“Əhalinin təhlükəsizliklə bağlı məlumatlandırılmasına ciddi ehtiyac var“

15:15 12.10.2011
Yazını böyüt
Yazını kiçilt

Nüsrət Qasımov: “Təəssüf ki, “Azəriqaz“da bu məsələlərə əhəmiyyət verilmir“

Qaz təsərrüfatı üzrə ekspert Nüsrət Qasımovdan aldığımız məlumata görə, abonentlərin ehtiyatsızlığı ilə yanaşı, onlardan asılı olmayan səbəblər üzündən, məsələn, yeraltı təkandan, zəlzələdən, qaz kəmərlərində özünü büruzə verən nasazlıqlar və s. hadisələrdən də paytaxtda və respublikamızın ayrı-ayrı bölgələrində qazsızmalarının, eləcə də partlayışların və yanğınların baş verməsi mümkündür.
Bundan əlavə, müasir qaz cihazlarının və avadanlıqlarının Azərbaycanın qaz təsərrüfatına uyğun gəlməməsi də problemləri daha da artırır: “Ona görə də “Azəriqaz“ İstehsalat Birliyi və onun yerli şöbələri sözügedən bədbəxt və təhlükəli hadisələrin baş verməməsi üçün abonentlərin siqnalizasiya cihazları ilə təminatı məsələsini reallaşdırmalı, onları mənzillərə və evlərə qoşmalıdırlar. Çünki həmin cihazlar hətta siqaret tüstüsünü belə “hiss edir“ və siqnal, yəni fit çalır. Bunu eşidən abonent isə yerli qaz təsərrüfatı idarəsinin qəza xidməti ilə əlaqə saxlaya və yaranmış problem barədə oraya məlumat verə bilər. Nəticədə bədbəxt hadisənin qarşısı vaxtlı-vaxtında alınar və gözlənilən bütün təhlükələr aradan qaldırılar. Ancaq təəssüflər olsun ki, bu gün nəinki bölgələrdə, hətta Bakı şəhərində belə haqqında danışılan siqnalizasiya qurğularından istifadə edənlər yoxdur. Özü də bu qurğular baha deyil, təxminən 50 manata başa gəlir. Lakin bununla bağlı “Azəriqaz“ tərəfindən hər hansı bir təbliğat və təşviqat, eləcə də maarifləndirmə işləri aparılmır. Bu səbəbdən də abonentlər daha ciddi problemlərlə üz-üzə qalmaq məcburiyyətindədir. Yəni qazsızmaların, dəm qazından boğulma və zəhərlənmə hallarının, yanğınların və partlayışların istənilən anda baş verməsi və nəticədə çoxsaylı insanın taleyinin sual altına düşməsi mümkündür. Xüsusilə də havalar soyuduqdan sonra belə bədbəxt hadisələrin daha çox şahidi olacağıq. Çünki bacaları olan yaşayış obyektlərinin 95 faizdən artığının bacaları uzun zamandır, bəlkə də neçə illərdir təmizlənmir. Bu işlə maraqlanan və məşğul olanlar da yoxdur. Yaxud havalar soyuduqdan sonra evlərin və mənzillərin sahibləri sözügedən yaşayış obyektlərindəki ventilyasiya sistemlərini və pəncərə gözlüklərini bağlayırlar. Bütün bunlar da ciddi fəsadlarla yadda qalacaq“.

“Milyonlarla vətəndaşımız təhlükəsizlik qaydalarından xəbərsizdir“

Mütəxəssis vurğuladı ki, “Azəriqaz“ın televiziya kanallarında, radiolarda, saytlarda və mətbuat orqanlarında təbliğat aparmaması acınacaqlı durumu daha da ağırlaşdırır. Onun sözlərinə görə, “Qazdan təhlükəsiz istifadə qaydaları“ ilə əlaqədar ictimaiyyət arasında maarifləndirmə işləri aparmaq adıçəkilən qurumun qarşısında duran əsas vəzifələrdən biridir: “Amma təəssüf ki, sözügedən istehsalat birliyinin və onun yerli şöbələrinin rəsmiləri bu işə məsuliyyətlə yanaşmırlar. Onlar unudurlar ki, haqqında bəhs edilən qaydaları bilənlərin sayı barmaqla sayılacaq qədər az, bilməyənlərin sayı isə milyonlarla nəfərdir. “Azəriqaz“ın biganəliyi üzündən telekanallarda “Qazdan təhlükəsiz istifadə qaydaları“ ilə bağlı hər hansı bir süjet və ya veriliş hazırlanmır. Yaxud mətbuat orqanlarında bu məsələyə yer ayrılmır. Jurnalistlər bütün bunlara əhəmiyyət vermirlər. KİV-lərdə ancaq nəticələr, yəni bədbəxt hadisələr barədə məlumat yayılır. Məsələn, filan yerdə, filan ünvandakı evdə və ya mənzildə qazdan partlayış baş verdi, bir neçə nəfər öldü və sair. Amma soruşan yoxdur ki, bu partlayış niyə baş verdi, o adamlar niyə ölməliydi, bunun günahkarı kimdir, ona niyə cəza verilmir, verilirsə hansı cəza verildi və sair. Kimlərinsə məsuliyyətsizliyi üzündən qazla bağlı hadisə nəticəsində hər hansı bir insanın həyatına son qoyulması bağışlanılmazdır. Ancaq KİV-lər buna əhəmiyyət vermədiyindən qaz təsərrüfatında bu cür özbaşınalıqlar və vətəndaşların savadsızlığı davam edir. Amma vətəndaşların məlumatlandırılmasına çox ehtiyac var“.

“Dəm qazından zəhərlənmələr daha çox hamamlarda baş verir“

Söhbət zamanı ekspert qaz təsərrüfatı işçilərini digər məsələlərdə də qınadı. Qeyd etdi ki, evlərə və mənzillərə qaz cihazlarının alınması və quraşdırılması yerli qaz təsərrüfatı idarələrinin razılıqları və nəzarətləri altında həyata keçirilməlidir: “Çünki yaşayış obyekti onun sahibinin olsa da, təbii qaz dövlətindir və ondan düzgün istifadəyə yerli qaz təsərrüfatı idarələri nəzarət etməlidirlər. Yaxud yaşayış obyektlərinin və hamamların tikintisi mütləq sözügedən idarələrlə məsləhətləşmələr və alınan razılıqlar əsasında, həmçinin həmin qurumların mütəxəssislərinin nəzarətləri altında aparılmalıdır. Məsələn, “Qazdan təhlükəsiz istifadə qaydaları“na əsasən vanna otaqlarının hündürlüyü 2,2 metr, sahəsi isə 7,5 kubmetrdən az olmamalıdır. Onun qapısı bayıra açılmalıdır. Qapının döşəməyə yaxın hissəsində 2,5 santimetr diametrdə dəliklər olmalıdır. Hamamda ventilyasiya kanalı olmalı və bu kanal vanna otağının havasını 1 saatda 3 dəfə dəyişilməsini təmin etməlidir. Pəncərə gözlüyü və təbii işıq mənbəyi də olmalıdır. Bu şərtlərin təmin olunmaması isə dəm qazından zəhərlənməyə səbəb olur. Ona görə də yerli qaz təsərrüfatı idarələri hökmən bu amillərə diqqət yetirməlidir. Vətəndaşlara bildirilməlidir ki, bu şərtlər təmin edilməzsə, onlara qaz verilməyəcək. Amma biz bunun şahidi olmuruq. Nəticədə daha çox hamamlarda bədbəxt hadisələr baş verir“.

“Vətəndaşların şikayət və tələb etmək mədəniyyəti çox aşağı səviyyədədir“

N.Qasımov vətəndaşları da qınaq subyektinə çevirdi və bildirdi ki, Azərbaycanda əhalinin şikayət və tələb etmək mədəniyyəti çox aşağı səviyyədədir: “Təsəvvürünüzə gətirin ki, küçənin bir tərəfində qaz var, digər tərəfində yox. Qazı olmayanlar şikayət etmirlər ki, nəyə görə onların qazı yoxdur. Bununla bağlı aidiyyəti qurumlara, eləcə də istehlakçıların hüquqları ilə məşğul olan qeyri-hökumət təşkilatlarına müraciətlər ünvanlanmır. Vətəndaşlar deyirlər ki, onsuz da şikayətlərə baxan yoxdur. Amma bu yanlış fikirdir və ictimaiyyətdə bu cür mənfi imicin formalaşması daha çox vətəndaşların zərərinədir. Əgər onlar öz haqlarını tələb etmirlərsə, özbaşınalıqlar təbii ki, baş verəcək və artacaq. Nəticədə daha çox vətəndaşlara maddi və mənəvi zərər dəyəcək“.
Təbriz Vəfalı