Polşada müstəqilliyimizin 20 illiyi münasibətilə tədbirlər keçirilib

15:15 08.10.2011
Yazını böyüt
Yazını kiçilt
Azərbaycanın Polşa və Macarıstandakı səfirliklərinin birgə təşəbbüsü ilə Polşanın Torun şəhərində Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20 illiyi münasibətilə silsilə tədbirlər keçirilib. Səfirlər Həsən Həsənov və Vilayət Quliyev ölkənin ən böyük ali məktəblərindən biri olan Nikolay Kopernik Universitetində növbəti tədris ilinin başlanması ilə əlaqədar keçirilən mərasimdə və humanitar elmlər fakültəsinin yeni binasının təntənəli açılışında iştirak ediblər. Universitetin rektoru, professor Ancey Radziminski və universitet Senatının üzvləri ilə görüşdə təhsil və elm sahəsində iki ölkənin ali məktəb və elmi müəssisələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Torunda yerləşən “Adam Marşalek“ nəşriyyatında Azərbaycanın Polşadakı keçmiş səfiri Vilayət Quliyev tərəfindən hazırlanan və bu nəşriyyatda işıqüzü görən “Polşadakı Azərbaycan siyasi mühacirətinin irsindən“ kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə elmi ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər. Nəşriyyatın direktoru Adam Marşalek, Nikolay Kopernik Universitetinin rektoru, professor Ancey Radziminski, Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov, Kopernik Universitetinin tarix fakültəsinin dekanı, professor Poman Baker, sovet siyasi mühacirətinin tarixi üzrə tanınmış mütəxəssis, professor Emilian Vişka, Torun şəhər merinin müavini Zbiqnev Fidereviç, Litvanın Torundakı fəxri konsulu Tomas Barbikus və başqaları çıxış edərək mövzunun əhəmiyyətindən və müasir mərhələdə xalqları bir-birinə daha da yaxınlaşdırmaq üçün onların tarixlərinin müştərək məqamlarının öyrənilməsinin vacibliyindən söz açıblar.



Azad