Ağ, mavi və qara maskalar...

10:35 07.07.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Neçə aydır davam edən koronavirus pandemiyası dövründə dünyanın hər yerində, o cümlədən Azərbaycanda insanlar özlərini qormaq üçün fərqli üsullardan istifadə etməyə başlayıblar. Bunlardan birincisi və ən geniş yayılanı qoruyucu maskalardır. Amma maskaların çeşidləri o qədər çoxdur ki, zaman-zaman onlardan hansının daha keyfiyyətli olmasına dair müzakirələr yaranır. Əlbəttə, çeşidləri qiymətinə görə də fərqlənən maskaların əsasən insanı bu dəhşətli virusa yoluxmaqdan qoruması lazım olduğu halda, çox təəssüf ki, bir çoxları hələ də bahalı olduğuna görə keyfiyyətinin də yaxşı olduğunu düşünür və məhz bel bahalı maska alır. Əksəriyyət isə, Azərbaycanda da olduğu kimi, adi (Azərbacanda satılan 30 qəpiklik maskalar) qoruyucu maska almaqla özlərini mühafizə etməyə çalışır.

Bu yerdə qeyd edim ki, bir neçə gün öncə Hindistanda kiminsə qızıldan maska düzətdirməsinə dair məlumatlar gündəm olmuşdu. Xüsusi qoruyucu funksiyası olmayan qızıl maska sadəcə həmin hindlinin lovğalanmasına imkan verə bilər, gözəgörünməyən virus üçünsə qızılla adi bezin fərqi yoxdur...

Bəs hansı maskalardan istifadə etmək daha yaxşıdır? Suala cavab tapmadan öncə bir neçə gün əvvəl başıma gələnləri nəql edim: “İnşaatçılar” metrosunun yaxınlığında yerləşən aptekə girib, satıcıdan:

- Maska varmı, - soruşdum.

Gülərüz, bir neçə dəfə də bazarlıq etdiyim satıcı qız:

- Hə, var, amma ağ rəngdədir, - cavabını verdi.

- Heç olmamasından bu daha yaxşıdır, iki dənə verin, - dedim.

Aldığım maskalardan birini taxıb Bayıla – evə gəldim. Satıcı qızın rəng məsələsini niyə qabartdığını evdə maskanı üzümdən çıxaranda başa düşdüm – yol-rizdə, avtobusun içində nə qədər toz vardısa maskanın bəyaz çöhrəsindəydi.

Səhəri gün 20-ci Sahədəki apteklərdən birinə girib maska olub-olmadığını soruşdum, amma dünənki təcrübədən yararlanaraq satıcı qızın “var” cavabını yarımçıq kəsərək rəngini xəbər aldım. Hə, ən geniş yayılmış maskalardan vardı - mavi rəngdə. İkisini aldım və pulunu verərkən:

- Bu maskalar çox keyfiyyətsizdir, əl vurmamış ipləri qopur, - dedim.

Satıcı da haya bəndmiş kimi:

- Hə, alıcıların hamısı keyfiyyətdən narazıdır. Fabrikdən belə gəlir, apteklərin nə günahı var, amma alıcılar sözlərini ancaq bizə deyirlər, - üz-gözünü turşutdu. – İnanın ki, hər dəfə mal gələndə firmanın işçisinə çatdırırıq iradları, - əlavə etdi.

Gözüm qeyri-ixtiyari satıcı qızın ağzını gizlədən qara rəngli maskaya sataşdı. Həm rəngi, həm də tikiliş fərqi cəlb etdiyi üçün:

- Siz bu maskanı hardan almısınız, olsaydı mən də götürərdim, - dedim.

- Qara maskalar əladır. Bir az bahadır - 4 manata, amma noolsun, həm ani çirklənəndə hiss olunmur, həm də istər materialı, istərsə də virusdan mühafizə baxımından çox keyfiyyətlidir, - sanki reklam edirmiş kimi həvəslə tərifləməyə başladı.

- Neçə gün istifadə etmək olur bunu, axı deyirlər maska bir dəfə istifadə olundusa atmaq lazımdır! – dedim.

- Nə danışırsınız, qara maskalara aid deyil siz deyənlər, şəxsən mən bu maskanı - barmağı ilə üzünə işarə edir – 17 gündür istifadə edirəm. Günaşırı yuyub quruduram, görürsünüz, heç rəngi də solmur, - etiraz elədi.

- Elə isə sərfəlidir, hardan tapmaq olar sizcə?..

- Allah haqqı indi qalmayıb bizdə, amma sifariş vermişəm, bu günə - sabaha gəlməlidir. Vacib lazımdırsa, Əhmədli apteklərində var deyirlər, - gülümsədi.

Bir anlıq 20-ci Sahə ilə Əhmədli arasında məsafə beynimi qarışdırdı, xeyli uzaq gəldi deyəsən, aldığım iki mavi maskanı götürüb, qızla sağollaşaraq aptekdən çıxdım.

Şəhərin küçələrində istər-istəməz gözlərim fərqli maska gəzirdi. Qəribədir ki, polislərin əksəriyyəti qara maska taxmışdı, hə, bir də toz-torpaq işi ilə məşğul olan fəhlələr… Səbəb nə idi? Yasamal rayonunda təsadüfən rastlaşdığım, dayanacaqlardan birində yanımda dayanıb avtobus gözləyən, ağzına, az qala sürüşüb çənəsinə düşəcək qara maska keçirmiş oğlanla ayaqüstü bir-iki ağız söhbət elədim. Soruşdum ki, ağzındakı qara maskanı hardan alıb.

- Vallah mən almamışam, yoldaşım alıb hardansa. O birilərlə müqayisədə bahalıdır, amma az da olsa canımı qurtarır. Tikintidə fəhlə işləyirəm, gün boyu toz-torpaq işi ilə məşğulam, isti də ki, adamı yandırıb-yaxır, istər-istəməz üzümün tərini silirəm, - işləməkdən dərisi codlaşmış əlini göstərir, - açıq rəngli maskalar tab gətirmir. Ağ maska məndə on dəqiqə də qalmaz - qapqara olar, - güldü.

- Sizi başa düşmək çətin deyil, amma axı maska virusdan qorunmaq üçündür, ta sən düşündüyün kimi, görüntü məqsədli yox! – etiraz etdim.

- Ay rəhmətliyin oğlu, ilişən, cərimiləyən olmasın deyə taxıram bunu (maskaya işarə edir), Allah canı bir dəfə verib, gec-tez alacaq, heç nə olan deyil! - dedi.

Ona başa salmaq istədim ki, maskaya hopan toz, nə bilim hansısa mikrob-filan birbaşa nəfəsinə gedir, onu çirkli saxlamaq olmaz və sair. Nə cavab versə yaxşıdır, dedi ki, qorunan gözə çöp düşər, aydan yuxarıdır bu maska ağzındadır, heç bir şikayəti yoxdur. Əsas odur ki, həftədə iki dəfə yuduzdurur, olur təptəzə…

Avtobusa oturub evə yollandım. Yolboyu beynimi sızıldadan bir fikir vardı: məntiqlə qara rəng günəş şüasını maksimum özünə çəkir və birbaşa insanın nəfəs borusuna ötürür. Üstəlik, heç bir virustutma özəlliyi də yoxdur. Bunu tək mən yox, dünyanın ən samballı tibb alimləri deyir. İnsanı virusdan daha çox qoruya bilən adi, 30 qəpiklik maskaları qoyub, heç bir mənada sərfəliliyi olmayan, sadəcə kir-pası gizlədən qara maskalara 13 dəfə daha çox pul verib alan alıcılar görəsən nə düşünür? Bunu edən alıcılar ya çox savadsızdırlar, cahildirlər, ya da dəyəri 30 qəpik də etməyən, sadəcə qara rəngindən dolaysı maskaları 13 qat daha baha satan işbazların siyasəti güclüdür. Hər halda fakt faktlığında qalır.

                                                  Vüsal Tağıbəyli

P.S. Bir neçə gün öncə internet üzərindən həmsöhbət olduğum Dəclə Universiteti İnfeksion Xəstəliklər kafedrasının müdiri, professor Mustafa Kamal Çələn ilə elə bu mövzuda danışırdım. Professor deyirdi ki, çirki görünməsin deyə birdəfəlik olduğunu zənn edib qara maska almaqdansa adi cərrahi maskaları taxmaq daha məqsədəuyğundur. Çünki cərrahi maskalar virus və bakteriyalara qarşı etibarlıdır, qara maska isə ümumiyyətlə virusdan qorumur insanı. O deyirdi ki, qara maskalar adətən ekoloji şəraiti ağır olan iş yerlərində taxmaq üçün istifadə edilir və onların funksiyası havadakı tozun, hisin və ya bunun kimi digər tullantıların nəfəs borusuna düşməsinin qarşısını almaq məqsədi daşıyır...

Oxunma sayı 6521