Antisanitariya  yuvasına çevrilmiş Sabunçu bazarı – FOTO-REPORTAJ 

16:07 02.07.2019 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Paytaxtın qədim ticarət mərkəzlərindən biri də Sabunçu rayonunun eyniadlı qəsəbəsində fəaliyyət göstərən Sabunçu bazarıdır. Adıcəkilən bazarın ətrafı qanunsuz küçə tricarətinə çevrilib.  Həftənin şənbə və bazar günlərində bazarın ətrafı alverçilərlə dolu olur. Bazarın qarşısındakı vağzala gedən marşrut yolu küçə ticarətinə çevrildiyindən nəqliyyatın hərəkəti çətinləşir. Vağzala gələn 40, 55 və 62 saylı avtobusların dayanacaqları küçə ticarətçiləri tərəfindən zəbt edilir. Yollar bağandığından marşurut avtobusları çox vaxt Bakı Şəhər 3 saylı Xəstəxanasının qarşısına kimi gələ bilirlər. Nətitcədə isə sərnişinlər narazılıq edirlər. 

Sabunçu bazarının arxa tərəfində də böyük bir sahədə antisanitariya şəraitində fəaliyyət göstərən qanunsuz küçə ticarəti yaradılıb.  Bazarda köhnə geyim əşyalarından tutmuş, elektrik avadanlıqları, köhnə qab-qacaqlar,  toyuq, hinduşka, qaz, ördək, cücə, it və pişiyə kimi satılır. Hər tərəf məişət tullantıları ilə doludur. İki gün əvvəl güclü küləyin müşayiət olunması ətrafdakı məişət tillantılarını böyük bir əraziyə yayıb. Məişət tullantıları elə bazarın içində də yandırılır.  Ərazi süpürülüb təmizlənmədiyindən və məişət tullantıları atılmadığından ətrafda havadan da xoşagəlməz qoxu müşahidə olunur.

Kazım adlı sakin dedi ki,  hər həftənin şənbə və bazar günləri gəlib buradan alver edir. Onun sözlərinə görə içərisi zibilliyə qərq olmuş qanunsuz  bazar el arasında  “Cındır”  və “rus” bazarı kimi tanınır: ”Hələ quraqlıqdır, isti yay günləridir. Qışda və yağışlı günlərdə palçığın əlindən tərpənmək olmur. “Cındır” bazarında təxminən mindən çox satıcı var. Bazarın içinə və çölünə də bazarın  işçiləri nəzarət edir. Yer haqqı müxtəlif qiymətədir. Satıcıların dediklərinə görə 2-20 manat arasındadır.  Şənbə-bazar günləri bəlkə də on min manatdan çox yer haqqı yığılır. Ola bilməzmi ki, həmin ərazi zibillikdən təmizlənə, satıcılar üçün  şərait yaradılaydı. Sanitar təmizliyə fikir verilmir. Aidiyyatı qurumlar, rayon rəhbərliyi, xüsusilə də rayonunun və ticarət obyektlərin gigiyenik sağlamlığa nəzarət  edən Sabunçu rayon Epidemologiya və  Gigiyena Mərkəzinin əməkdaşları  bir dəfə də olsun gəlib bazarın sanitar  təmizliyi ilə maraqlanmırlar.  Satılan toyuq -cücələrin, ördək və qazların, göyərçinlərin sağlam olub-olmaması ilə bağlı heç kəs maraqlanmır. Satılan heyvanların heç biri baytar həkim nəzarətindən keçməyib. Bazarda 11 saylı Qida Təhlükəsizlik Nəzatəri də fəaliyyət göstərir”.

 Sabunçu Dəmir Yol vağzalından Yeni Günəşli qəsəbəsinə işləyən 55 saylı marşrut avtobusunun sürücüsü “Həftə içi”nə bildirdi ki, alverçilər xüsusilə də şənbə və bazar günləri mərkəzi asfalt yolunun içində piştaxta qoyub kənd təsərrüfatı məhsulları satırlar. Yollar da tıxac yarandığından Vağzalın qarşısına, sonuncu dayanacağa gələ bilmirik: ”Məcbur olub 3 saylı Xəstəxananın qabağından geri qayıdırıq. Bu da sərnişinlərin gileyinə səbəb olur”. 

Ümid edirik müvafiq qurumlar Sabunçu bazarının sanitar vəziyyəti ilə maraqlanacaq və  qaldırdığımız problemlər tezliklə öz həllini tapacaq.