Ali məktəblərdə vəsait çatışmazlığı - Problem

13:56 18.09.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Bu gün ölkəmizdə sayı günü-gündən artan ali təhsil müəssisələrimiz var. Müasir labaratoriyalar, yenilənən elmi-texniki baza imkan verir ki, təhsil alan tələbələrin gələcək həyatı daha işıqlı olsun. Həmçinin bu təhsil müəssisələrində işləyən alimlərimizin sayı da kifayət qədərdir. Elmi dərəcəli müəllimlər tələbələrin işinin daha rahatlaşması üçün metodiki vəsaitlər də çap etdirib, tələbələrin ixtiyarına verirlər...

Lakin hər nə qədər geniş, işıqlı aiditoriyalar, müəllim – professor heyəti olsa da bu gün ali məktəblərimizdə dərs vəsaitlərin qıtlığı yaşanır. Universitet tələbələri də deyirlər ki, bəzən bizə lazım olan mövzular üzrə vəsait əldə edə bilmirik.

Maraqlıdır, bu gün həqiqətən universitetlərdə bu kimi problem varmı?

Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitənin sədri İsa Həbibbəyli mətbuata açıqlamasında bildirib ki, hazırda ali məktəblərdə dərsliklərin yaradılması istiqamətində fəallıq müşahidə olunmur: “Xüsusən tətbiqi, dəqiq və təbiət elmləri sahəsində hələ də tərcümə olunan dərsliklərdən istifadə edilir. Bəzən də tərcümə edilmiş bu dərsliklər köhnəlmiş olur. Ona görə də ali məktəb dərsliklərinin hazırlanmasına diqqət yönəltmək aktual məsələdir”.

İ.Həbibbəyli deyib ki, dərslik problemi ali məktəblərin həm bakalavr, həm də magistratura pillələri üçün mövcuddur: “Bakalavr pilləsi üçün dərsliklərin yenilənməsinə ehtiyac olsa da, ortada bir baza var. Magistratura üçün isə dərsliklərin yaradılması prosesi çox ləng gedir. Bəzən magistraturada müəyyən olunmuş fənlər üçün elə bakalavrda keçirilən dərsliklər tətbiq olunur. Hətta magistraturanın tədris proqramının özü yenilənməlidir. Magistraturanın tədris proqramları bakalavrdan az fərqlənir. Müəllimlər də deyirlər ki, bakalavrda keçdikləri fənləri magistraturada dərinləşmiş şəkildə keçirlər”.

Komitə sədri bu problem barədə Təhsil Nazirliyinin də məlumatlı olduğunu nəzərə çatdırıb: “Bir neçə ay əvvəl Bakı Dövlət Universitetində keçirilən iclasda Təhsil naziri Ceyhun Bayramovun təklifi ilə magistratura üçün dərsliklərin hazırlanmasının təhsilin prioritet istiqamətlərdən biri kimi qəbul edilməsi təklif olundu. Hesab edirəm ki, bu ildən bu istiqamətdə tərpəniş, irəliləyiş hiss olunacaq”.

Mövzu ilə bağlı hafta.az-ın sualını cavablandıran təhsil eksperti Kamran Əsədov dedi ki, ilk növbədə qeyd edim ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra, təhsil haqqında qanunun qəbulu çox gecikdi, yəni 2009-cu ildə qəbul olundu:

“ Bu "Ümumi təhsil haqqında" qanun idi. Amma təhsilin müxtəlif pillələri haqqında ayrıca qanun layihəsinə ciddi ehtiyac var idi. Bunlara "Məktəbəqədər təhsil haqqında" qanun, "Peşə təhsili haqqında" qanun və yekunda "Ali təhsil haqqında" qanun aiddir. Əvvəl qeyd etdiyimiz pillələr haqqında qanun layihəsi qəbul edildi. "Ali təhsil haqqında" qanuna da çox ciddi ehtiyac var. Ali təhsilin idarə olunması, vəzifələri, hüquqları və s. - bunlar hamısı ümumi əsasda qanunvericilikdə göstərilib. Eyni zamanda, idarə etməsinin demokratikliyindən tutmuş, prinsipial məsələlərdə belə çox ciddi boşluqlar var. Təhsil sənədlərinin verilməsi, təhsil sənədlərinin müddəti kimi məsələləri bu qanun tənzimləməlidir. Ona görə ki, vahid qanunvericilik yoxdur və hər biri ayrıca fəaliyyət göstərir. Məhz ona görədir ki, Azərbaycan universitetləri dünya reytinqində yoxdur. Onların maddi-texniki bazası dövrün tələblərinə cavab vermir. Konkret rəqəmlərə baxaq: bu gün ölkəmizdə 164 min tələbə təhsil alır, 4 ildən sonra onların yalnız 42%-i işlə təmin oluna bilir. Qalanlar isə qeyri-ixtisas sahələrində işləyirlər və yaxud da işsiz qalırlar. Çünki onlar istehsalatın və ya əmək bazarının tələblərinə uyğun kadr hazırlaya bilmirlər. Bizdə elə ixtisaslar var ki, onlar ölü ixtisaslardır. Elə kafedralar var ki, mənasız yerə bölüşdürüblər. Bu dediyim hallar bütün universitetlərdə var. Təsəvvür edin ki, dünya artıq nanotexnologiyaya keçib. Biz hələ yarımkeçiricilərdən danşırıq. Universitetlər bu əlavə, mənasız fakültələrlə, ixtisaslarla öz xərclərini artırırlar. Düşünün ki, universitetlərdə iki tarix kafedrası var: Biri təbiət, biri humanitar ixtisaslar üzrə. Bu nəyə lazımdır axı? Ona görə də bu qanuna çox ehtiyac var. Onlar hazırladıqları kadrların əmək bazarında onlara ehtiyac olub-olmadığı bilməlidirlər. Çox uzağa getmədən belə bir misal gətirim. Türkiyədə 3 qurum yanaşı oturur. Yəni, Əmək və Sosial Müdafiə Nazirliyi, Təhsil Nazirliyi və universitet. Sosial Müdafiə Nazirliyi sifariş verir ki, mənə bu bilik və bacarıqlara malik kadr hazırla, Təhsil Nazirliyi də bunun planını hazırlayır və universitetlərə göndərir ki, siz buna uyğun kadr hazırlaya bilərsiz, ya yox. Hansı universitet bu kadrları hazırlaya bilirsə, dövlət plan yerlərini onlara ayırır. Bizdə isə bütün universitetlər eyni ixtisaslardan kadr hazırlayırlar. Universitetin istiqamətinə uyğun olmasa da, kadr hazırlayır. Buna nə ehtiyac var? Hazırlamaq deyəndə ki, qəbul aparırlar, amma hazırlaya bilmirlər. Ona görə də ilk öncə əmək bazarı dəyərləndirilməlidir, daha sonra ehtiyac olan sahələr üzrə kadr hazırlanmalıdır Hesab edirəm ki, qanunda nəzərdə tutulmalı ən vacib məsələlərdən biri universitetlərin istehsalata inteqrasiyası olmalıdır".

Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakultəsinin tələbəsi Aləmdə Nəsib(bizimyol.info-nun əməkdaşı) deyir ki, lazım olan kitabların çatışmazlığı ilə kifayət qədər problem yaşamışam:

"Artıq üçüncü kursda oxuyuram. Bəzən lazım olan kitabı tapmaq olmur. Ancaq universitetin tələbə balansı çox olduğu üçün, bir kitaba bir neçə tələbənin ehtiyacı yarandığı halda, o zaman dediyim problemlər ola bilir. Həmçinin, qeyd etmək istəyirəm ki, yeni nəşrlər tapmaq daha böyük problemdir. Elə vəsaitlər vardır ki, onun nəşri Sovet dövrünə aiddir. Ola bilsin məlumatların köhnəlməsi, həmçinin kitabın öz vəziyyətinin tələblərə cavab verməməsi, əlbəttə, tələbələri sarsıdan haldır. Ancaq vəziyyət tamamilə acınacaqlıdır demək doğru olmaz. Bir çox hallarda rastlaşdığımız problem tədris olunan ayrı-ayrı fənlərlə bağlıdır. Belə ki, elə fənn vardır ki, kifayət qədər material tapmaq olur. Eləcə də müəllimlər əlyazma şəkildə tələbələrə kömək etməyə çalışırlar". 

Sosial rubrikasından digər xəbərlər