Rusiyada məşhur “Kalaşnikov“ erası başa çatdı

15:15 12.10.2011
Yazını böyüt
Yazını kiçilt

İldırım Məmmədov: “Azərbaycan da yavaş-yavaş bu silahı arsenalından çıxarmalıdır“

Rusiya artıq “Kalaşnikov“ avtomatının istehsalını dayandırır. Bu silahı Udmurtiyada istehsal edən zavodun direktoru Qriqori Çernıxın verdiyi məlumata görə, zavod indi ən çətin günlərini yaşayır: “Venesuelanın sifarişini artıq yerinə yetirdik. Hazırda Azərbaycan və başqa bir ölkənin sifarişini hazırlayırıq, o da yerinə yetirəndən sonra zavod bağlanacaq“.

Xatırladaq ki, “Kalaşnikov“ avtomat silahları içərisində məşhur oub, hətta dünya üzrə istifadəsinə görə Ginnesin Rekordlar Kitabına da düşüb. Hazırda Ak-74 dünya dövlətlərinin ordularında 15 faiz təşkil edir. 20 ölkədə “Kalaşnikov“ istehsal olunsada saxtaları da az deyil, təxminən dünya üzrə bu silah növünün 90 faizi saxtadır.
Azərbaycan Ordusunda da bu silah növündən geniş istifadə olunduğu üçün məsələ maraq doğurmaya bilməz.
Azərbaycan Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri, ehtiyatda olan polkovnik İldırım Məmmədov hesab edir ki, “Kalaşnikov“ tipli avtomat silahının əvəzolunmazlığına dair mif Sovet təbliğat maşınının nəticəsi idi : “Bu silah 1947-ci ildə ixtira olunub. Mən 70-ci illərdə əsgərlikdə olarkən baş atıcı kimi bu silahdan istifadə etmişəm. Məsələ burasındadır ki, avtomat “Kalaşnikov“un əsas üstünlüyü suya düşəndə də etibarlı olması idi. Ancaq bu silahla heç də həmişə hədəfi dəqiq vurmaq olmur. Onun dəqiq vurması mifləşdirilmiş formada yayılmışdı. Ucuz olduğuna görə də bütün dünya onu almağa başladı. Bir sıra dövlətləri isə Sovet İttifaqı ilə əməkdaşlıq etdiyi üçün bu silaha üstünlük verirdi. Məsələn, bir sıra Afrika ölkələrini misal göstərmək olar. Sovet hökuməti Əfqanıstan müharibəsində də bu silahdan istifadə edib. Sovetlər İttifaqı dağılandan sonra bəlli oldu ki, bu avtomatın qiyməti 300 dollardır. Hələ 10 il bundan öncə ruslar An - 94 adında silah istehsal etmişdilər. Bu bütün texniki parametrlərinə görə o “Kalaşnikov“ avtomatından yüksəkdə durur. Ona görə də Azərbaycan “Kalaşnikov“ avtomatını yavaş-yavaş silah arsenalından çıxarmalıdır“.
Əli Zülfüqaroğlu