Ağdamlı günlərimiz

19:04 24.07.2019
Yazını böyüt
Yazını kiçilt

Ağdam! Qarabağın toy otağısan 

Bülbüllər sayrışan gül yatağısan 

Həmişə baharın gülşən çağısan...

Vaxtilə Ağdamın şən, çal-çağırlı günlərində könül oxşayan bu misralar indi nisgilli ürəkləri kövrəldir, çal-çağırlı, toy-büsatlı xəyalları canlandırır. Qarabağın ürəyi idi bu gözəl məkan. Bir zamanlar Dədə Ələsgər bu torpağı belə vəsf edirdi:

Var olsun Qarabağ, əcəb səfadır:

Başa Xaçın axar, ayağa Qarqar. 

Bəli, sinəsinə Xaçını, Kötəli axan, ətəyindən Qarqarın dəli selləri, coşub-daşan, məcrasına sığmayan suları qıj-qıj qıjıldayaraq torpağını cana gətirən, sərin mehi laləli düzlərinə daraq çəkən, sığal verən axarlı-baxarlı Ağdam!

Dağları, dərələri, meşələri göz oxşayan, bərəkətli torpağında min bar yetirən doğma məkan. Artıq neçə ildir ki, Qarqarın da, Xaçının da nəğməli suları susub bizlər üçün. Didərginləri  köç edən ağır-ağır ellərinin karvanı nə vaxt qayıdacaq görəsən? Bu həsrət nə zaman sona yetəcək. 

Doğma Ağdamımız öz tanınmış şəxsiyyətləri- sənətkarları, alimləri, qəhrəmanları, müdrikləri ilə tarixdə iz qoyub .

Bu torpaq Azərbaycana Xudu Məmmədov, Şükufə  Mirzəyeva kimi alimləri, Aşıq Valeh, Aşıq Səməd, Aşıq Xaspolad kimi ustad aşıqları, Sara Qədimova, Səxavət Məmmədov, Şahmalı Kürdoğlu kimi sənətkarları bəxş edib. 

Ağdamın igid oğulları düşmənə qarşı şir kimi döyüşüb. Bu gün Ağdamın bir hissəsinin yüksəlişi bizə təsəlli olsa belə, diyar-diyar səpələnmiş ellərimizin qurub-yaratdıqlarını, böyük uğurlar qazandığını görüb səvinsək də, hamımızın qəlbində bir Ağdam nisgili, əsir torpaqlarımıza, doğma od-ocaqlarımıza qovuşmaq həsrəti var.

Didərginlərin sənin həsrətinlə, ürəyi sənə qovuşmaq istəyilə yaşayaraq, yaradaraq son nəfəsinədək sənli günlərinin bəxtiyarlığının xəyalını yaşayır. Vətən yaraları sağalıncayadək bunlar davam edəcək.

Azərbaycana - Qarabağa ilk hücuma üsyan edən Əlinin, Bəxtiyarın Vətən sevgisi, Qəhrəman oğullarının ömürlərə örnək olan şücaətləri dillərdə dastandır. 

Şirin Mirzəyev, Asif Məhərrəmov, Canpolad Rzayev, Natiq Əhmədov,  Fazil Mehdiyev, Məmməd Zeynalov, Raquf Orucov kimi oğulların qəhrəmanlığın  dillərdə dastandır. 

Ağdamın 1993 - cü ilin iyul gününün - bu qanlı tarixin anım günündə Ağdam sevərlər Şəhidlər Xiyabanının izdihamına qovuşur. Lakin xalqın bir an belə yaddaşından silinməyən Ağdam həmişə bizimlədir. Ağdamın toyu da, bayramı da, kədəri də, sevinci də ağdamlıların ürəyində kök salıb. El məclislərində nənələrimiz oxşamalar deyir:

Ağdamın yolu pərvan,

Torpağı gözə dərman.

Ağdamdan məktub gəlib: 

Yarı dərd, yarı dərman.

İnanırıq ki, tezliklə Vətən torpağı düşmən tapdağından azad ediləcək, lalə düzləri, qızılgüllü, bənövşəli, nərgizli çəmənləri üçün qubar edən könüllərin harayına, soydaşlarımızın həsrətinə son qoyulacaq. İgidlərin nallarından od qopan köhlənləri Qarabağ düzlərində cıdır-cığır açacaq. Ər oğullar, nər oğullar düşmənə qan uddurub, qan qusduracaq. Biz bu günün gerçəkliyinə inanırıq.

 

Quliyeva Azadə Əliağa qızı    

33 saylı Ağdam köçkün məktəbinin Azərbaycan

dili və Ədəbiyyat müəllimi