəm ki, bu hadisələr Amerikanın dünyada demokratiyanın bayraqdarı olması ilə bağlı o mövqeni alt-üst elədi. Bu fövqəl dövlətin imicinə çox ciddi zərbə dəymiş oldu. Birləşmiş Ştatlar heç kimə demokratiya dərsi keçə bilməz.

- Donald Trampın tvitter, digər sosial şəbəkə hesablarının dondurulması nə dərəcədə düzgün və ABŞ demokratiyası dəyərlərinə uyğundur?

- ABŞ Dövlət Departamenti, Konqres tərəfindən maliyyələşdirilən bir sıra QHT-lər ayrı-ayrı ölkələri ittiham edərkən, ilk növbədə söz, mətbuat azadlığını ön plana çəkir, sosial şəbəkələrdə azadlığın qorunub saxlanması, azad internet və sair bu kimi tələblərlə çıxış edirlər. Amma bu gün şahid oluruq ki, Birləşmiş Ştatların prezidentinə münasibətdə hətta onun sosial şəbəkələrdə iştirakına qadağalar qoyulub. Bu onu göstərir ki, qalib gəlmiş tərəf və eyni zamanda bu ölkənin məhkəmə sistemi, hüquq-mühafizə orqanları çox gözəl bilirlər ki, Birləşmiş Ştatlarda seçkidə uduzan prezidenti vəzifəsindən gedənə qədər “axsıyan ördək” adlandırırlar. İndi yanvarın 20-də gedəcək Trampa “axsıyan ördək “timsalında təzyiqlər var. Orda güclüsən, haqlısan prinsipi hökm sürür. İstisna deyil ki, 20 yanvardan sonra yeni seçilmiş prezident Trampa qarşı açılmış cinayət işi məsələlərini intensivləşdirsin. İki ildən sonra Birləşmiş Ştatlarda parlamentə aralıq seçkilər olacaq. Respublikaçıların seçkilərdə qalib gələcəyi istisna edilmir. Məsələ də ondan ibarətdir ki, Bayden çox yaşlıdır, 2 ildən sonra 80 yaşı olacaq. Demokratların namizəd boşluğu yaranacaq. Və növbəti 4 ildən sonra keçiləcək prezident seçkilərində artıq 78 yaşında olacaq Tramp yenidən namizədliyini irəli sürə bilər.

- Elman müəllim, Trampın növbəti dəfə seçkilərdə iştirakının qarşısını almaq üçün ona 2 dəfə impiçment qoyulub. Bu, nə ilə bağlıdır və nə dərəcədə demokratiya, beynəlxalq hüquqa uyğundur?

- Hesab edirəm ki, bu, tamamilə absurd məsələdir. İmpiçment məsələsi növbəti 4 ildən sonrakı prezident seçkilərində və iki ildən sonra keçiriləcək aralıq seçkilərində respublikaçıların mövqeyini zəiflətmək, yaxud Trampın yenidən qayıdışının qarşısını almaq üçün ortaya atılıb. Belə müzakirələr aparılır ki, əgər prezident çeçkilərinə 6 ay qalsaydı, impiçment məsələsinin əhəmiyyəti olardı. Əgər bir neçə gündən sonra Tramp öz vəzifəsindən gedirsə, impiçment məsələsi öz əhəmiyyətini itirir. Hər halda onu unutmayaq ki, Birləşmiş Ştatların ikipartiyalı seçki sistemi çox cidd böhran keçirməkdədir. Əhalinin böyük bir hissəsi nə demokratlara, nə də respublikaçılara inanmaq istəmir.

- Bu gün dünya dövlətləri ABŞ-da baş verənlərə görə ona hər hansı təzyiq göstərə bilirmi?

- Trampın yeritdiyi xarici siyasət bir çox müttəfiqlərini, xüsusilə NATO, Avropa İttifaqı üzrə dövlətləri narazı salmışdı. Elə ona görə tələm-tələsik Baydenin seçilməsini tanıdılar. Ayrı-ayrı hallarda ABŞ-da baş verən insidentlərə münasibət bildirsələr də, anti-demokratik məsələləri təhlil edib ciddi nəticələrə gəlmək istəmədilər. Təsəvvür edin ki, 2003-cü il mart ayının 19-dan 20-nə keçən gecə bala Corc Buş İraqı bombaladı. Əsas gətirildi ki, İraqda kütləvi qırğın silahı var, beynəlxalq terorizmi himayə edir və sair.  Bağdad alındıqdan 2-3 həftədən sonra ABŞ prezidenti etiraf etdi ki, sən demə Səddam Hüseynin nə nüvə silahı var imiş, nə də beynəlxalq terrorizmlə himayə etmirmiş. Yaxşı, bu müdaxiləyə görə milyonlarla insan həlak olub. Buna görə Buş hər hansı məsuliyyət daşıdımı, hər hansı beynəlxalq məhkəmə qarşısında dayandımı, xeyr. Analoji hadisəni başqa bir dövlət etsəydi, yəqin ki, onu iqnor vəziyətinə salıb rəhbərinə qarşı da beynəlxalq tribunal açardılar. Təəssüf ki, bu gün beynəlxalq hüquq çox ağır dövrünü yaşayır.

Enişteynin hələ ötən əsrin 50-ci illərində dediyi bir fikir var: “Beynəlxalq hüquq yalnız beynəlxalq hüquq və sənədlər külliyyatında vardır”. Faktiki olaraq indiki vəziyyət belədir.

Oxunma sayı 439