Ailələrdə zorakılıq halları

14:36 16.01.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Statistik məlumatlara əsasən, Azərbaycanda 2019-cu il ərzində məişət zorakılığı ilə bağlı 1308 cinayət törədilib. Bu cinayətlər üzrə 1358 nəfər zərərçəkmiş şəxs qismində tanınıb, onlardan 1038 nəfəri qadın, o cümlədən 1 nəfəri hamilə qadın, 12 nəfəri isə yetkinlik yaşına çatmayan qadın olub.

“Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı”nda əks olunanlara görə, Azərbaycanda ailə münasibətlərinin və onların doğurduğu ağır fəsadların vaxtında qarşısının alınması üçün təcili, təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zəruridir. Sənəddə qeyd edilir ki, həmin istiqamətdə bir sıra boşluqlar daha qabarıq formada üzə çıxır. Bunlar aşağıdakılardır:

- Ölkədə dövlət sığınacaqlarının olmaması səbəbindən Dövlət Komitəsinə müraciət edən məişət zorakılığına məruz qalmış və həyatı təhlükədə olan qadınların və uşaqların təhlükəsiz yerə yerləşdirilməsində çətinliklər yaranır. Hazırda istisnasız olaraq bu xidmətin göstərilməsi qeyri-hökumət sığınacaqlarının ixtiyarına buraxılıb.

- Qanunvericilikdə məişət zorakılığından zərər çəkmiş şəxslər üçün dövlət və qeyri-dövlət yardım mərkəzlərinin yaradılması nəzərdə tutulub. Hazırda 10 akkreditasiyadan keçmiş qeyri-hökumət yardım mərkəzindən yalnız ikisi davamlı olaraq fəaliyyət göstərir və bu da ehtiyacları ödəmir.

- Sosial cəhətdən riskli vəziyyətdə olan ailələrin müdafiəsi və hüquqlarının bərpası üçün təxirəsalınmaz, operativ, yerli ehtiyaclara uyğun və əlçatan sosial xidmətləri təmin edən sığınacaqların, yardım mərkəzlərinin, qaynar xəttin olmaması, qurumlararası əlaqələndirmənin zəifliyi vəziyyəti çətinləşdirir.

Yeri gəlmişkən, son bir ildə koronavirus pandemiyasının meydana çıxması nəticəsində zorakılıq təhlükəsi xeyli artıb ki, bu da bütün dünyada hüquq müdafiəçilərini və fəalları ciddi şəkildə narahat edir. Belə ki, karantin elan ediləndən sonrakı bir həftə ərzində dünyada, eləcə də Avropa ölkələrində zorakılıq hallarının 30 faiz artdığı müəyyən edilib. "Human Rights Watсh"ın hesabatına görə, Çində karantin elan edildikdən sonra ailə zorakılığın artması müşahidə olunub. Krizis, karantın -- artmış stress, çətin yaşayış şəraiti, habelə ictimai institutlarının daha az əlçatan olması – ailə məişət zorakılığına effektini göstərib.Fəalların yerli mediaya verdiyi məlumata görə, koronavirus pandemiyasının başlandığı ilk məkan-- Hubey vilayətində ailədə təcavüzlərin sayı keçən ilin fevral ayı ilə müqaisədə 47-dən 162-yə qalxıb. Kataloniyadakı regional hakimiyyətin məlumatına görə, karantinin ilk günlərindən zorakılıq qurbanlarına dəstək olan xətlərə zənglər 20 faiz artıb. Kiprdə isə qaynar xətlərə olan zənglərin sayı 30 faiz çox olub. Fransada, həmçinin, karantinin iki həftəsində məişət zorakılığı 30 faiz, Böyük Britaniyada qaynar xəttə daxil olan zənglərin sayı 8 dəfəyədək artıb.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən "Təmiz dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyib ki, Azərbaycanda qadınlara qarşı zorakılıq əsasən iki gender amilinə əsaslanır: “Bunlar məişət və insan alveri ilə bağlıdır. Bu sahədə fəaliyyət gender bərabərliyi, insan alverinə qarşı mübarizə və məişət zorakılığına qarşı mübarizə haqqında qanunlarla tənzimlənir. İnsan alverinə qarşı mübarizə haqqında qanun az-çox icra olunur, digər iki qanunun həyata keçirilməsi üçün hələ lazımi mexanizmlər işlənib hazırlanmayıb. Amma məişət zorakılığına qarşı mübarizədə də müsbət dəyişikliklər hiss olunur. Belə ki, polisin qurbanlara qarşı münasibəti dəyişib, indi onları dinləyirlər, zorakılıq faktlarını qeydə alırlar, qadınları ekspertizaya göndərirlər. Hər il təxminən 2-3 min məişət zorakılığı hadisəsi qeydə alınır, amma real say daha da çoxdur. Adətən, statistikaya qurbanların xəstəxanaya düşdüyü, ekspertizaya göndərildiyi ağır hallar düşür. Problemin həllinə cəmiyyətdəki stereotip də mane olur, çoxları münaqişələrə müdaxilə etməməyə üstünlük verir, qonşular məişət zorakılığı haqqında məlumat vermirlər. İnsan alverinə gəlincə, ən çox cinsi istismarla bağlı problemlər var. Əmək istismarı, əməyə məcburetmə ilə bağlı problemlər əvvəlki dövrlərlə müqayisədə azalıb”.

Ekspert vurğulayıb ki, məişət zorakılığı zəminində ağır vəziyyətə düşmələri çox vaxt qadınları insan alverinin də qurbanına çevirir: “Məişət zorakılığından əziyyət çəkən qadın müdafiəsiz qalır. Reabilitasiya mərkəzlərinin sayı azdır, onları valideyn evinə qəbul etmirlər və taleyin ümidinə qalan qadınlar cinayət qurbanına çevrilirlər. Buna qadınların müvafiq mərkəzlərdən yardım almaq imkanları haqqında hüquqi məlumatlarının olmaması da şərait yaradır. Eyni zamanda, qurbanların reabilitasiya mərkəzlərinin sayını artırmaq və onların coğrafiyasını genişləndirmək yaxşı olardı”.

Məsələyə münasibət bildirən sosioloq Əhməd Qəşəmoğlu isə hesab edir ki, problemin kökündə dayanan əsas məqam ailələrdəki gərginliklə bağlıdır: “Sizə deyim ki, Azərbaycan ailəsi heç bir vaxt tarixdə belə bir gərgin vəziyyətdə olmayıb. Tarix boyu stereotiplər və normalar var idi. Evlənənlər ailədə kişinin və qadının borcunun nə olduğunu bilirdilər və bunu bir norma kimi qəbul edirdilər. Ailə qurandan sonra da yüz illər boyu formalaşmış normanı yerinə yetirirlər. İctimai qınaq və rəy də buna nəzarət edirdi. Yəni, kişi normal hərəkət etməyəndə el qınağına məruz qalırdı. İnsanların beynində hazır bir model var idi. Əvvəllər ailələrdə indikindən fərqli olaraq isti münasibət var idi. Düzdür, o dövrdə də xoşagəlməz hallar olub, amma bu qədər olmayıb. Son onillikdə cəmiyyətdə xaotik vəziyyət yarandı, qloballaşma sürətləndi və bununla da cəmiyyət mürəkkəbləşdi. Cəmiyyət mürəkəb olanda isə ailə normaları pozulur. İndiki evlənən cütlüklərlə əvvəlkilərin ailə haqqında təsəvvürləri eyni deyil”.

Onun sözlərinə görə, insanın davranışına təsir edən 4 mühüm amil var: “Birincisi insanın öz daxili aləmi, ikinci mühit, üçüncü aldığı informasiyalar və dördüncü isə üstünlük verdiyi dəyərlərdir. Əvvəl ailəni möhkəm saxlayan amil mənəvi dəyərlərə üstünlük verilməsi idi, artıq bu gün mənəvi dəyərlər arxa plana keçib. Öndə olan isə maddi dəyərlərdir. Bu ailələrə çox böyük zərbə vurdu. İkinci tərəfdən isə insanlar müxtəlif informasiyalar aldılar. Teleseriallar, sosial şəbəkələr və mühit buna təsir göstərdi. Evlərdə qarşıdırma yarananda qadınlar sözləri ilə həyat yoldaşlarına təsir edirlər. Kişinin gücü isə qolundadır və fiziki gücündən istifadə edir. Nəticədə belə hallar baş verir. Bununla bağlı təklif edərdim ki, sosial işçilərin sayı artırılsın. Hər ərazidə sahə üzrə polis işçiləri olduğu kimi sosial işçilər də olsun. Çünki onlar ailələrlə maraqlanıb vaxtında bəzi şeylərin qarşısını ala bilərlər. İndiki dövrdə cəmiyyətdə stress halı xeyli artıb. Bu halda olan insanlar üçün xeyli sayda psixoloji yardım mərkəzləri olmalıdır. Xaricdə bu çoxdur. Bizdə əhali psixoloji yardım mərkəzinə getməyə qorxur. Bu istiqamətdə ciddi boşluqlar mövduddur”.

Məsələnin psixoloji tərəflərinə toxunan psixoloq Elnur Rüstəmov isə bildirib ki, məişət zorakılığının kökündə dərin psixoloji səbəblər mövcuddur: “Zorakılıqla bağlı məsələlərin həllində intellektual səviyyə, dünyagörüşü, tərəflərin bir-birilə həm ruhi, həm də fiziki cəhətdən uyğunluğu və s. bu kimi hallar böyük rol oynayır, ancaq demək olmaz ki, müəllimlər, pedaqoji təhsili olanlar və s. insanlar zorakılıq törətmir. Məişət zorakılığının səbəbləri psixoloji problemlərdən də qaynaqlana bilər. Məsələn, ailə daxilində zorakılıq tətbiq edən şəxs şiddətə meyilli və ya emosional davamsız şəxsiyyət ola bilər. Bizim üçün önəmli olan bu cür halların minimuma endirilməsidir. Əgər bu problemlərin məsuliyyətini bütünlüklə təhsilsiz ailələrin üzərinə atsaq, heç bir nəticə ala bilmərik. Psixologiyada zorakılığın məişət, fiziki, iqtisadi, ruhi zorakılıq kimi növləri var. Bir ailədə məişət zorakılığı varsa, onlar bunu aradan qaldırmaq üçün addım atmalıdırlar. Bizə müraciət edən, zorakılığa və şiddətə meyilli insanların bəziləri deyirlər ki, bu, bizdən asılı deyil. Həmin anda özümüzü idarə edə bilmirik. Maraqlısı budur ki, adətən belə insanlar sonradan üzr də istəyirlər. Belə şəxslər vaxtında yardım almadığı təqdirdə sabah hansısa insanın həyatına son qoya bilərlər”.

Bu yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi əsasında hazırlanıb.

Oxunma sayı 308