Türkiyə hərbi sahədə İsraili əvəzləyə bilərmi?

15:15 08.10.2011
Yazını böyüt
Yazını kiçilt

Ekspertlər bu prosesin artıq başlandığını bildirirlər

Türkiyənin müdafiə sənayesi sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələrindən ibarət heyət artıq Bakıda səfərdir. Səfərdə məqsəd qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə etməkdir. Türkiyə Müdafiə Sənayesi Katibliyinin nümayəndəsinin rəhbərlik etdiyi heyətdə Türkiyənin ASELSAN, “Ares Shipyard“, “Yüksel Savunma“, “Ekin Technology“, TAİ şirkətlərinin nümayəndələri təmsil olunur.
Səfər çərçivəsində müxtəlif hərbi qurumlarla görüşlərin keçirilməsi, əməkdaşlıq imkanlarının müzakirə olunması planlaşdırılır. Görüşlərdə, həmçinin, Türkiyə şirkətləri tərəfindən Azərbaycan qurumları üçün yeni texnika və silah sistemlərinin təqdimatı keçiriləcək. Ankara Azərbaycanın “Altay“ tank, ATAK helikopter, iriçaplı döyüş sursatları, artilleriya silahları, gəmiqayırma, müxtəlif silah sistemlərinin birgə istehsalı, həmçinin Modern Piyada Tüfəngi layihələrində iştirakını istəyir.
Onu da deyək ki, Türkiyənin milli müdafiə naziri İsmət Yılmazın başçılıq etdiyi nümayəndə heyətinin gələn həftə Azərbaycana səfəri planlaşdırılır. Nümayəndə heyəti Bakıya oktyabrın 12-də gələcək. Səfər çərçivəsində nazir İ. Yılmazın Azərbaycanın müdafiə naziri Səfər Əbiyev, müdafiə sənayesi naziri Yavər Camalov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, həmçinin digər hərbi qurumların rəhbərləri ilə görüşləri nəzərdə tutulur. Görüşlərdə ölkələr arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın mövcud vəziyyəti və genişləndirilməsi imkanları, həmçinin Azərbaycan tərəfinin Türkiyənin müdafiə sənayesində həyata keçirilən bir sıra böyük layihələrdə iştirakı məsələləri müzakirə olunacaq.
Türkiyə hərbçilərinin bu istiqamətdə atdığı addımlar maraq doğurur. Bəllidir ki, Azərbaycan İsraildən əsasən ən yeni silahlar alır və ya birgə istehsalını gerçəkləşdirir. Belə olan təqdirdə Bakı, Ankara ilə münasibətləri korlanmış Tel-Əvivlə münasibətlərini hətta soyutması belə əlverişli görünmür. O zaman
belə rəy yaranır ki, Türkiyə Azərbaycanın İsraillə yox, Ankara ilə əməkdaşlıq etməsini istəyir və Bakıya silah-sursat məsələsində daha əlverişli şərtlər təklif edir ki, Bakının Tel-Əvivlə münasibətlərinə yenidən baxması üçün səbəbi qalmasın. Maraqlıdır, bəs Türkiyə bu sahədə yeni texnologiyaya malik İsraili əvəz edə bilərmi?
Türkiyədə yaşayan siyasi ekspert Vurğun Həsənli diqqətə çatdırdı ki, qardaş ölkə artıq son zamanlar inkişaf edən Çin və Hindistandan sonra 3-cü güc olmağa namizəddir: “Onun üçün ilk öncə bölgədəki güc olan İsraili “yox“ eləməlidir. İsrailin ərəb dünyasında nüfuzu olduqca güclü idi. Türkiyə ilk öncə o nüfuzu yerlə-yeksan elədi. Bundan sonrakı mərhələlərdə isə İsraillə əlaqəsi olan ölkələrin əlaqələrini yenidən tənzimləmələri üçün müvafiq addımlar atacaq. Bu da o zəmində dəyərləndirilə bilər“.
Ehtiyatda və İstefada olan Zabitlər Birliyinin sədri Yaşar Cəfərli isə bildirdi ki, Azərbaycan İsraillə həyata keçirdiyi layihələri Türkiyə ilə də həyata keçirə bilər: “Texniki imkanlar və hərbi siyasi iradə nöqteyi-nəzərindən burada heç bir problem yoxdur“.
Hərbi-ekspert Üzeyir Cəfərli isə vurğuladı ki, Türkiyə hərbi sahədə Azərbaycan üçün heç vaxt İsraili əvəzləyə bilməz. Onun sözlərinə görə, Türkiyənin müdafiə naziri oktyabrın 12-də Azərbaycana gələcək: “Yəqin ki, bu sahə ilə bağlı müzakirələr aparılacaq. Azərbaycan həm İsrail, həm də Türkiyə ilə əməkdaşlıq edir. İsraillə hərbi əməkdaşlıq zəruridir. Amma son zamanlar Türkiyənin İsraillə yaşadığı gərginlik var. Düzdür, Azərbaycan Ziyafət Əsgərovun dilindən Türkiyəyə dəstək mesajı verib. Amma müəyyən mənada Türkiyə İsrail arasında olan gərginlik Azərbaycanı çətin duruma salıb. Ona görə də tələsmədən bu prosesdən düzgün qərar çıxarmaq lazımdır“.
Əli Zülfüqaroğlu