Ağ libaslı mələk (hekayə)

21:38 30.07.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

(Hekayə həkim-terapevt Məlahət İsayevaya (Hümmətqızı) həsr olunur)

 

Ölkədə koronavirus təzəcə yayılmağa başlasa da, işlədiyim 11 saylı şəhər poliklinikasında TƏBİB tərəfindən ayrıca filtr kabineti təşkil olunmuşdu. Yoluxma ehtimalı olan pasiyentlər orada müayinə olunur, test üçün burun və udlaq yolundan yaxmalar götürülür, sonra da xüsusi şüşə qablarda təcili yardım maşını ilə taun mərkəzinə göndərilirdi. Mən də xüsusi skafandr geyimdə, ağzımda maska, gözlərimdə qoruyucu eynək, - lap kosmanavta oxşayırdım, - həmin  filtr otağında xəstələri qəbul edirdim.

Poliklinikamıza güclü axın başlamışdı. Azacıq özündən şübhələnən hər kəs müayinəyə gəlirdi. Bir səhər poliklinikaya bir-birinə mehriban hislərlə bağlı orta yaşlı cütlük gəldi. Kişinin adı İlham, xanımınkı isə Zülfiyyə idi. Hər ikisinin yüksək hərarəti vardı, üstəlik bəlğəmli öskürək... Burun və boğazlarından yaxma götürüb analizə göndərdim, özlərini də rentgen müayinəsindən keçirdim. Hər ikisində pnevmaniya aşkarlandı, müalicə yazıb evə yola saldım. Bir gün sonra cavablar gəldi: həm İlhamda, həm də Zülfiyyədə  koronavirus aşkarlanmışdı. Təcili yardımın köməyi ilə onları Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yerləşdirdik.

Aprel ayının əvvəlləri idi. TƏBİB-in çağırışına səs verib, könüllü olaraq Tədris Cərrahiyyə Klinikasında - 11-ci mərtəbədə işə başladım.

                      * * *

İlk iş günüm idi. Palataya keçib xəstələrlə salamlaşdım.

- Məlahət doktor...

Adımı eşidib, səsə sarı çevrildim. Allahın işinə bax: bir həftə əvvəl müayinə etdiyim Zülfiyyə idi. Üzümdə maska-eynək olsa da, səsimdən tanımışdı. İlham da yandakı çarpayıda uzanmışdı.

Onları görcək mən də sevindim. Axı həyat yolunda birlikdə addımlayan bü cütlüyü mən müalicə edəcəkdim. Şükür Allaha, müalicə uğurlu nəticələndi, əvvəl Zülfiyyə,  sonra isə İlham koronavirusdan sağaldı.

Heç yadımdan çıxmaz, Zülfiyyəni evə yazsaq da, getmədi, dedi İlhamsız xəstəxanadan bir addım da atmayacaq. Elə də etdi, bir an belə İlhamdan aralanmadı, gecə-gündüz yastığının dibini kəsdirib oturdu. O da sağalandan sonra birlikdə evə qayıtdılar.

Yeni yaşam tərzinə tez alışmışdım. Hər gün xüsusi uniforma, üstündən də hava keçirməyən ağ rəngli skafandr forma geyinirdim, üzümdə maska, plasmast eynək, əlimdə əlcək, ayaqqabımın üstündən, həm də başıma baxıl keçirirdim və beləcə, həyatla ölüm arasında can çəkişən insanların yanından ayrılmırdım. Hər dəfə xəstələrin solğun çöhrəsinə, kədərli gözlərinə baxıb, titrək səslərini eşitdikcə içimdə ağlayırdım, amma sarsıldığımı onlara hiss etdirmirdim, əksinə, hər birini ümidləndirirdim. Bəzən isə təəssüf ki, yaşaması üçün tibb elminin hələlik acizlik göstərdiyi xəstələrə “yaşayacaqsan”, “lap əlasan” deyib, təsəlli verməkdən başqa əlacım qalmırdı.  

Klinikamıza koronavirusa yoluxmuş bir xəstə gətirmişdilər, vəziyyəti çox ağır idi. Bir tərəfdən təzyiq, şəkər, digər tərəfdən virus onu haldan salmışdı. Gecə-gündüz başının üstündə keşik çəkirdik. Təzyiqini salanda şəkəri qalxırdı, şəkərini salanda təzyiqi. Əlimizdən gələni edirdik, amma o, irəli əvəzinə geri gedirdi...

Səhhəti çox ağırlaşdığı üçün başqa klinikaya köçürülməsinə qərar verildi. Yola salarkən ağladı:  

- Ölməyə gedirəm, - deyib çarəsiz halda üzümə baxdı.

- Elə deməyin, Nurəddin müəllim, inşallah sağalıb ailənizə dönəcəksiniz, - dilləndim.

İnanmadı. Deyəsən ürəyinə dammışdı, bilirdi getdiyi yoldan dönüş yoxdu, hıçqırıb ağladı. Üç gün sonra ölüm xəbərini eşitdik...

İşlədiyim 11-ci mərtəbədə yüngül və orta dərəcəli xəstələr müalicə olunurdu. Vəziyyəti ağır olanlar isə 3-cü mərtəbədəki reanimasiya şöbəsində yerləşdirilmişdilər. Bura ətraf mühütdən təcrüd olunmuşdu. Şöbənin elə ağır xofu vardı ki, sanki həyatla ölüm arasındakı boşluq idi. Sıralanmış çarpayılarda uzanan xəstələrin hamısı oksigen aparatına qoşulmuşdu. Baxmaq olmurdu, adamın ürəyi parçalanırdı.

Rəhmətə gedən xəstəyə ölüm epikrizi yazacaqdım. Ona görə də liftə minib 3-cü mərtəbəyə endim. Liftin qapısı açılanda qəfil gözlərim dəhlizdəki stolun üstündə üzübağlı uzadılmış meyitə dikildi. Həyəcandan bədənim əsdi. Bir yandan hava keçirməyəm skafandr, bir tərəfdən də alnımdan eynəyimin içinə axan tər məni elə darıxdırdı ki, gözlərim bərəldi.

Reanimasiya otağından çıxan həkim məni bu vəziyyətdə görüb:

- Otağa keçin, epikriz yazmalısınız, - dedi.

- İşiniz çox ağırdır. Hər gün yaşaması üçün əmək sərf etdiyiniz neçə insanın öldüyünü görürsünüz, buna tab gətirmək çətindir, - güclə eşidiləcək səslə dilləndim.

- Öyrənmişik, bəzən elə olur ki, tibb elmi ölümü dayandıra bilmir. Allah rəhmət eləsin, - həkim sakitcə başını yellədi.

Epikrizi yazıb otaqdan çıxdım, yorğunluqdan ayaqlarımı sürüyə-sürüyə liftə yaxınlaşdım.

Meyit hələ də oradaydı. Gözlərim anidən ona zilləndi. Üzü gözlərimdən getmirdi – əvvəl  bizim palatada yatırdı.

Lift 11-ci mərtəbəyə nə vaxt çatdı bilmirəm, onda gördüm ki, qapılar açıldı. Fikir-xəyal içində dəhlizə çıxdım. Sürətlə yayılan xəstəliyin zəhmi elə ağır idi ki... İmmuniteti güclü olanlar sağalır, zəif və yanaşı xəstəlikləri  olanlar isə  tab gətirməyib  həyatla vidalaşırdı. Dözmədim, qeyri-iradi hönkürdüm. 

Bir yandan da həkim yoldaşlarımın, bir dəqiqə belə nəfəs dərməyən tibb bacılarının əziyyətinə yanırdım. Gecə-gündüz yanlarındaydıq, tək dərman vermirdik, ruhdan düşməsinlər deyə, həm də mənəvi dəstək olurduq. Amma bəzən çəkilən zəhmət fayda vermirdi, həyata qaytarmaq istədiyimiz insanları üzübağlı şəkildə son mənzilinə yola salırdıq...

İyunun son günü idi. Həkimdən gecə növbəsini təhvil alıb, sakitcə palataları gəzməyə başladım. Xəstələrin çoxu yatmışdı. Səhərədək iki-üç dəfə palatalara girib ağır xəstələrə baş çəkdim.

Gecə saat üç olardı. Palatadakı ən yaşlı xəstənin – onun 85 yaşı vardı - çarpayısına yaxınlaşdım. O yaşda xəstələr üçün koronavirus çox təhlükəli olduğundan, onları gözdən kənar qoymurduq.

Körpə uşaq kimi ayaqlarını qarnına yığıb yatmışdı. Ədyalı sürüşüb düşmüşdü, çəkib üstünü örtdüm. Sonra nəfəs almasına diqqət yetirdim. Çünki hər hansı narahatlığı olsaydı nəfəs almasından biləcəkdim. Qorxulu heç nə olmadığını görüb geri döndüm, palatadan çıxmaq istədikdə:

- Həkim, gəlmisən, - gözüyumulu soruşdu.

Qulaqlarıma inanmadım, axı yatmışdı...

- Hə, gəlmişəm, deyəsən gözləmisiz, - gülümsədim.

- Hə, gözlədim...

- Narahat olmayın, buradayam, rahat yatın, - könlünü almağa başladım. - Biz həkimlər nə üçün varıq, Allah qoysa tezliklə evinizə qayıdacaqsınız, - dedim.

Bilirdim ki, xəstəyə bu cür ümid vermək müsbət təsir edir. Yanılmamışdım. Bu sözlərimdən sonra daha danışmadı və bir-iki dəqiqə sonra yuxuya getdi.

Beləcə günlər ötdü, xəstənin vəziyyəti yaxşılaşırdı. Nəhayət, bir səhər ondan götürülmüş analizin nəticəsi mənfi çıxdı. Bir Allah bilir necə sevinirdik, onu əziz , doğmamız  kimi evinə yola saldıq...

Hə, bir xəstəmiz də vardı - Nüşabə xanım. İki həftə əvvəl ağ ciyərin iki tərəfli pnevmaniyası, buzlu şüşə diaqnozu ilə gətirilmişdi. Müalicəsinə başladıq, qısa vaxtda hərarətini saldıq. Vəziyyəti get-gedə yaxşılaşsa da, tənəffüsü normallaşmırdı, əksinə, daha da çətinləşirdi, hətta boğulurdu. Oksigen verdik,  xeyri olmadı, qəfildən tənəffüs çatışmazlığı baş verdi və cəld reanimasiya şöbəsinə köçürdük.

Elə yaxşı qadın idi ki. Gəldiyi gündən xoş xasiyyəti ilə özünü hamıya sevdirmişdi. Ona görə də hamımız sarsılmışdıq. Amma ümidimiz də itməmişdi, Nüşabə xanımın sağ-salamat palataya qayıdacağına inanırdıq. Budur, bir səhər özündən əvvəl şad xəbəri gəldi – onu palataya köçürürdülər. Çəkdiyimiz zəhmətin və Allahın möcüzəsi sayəsində Nüşabə xanım koronavirusu yenmişdi.

Amma həmişə istədiyimiz kimi olmurdu. Bir əhvalat danışım: virus yoluxmuş xəstələrimizdən biri də qan xərçəngi – leykoz idi. Ona qan köçürdürdük, amma yaxşılaşmırdı. Bilirdik ki, cavan olsa da, xəstəliyi çox amansızdır, bütün cəhdlərimiz əbəsdir. Odur ki, başqa klinikaya köçürmək qərarına gəldik. Onu arabada təcili yardım maşınına aparanda, həyəcanla üzümə baxdı:

- Doktor, mən yaşayacağam? – soruşdu.

Səsi titrədi. Qəhərdən boğulduğunu görməyim deyə üzünü yana çevirdi.

- Hə, əlbəttə, hələ uşaqlarının toyunu da görəcəksən, - dedim.

Yeganə ümid yeri olduğum üçün o andaca inandı. Arabadan qalxıb sakitcə maşına oturdu. Son dəfə sağollaşıb, maşının qapısını örtdüm.

…Qapının şappıltısı sanki solaxay sillə kimi sifətimə çırpıldı. Üzüm alışıb yandı. Özümdən asılı olmayaraq əlimi yanaqlarıma çəkdim. İlahi, xəstənin gözlərinə baxa-baxa yalan danışmaq necə də çətinmiş...

 Üç gün sonra qardaşı bizə onun ölüm xəbərini verdi.. 

                           * * *

Gecələrin yuxusuzluğu, yorğunluğu, hava keçirməyən skafandr geyimdə 8 saatlıq gərgin iş rejimi, saçımın dibindən kürəyimə süzülən soyuq tər yavaş-yavaş səhhətimdə özünü göstərirdi. Əynimdəki paltarlar suya dönmüşdü. Canımı dişimə sıxıb, tir-tir titrəyirdim.

Avtobus bizi qaldığımız, koronavirusla mübarizəyə cəlb edilmiş 700 qəhrəman tibb işçisi üçün ayrılmış otelə gətirdi. Üst qatdakı otağıma qalxıb, əynimi dəyişib, yemək yemədən yerimə uzandım və gözümü yummağımla yuxuya getməyim bir oldu.

Nə qədər yatdım, bilmirəm, pəncərədən süzülən gün işığına oyandım. Elə evimizdə olmaq istəyirdim ki... Aylardır istisini duymadığım evim, ailəm, ürəyimin parçaları olan oğul balalarım üçün darıxdım. Amma yox, hələ yüzlərlə xəstəyə lazımam. Bir anlıq qulaqlarımda yaşamaq üçün ölüm-dirim mübarizəsi aparan insanların fəryadı qopdu. Dayana bilmədim, əllərimlə üzümü qapayıb hıçqırdım.

Qalxıb pəncərəyə yaxınlaşdım. Qarşıda dənizkənarı bulvarın gözəl mənzərəsi canlanırdı. Amma təəsssüf ki, dünənədək adamların aşıb-daşdığı bulvarda kimsə gözə dəymirdi. Hətta tez-tez kükrəyib şahə qalxan Xəzər də sahilində gəzişən insanların səsinə qəribsəyib, lal olmuşdu…

                                                  Vüsal Tağıbəyli

Hekayə “Nar” və TƏBİB-in birlikdə keçirdikləri müsabiqəyə təqdim edilir

Oxunma sayı 28097