ABŞ-ın dövlət borcu rekord məbləğə çatıb

14:28 02.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın dövlət borcu 23 trilyon dollara çataraq yeni rekord müəyyən edib.

Hafta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumat ABŞ Maliyyə Nazirliyinin gündəlik hesabatında yer alıb. Sənəddə göstərilən məbləğ oktyabrın 31-də ölkənin dövlət borcunun vəziyyətini əks etdirir.

Beynəlxalq Valyuta Fondunun proqnozuna əsasən, ABŞ-ın dövlət borcu 2023-cü ildə ümumi daxili məhsulun 117 faizinə çatacaq. Halbuki 2017-ci ildə bu göstərici 108 faiz idi. ABŞ-ın hazırkı borc problemləri 2007-2008-ci illərdə baş verən iqtisadi-maliyyə böhranından miras qalıb. Həmin dövrdən bəri ölkədə dövlət borcunun tavanı bir neçə dəfə qaldırılıb.

Barak Obamanın səkkizillik hakimiyyəti dövründə ABŞ-ın dövlət borcu demək olar ki, 9 trilyon dollar artaraq 20 trilyon dollara çatmışdı. Amerikalı iqtisadçılar 2026-cı ilə qədər bu məbləğin 30 trilyon dollara qədər artacağını proqnozlaşdırırlar.