Ağcabədidə top mərmisi aşkar edilib - FOTO

23:07 13.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağcabədidə top mərmisi aşkar edilib.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) hafta.az-a verilən məlumata görə, oktyabrın 13-ü saat 18:02-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağcabədi rayonu, Haramı düzü ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə Haramı düzünün Yeni Qaradolaq kəndinə düşən hissəsində əkin sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 125 mm-lik top mərmisi (OF-26) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 50 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 13 oktyabr 2019-cu il tarixlərində 200 siqnal (əməliyyat çağırışı) əsasında 173 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Xocavənd, Kürdəmir, Qazax, Quba, Lənkəran, Salyan, Samux, Şamaxı, Şəmkir, Tərtər, Tovuz, Ucar, Yevlax, Zaqatala rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Şəki, Yevlax, Lənkəran, Naftalan şəhərləri ərazisində 12 ev və həyətyanı sahəyə, təmas xəttinə, əkin və otlaq sahəsinə, yol kənarına, dəmiryolunun yaxınlığına, daş karxanasına, dəniz sahilinə, məişət tullantıları ərazisinə, su kanalına, məktəbin həyətinə baxış keçirilib, 1 894 ədəd partlamamış hərbi sursat (PHS), 28 716 ədəd müxtəlif çaplı patron, 12 ədəd piyada əleyhinə mina, 22 ədəd tank əleyhinə mina və 35 ədəd tank əleyhinə təlim məqsədli mina zərərsizləşdirilib, 161 240 kv.m ərazi yerüstü və 12 527 kv.m ərazi yeraltı yoxlanılıb.