Ali təhsil müəsissələrində dəbli geyimlər, görüntülər... - Problem yoxsa azadlıq?

15:30 19.11.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Sovet dövrü ilə müqayisədə Azərbaycanda ali təhsil müəsissələrin sayı xeyli artıb. Bu çoxluq hər il yüzlərlə, hətta deyərdim minlərlə vətəndaşın ali savada yiyələnməsi deməkdir. Lakin bu gün  Bakıda yerləşən universitetlərə baş çəkdikdə ziyafət paltarında və ya müğənni stilində tələbələri görürük. Standart geyimin tətbiq olunması azadlıq hüquqlarına zidd olduğu qədər, təhsil ocaqlarında hər ürəyə yatan geyimdən istifadə keyfiyyət və dəyərlərin aşağı olmasından xəbər verir.  

Standart geyimlərin olmaması, dəbli geyimlərin unikal formaları sosial problemlərə yol açırmı?

Hafta.az-a mövzunu şərh edən  sosioloq Əhməd Qəşəmoğlu  hesab edir ki, bu işlər tədricən aparılmalıdır. Birdən-birə sərt qərarlar verib, qıcıqlandırıcı yanaşmaq doğru olmaz:  “Əgər geyimlərlə bağlı tələblər olacaqsa, ən azından yarım il öncədən universitetdə işlər aparılmalıdır. İnsanlar həm mənəvi-psixoloji, həm də maddi cəhətdən hazır olmalıdırlar. Yəni kəskin şəkildə qərar qəbul etməyi doğru hesab etmirəm. Lakin  tədris müəssisəsi üçün bir mühit vacibdir. Çünki hər bir insanın davranışını formalaşdıran üç əsas amil var: mühit, aldığı informasiyalar və üstünlük verdiyi dəyərlər. Əgər gənclər tələbədirsə, onların  həyatında  təhsil aparıcı rol oynamalıdır. Qalan məsələlər tədris prosesindən kənardır. Ona görə də insanları tədrisə, təhsilə yönləndirə bilən mühit önəmlidir. Bir-biriləri ilə geyimlər üzərindən yarışmaq, dəblə ayaqlaşmaq və.s  kimi amillər tələbələrin psixologiyasında mənfi rol oynayır və təhsil prosesinə birbaşa neqativ təsir edir.  Bu baxımdan prinsip etibarilə, ali məktəblərdə təhsil mühitinin yaranmasını vacib hesab edirəm. Amma kəskin şəkildə qərarların qəbul edilməsinin əleyhinəyəm”.

Fərqli və brend geyimlər bir tələbənin digərindən görünüş baxımdan üstünlüyü düşüncəsi də yarada bilər. Bu gün tələbələrin dəblə geyinməsi bir tələbənin digərindən üstünlüyü və ya daha hansı psixoloji problemlər gətirə bilər?

Psixoloq Fərqanə Mehmanqızı hesab edir ki, tələbələrin geyim tərzlərinə müdaxilə yaxşı hal hesab edilmir: “Çünki ali təhsil alan tələbələr yetərincə dünyagörüşlü, davranışlarının fərqində olan fərdlərdir. O yaşda hər hansı bir dar çərçivə ilə yanaşmaq onlarda qıcıq və aqressiya yarada bilər. Hər kəs öz məsuliyyətini özü daşımalıdır. Belə nüanslar,  müdaxilələr gec-tez fərddə kəskin ruh düşümü, qıcıq yarada bilər. Onların təhsildən  uzaqlaşmağa aparıb çıxara bilər. Geyim hər zaman sərbəst olmalı, tələbə özünü olduğu yerdə komfortlu hiss etməlidir”.

Təhsil ekspert Elçin Əfəndi də hesab edir ki, geyim standartlarının olmamasının təhsil üçün bir çox problemləri var: “Amma məhz bu bizim milli kimliyimiz, milli adət-ənənələrimizdən  baş qaldıran problemlərdir. Məsələn, bizdə dizi və ya arxası cırıq şalvar geyinən qız tələbə bəziləri tərəfindən nominal əxlaqsız kimi görünür. Bu hal İngilitərdə, Yaponiyada və ya ABŞ-da normal bir vəziyyətdir. Düzdür, adlarını çəkdiyim ölkələrdə də bəzi kollec və ali təhsil müəssisələrində vahid geyim forması var. Amma çoxluq sərbəst geyim forması olanlardadı. Bizdə də sərbəst geyim forması yalnız təhsildə yayınma, psixoloji basqı və əxlaqi yöndən problemlər çıxarır. Onu da əlavə edim ki, məhz bizim kimi ölkələrdə vahid geyim formasının olmasının tərfədarıyam. Biz nə vaxt beyinlərdə inqilab etsək, o zaman hər cür geyim təhsil üçün və ya digər sferalar üçün problemli məsələyə çevrilməz”.

Bəs universitet rəhbərləri standart geyimlərin tətbiq olunmasını dəstəkləyirlərmi?

Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova dedi ki, xeyir, belə bir məsələ müzakirə olunmayıb: “Və qeyd edim ki,bizdə dərslərdə xalat gətirilir. Ona görə bu məsələ o qədər də müzakirə obiyekti olmayıb”.

Digər universitetlərdəndə verilən məlumatlarda hələ ki, bu məsələ barəsində universitet rəhbərliyinin xüsusi tapşırığı olmadığı deyilir.