“Elektrik enerjisinin verilişində problemlər yalnız təbii fəlakətlə bağlı ola bilər“

15:15 12.10.2011
Yazını böyüt
Yazını kiçilt

Müsahibimiz Lənkəran Enerji İdarəsinin rəhbəri Məqatil Yunusov bu fikirdədir

Son bir neçə ildə Azərbaycan enerji siyasəti baxımından Qərbin Cənubi Qafqazdakı əsas tərəfdaşına çevrilib. Zəngin enerji resurslarına malik dövlət kimi Azərbaycan müstəqil xarici siyasət kursu ilə də tanınır, region dövlətləri ilə (Ermənistan istisna olmaqla) konstruktiv əməkdaşlıq edir.

Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət hazırda da uğurla davam etdirilir. İstər regional, istərsə də qlobal kontekstdə Azərbaycan bu gün enerji sahəsində əsaslı mövqeyi ilə seçilir. Lakin bütün bunlara baxmayaraq, bəzi bölgələrdə ara-sıra problemlərə də rast gəlinir. Belə ki, son aylar Azərbaycanın cənub bölgəsində bir-birinin ardınca baş verən güclü qasırğa nəticəsində adıçəkilən bölgədə enerji təchizatında yaranan ciddi problemlər əhalinin haqlı narahatlığına səbəb oldu. Yayılan məlumatlarda baş verən təbii fəlakət zamanı elektrik dayaqlarının aşdığı, müxtəlif güclərdə transformatorlar və naqillərin sıradan çıxdığı, nəticədə sakinlərin günlərlə enerjisiz qaldığı bildirilir. Bütün bunlara aydınlıq gətirmək üçün bu dəfə yolumuzu adıçəkilən rayonlardan biri olan Lənkərandan salıb, Lənkəran elektrik şəbəkəsinin rəisi Məqatil Yunusovla görüşüb, sadalanan problemlərə də aydınlıq gətirməyə çalışdıq.

“13 mindən artıq abonent smart-kart sayğacla təmin edilib“

Müsahibimiz sentyabr ayının 5-dən etibarən aramsız yağan yağışların Lənkəran rayonuna da müəyyən qədər ziyan vurduğunu vurğuladı: “Yağan leysan yağışları oktyabrın 1-inə kimi davam etdi. Ayın 9-u axşam saatlarında yağışlar möhkəm küləklə əvəz olundu. Ona görə də rəhbərlik etdiyim elektrik təsərrüfatında da bir sıra problemlər yarandı. Qurumuş ağaclar xətlərin üzərinə aşdığından və uzun sürən yağışlar nəticəsində torpağın yumşalması ilə dayaqlardan bir neçəsi əyildi. Bu da fəsadlara səbəb oldu“. M.Yunusov sadalanan problemlərin günün birinci yarısında meydana gəldiyini söylədi: “Günün ikinci yarısına qədər şəbəkənin daxili inkanları hesabına problemlər həll olundu və əraziyə elektrik enerjisinin verilişi tam bərpa edildi. Belə hal rayon ərazisinin 20%-də qeyd olundu. Bundan başqa, ayın 18-19-da da belə hal yarandı. Güclü yağan yağışlardan sonra əsən qısa müddətli güclü külək nəticəsində belə problemlər meydana gəldi. Sellə müşahidə olunan hal körpülərin dağılmasına gətirib çıxardı ki, bu da bizim işimizdə müəyyən qədər çətinliklər yaratdı. Belə ki, biz həmin körpülərdən keçib, hadisə yerinə gedə bilmədik. Dağ kəndlərində isə bu hala daha çox rast gəlindi. Hətta kəndlərin birində çayın içərisi ilə gedən 10 kv hava xətti çıxarılaraq, yolun kənarı ilə çəkildi. Bundan başqa qəzalı vəziyyətə düşən dayaqlar təzələndi. Məftillər dəyişdirildi“. Məqatil Yunusov son aylarda görülən işlərlə bağlı da məlumat verdi. O bildirdi ki, ölkə rəhbərinin göstərişinə əsasən respublikanın bütün rayonlarında kabel və smartkart sayğacları qoyulub: “Bu prosesə Lənkəran şəhərində də başlanılıb. Hazırda 13 mindən artıq abonentə smartkart sayğacı qoyulub. Bununla yanaşı bütün şəhər ərazisində dayaqlar dəyişdirilib, köhnə naqillər yeniləri ilə əvəz olunub, elektrik verilişi xətləri kabellərlə təmin olunub. Şəhərarasına bu gün dayanılqlı elektrik enerjisi vermək mümkündür. Hazırda da şəhərətrafı kəndlərdə də samartkart qoyulur və kabellərin çəkilişi davam edir“.

“Bizə hava ilə bağlı məlumat verilmişdi“

Müsahibimiz söhbət əsnasında Lənkəranın elektrik enerjisinin fövqəladə vəziyyətlərə nə qədər dayanıqlı olub-olmaması ilə bağlı da məlumat verdi : “Bəzən elektrik enerjisində yaranan problemin bu sahədəki diqqətsizlikdən meydana gəldiyi fikrini bildirirlər. Lakin mən bu fikirlə razı deyiləm. Hər zaman bu sahədə işlər görülür. Buna baxmayaraq bəzən elə fövqəladə hal baş verə bilər ki, nəinki elektrik xəttində, hətta bütün həyatımız da iflic duruma düşə bilər“. Həmsöhbətimiz Lənkəran rayonunun sentyabr ayında həqiqətən də belə bir fövqəlada şəraitdə yaşadığını bildirdi: “Bu cür vəziyyətdən çıxış yolu tapmağımız bir qədər çətin oldu. “Azərenerji“ sistemində hazırda güclü təminat var“. Həmsöhbətimiz mühafizə sistemi ilə bağlı da söhbət açdı: “Bizim mühafizə sistemimiz var. Hər hansı bir qəza baş verərkən biz mühafizə sistemimizdən istifadə edirik. Qəzaya düşə biləcək xətt mühafizə sistemindən asılır. Bizə axşam saatlarından rəhbərliyimiz tərəfindən hava ilə bağlı məlumat verilmişdi. Gecədən biz gücləndirilmiş iş sisteminə keçmişdik. Bütün qruplar hazır vəziyyətdə idi. Hava işıqlanan kimi qəzalı olan xətlər yoxlanıldı. Qəzalı şəraitdə olanlar müəyyən edildi və bir az əvvəl də qeyd etdiyim kimi nəticələr aradan qaldırıldı“.

“Fövqəlada hal baş verməzsə...“

M. Yunusov smartkart sayğaclarının üstün keyfiyyətlərindən də söz açdı: “Əvvəllər əhali enerji baxımından israfçılığa yol verirdi. Həmçinin ayın axırında enerji haqqını da ödəməkdə çətinliklərlə üzləşirdi. Biz də bu işdə problemlə qarşılaşırdıq. Dəfələrlə müraciətlər edilsə də, enerji haqları vətəndaş tərəfindən vaxtlı-vaxtında ödənilmirdi. Lakin indi vətəndaş hər gün öz sayğacına nəzarət etməli olur. Çünki o enerjisiz qalacağını düşünür və işlətdiyi enerjiyə daim nəzarət etməyə çalışır. Düzdür orada adi günlərdə 1 man, 20 qəpik kredit verirsə, bayram günləri 5 manata qədər kredit verir. Bu da əhali üçün yenim bir imkandır“. Müsahibimiz bildirdi ki, 2000-2001-ci illərdən şəbəkədə çalışır: “Elə zaman vardı ki, Lənkəran şəhərinə 2-3 saat elektrik enerjisi verilirdi. Lakin bu illər ərzində Azərenerjinin rəhbərliyinin gördüyü işlərin nəticəsində fəxrlə deyə bilərəm ki, respublikanın bütün ərazisində tam dayanıqlı 24 saat elektrik enerjisinin verilişi var ki, həmçinin Lənkəran haqda da bunu demək olar“.
Pərvin İsmayılova,
Bakı-Lənkəran-Bakı