Aqrobağlarda monitorinqlərə başlanılıb

14:07 20.08.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Meşə fondunun açıq sahələrinin potensialından səmərəli istifadə etmək məqsədilə açıq meşə torpaqlarında salınmış aqrobağların monitorinqi aparılır. Bu barədə hafta.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Vüqar Kərimov cənub regionunun  Lənkəran, Cəlilabad, Astara rayonlarında meşə fondunun 185 hektar açıq sahəsində salınmış aqrobağlara baxış keçirib, görülmüş işlərlə tanış olub. Nazir müavininin iştirakı ilə keçirilən monitorinqlərin nəticələri göstərib ki, aqrobağların salınmasında bütün aqrotexniki qaydalara və meşə torpaqlarından səmərəli istifadə tələblərinə əməl edilib. Aqrobağların vəziyyətinin qiymətləndirilməsi məqsədilə monitorinqlər digər bölgələrdə də davam etdirilir.

Qeyd edək ki, dövlət başçısının 2017-ci il 9 mart tarixli 2718 nömrəli sərəncamı ilə meşə fondunun  açıq sahələrinin potensialından səmərəli istifadə etmək, həmçinin sahibkarlara əlverişli şərait yaratmaq məqsədilə Azərbaycan Respublikasının Meşə Məcəlləsinin 22-ci maddəsində dəyişikliklər edilərək meşə fondu torpaqlarının icarə müddəti 10 ildən 49 ilədək artırılıb. Sənədə əsasən, meşə fondu torpaqlarının icarə müqaviləsi əsasında əldə edilmiş meşə sərvətləri (məhsul) icarəçinin mülkiyyətidir. Meşə fondu torpaqlarının subicarəsi qadağandır.Meşə fondu torpaqlarının icarəyə verilməsi bu Məcəllə və Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

Meşə fondu torpaqlarının icarə müqaviləsinin şərtlərinə gəlincə, icarə müqavilələrində icarəyə verilən sahənin sərhədləri, işin həcmi (ölçüləri), icarənin müddəti, icarə haqqının miqdarı və onun ödənmə qaydası, icarəyə verilən sahənin mühafizəsi, qorunması və bərpası sahəsində tərəflərin öhdəlikləri, Azərbaycan Respublikasının meşə qanunvericiliyi və tərəflərin razılığı ilə nəzərdə tutulmuş başqa şərtlər göstərilməlidir. Meşə fondu torpaqlarının icarəyə verilmə qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Meşə fondu torpaqlarının icarəyə verilməsi aşkarlıq şəraitində, müvafiq ərazidə yaşayan əhalinin mənafeyini nəzərə almaqla həyata keçirilməlidir.

Bütün bunlar nəzərə alınaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qeyd olunan sərəncama uyğun olaraq meşə fondunun açıq sahələri icarəyə verilir. Həmin sərəncama müvafiq olaraq sahibkarlar, fiziki və hüquqi şəxslər görüləcək işlərin plan-layihəsini nazirliyə təqdim etməklə meşə fondunun açıq sahələrini icarəyə götürə bilər. Bunun üçün meşə fondunun açıq sahələrini icarəyə götürmək istəyənlər ETSN-də yaradılmış xüsusi komissiyaya müraciət etməlidirlər.

Yeri gəlmişkən, təkcə 2019-cu il ərzində meşə və qeyri-meşə fondu torpaqlarında zeytun, badam, tut, xurma, ərik, heyva, iydə, qoz, fındıq, cökə, ərik, şabalıd, qarağat, nar, alma, alça, gavalı, şam, tuya, sərv, akasiya, katalpa, çinar, ağcaqayın və s. cinslərdən ibarət 1 764 min ağac əkilib. Eyni zamanda, meşə və qeyri-meşə fondu torpaqlarından daha səmərəli istifadə edərək əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəmək məqsədilə açıq meşə sahələrində 642 ha ərazidə aqrobağlar salınıb. Bununla yanaşı, aqrobağların salınması məqsədilə fiziki və hüquqi şəxslərə 7 619,7 ha ərazi icarəyə verilib. Hazırda aqrobağların sahəsi 6764,5 hektara bərabərdir.

Məlumat üçün onu da deyək ki, Azərbaycan Meşə Məcəlləsinə görə, ölkə ərazisindəki bütün meşələr, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə fondunun torpaqları (meşə və qeyri-meşə torpaqları) Azərbaycan Respublikasının meşə fondunu təşkil edir. Meşə torpaqlarına meşə bitkiləri ilə örtülü olan torpaqlar və bu bitkilərlə örtülü olmayan, lakin meşələrin bərpası üçün nəzərdə tutulmuş torpaqlar (meşələşməmiş qırma sahələri, yanğın yerləri, seyrəkliklər, talalar, qurumuş ağaclıqlar, tinglik sahələri, çətiri birləşməmiş meşə əkinləri və digərləri) aid edilir. Qeyri-meşə torpaqlarına meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulmuş torpaqlar (kənd təsərrüfatı torpaqları, meşə mərzləri, yollar altında olan torpaqlar və digər torpaqlar), habelə meşə fondunun sərhədləri daxilində yerləşən sair torpaqlar (bataqlıqlar, daşlıqlar, qayalıqlar yerləşən və istifadə üçün əlverişsiz başqa torpaq sahələri) aid edilir. Meşə fondunun sahələrinə meşə sahələri, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaq sahələri aiddir. Sənəddə qeyd olunub ki, meşə fondu sahələrindən istifadə hüququ meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin əsasında yaranır. Meşə istifadəçisi Azərbaycan Respublikasının meşə qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və şərtlərlə istifadəyə verənin razılığı ilə meşə fondu sahəsindən istifadə hüququnu özünün hüquqi varisi olmayan şəxsə müqavilə əsasında verə bilər. Meşə istifadəçisi olan şəxs vəfat etdikdə ona məxsus istifadə hüququ qanunvericilikdə müəyyən edilmiş qaydada başqa şəxslərə keçə bilər. Meşə istifadəçisi olan hüquqi şəxs yenidən təşkil edildikdə ona məxsus istifadə hüququ Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada yeni yaranan hüquqi şəxsə keçir. Meşə fondu sahələrindən (torpaqlarından) istifadə hüququnun başqasına keçməsi müqaviləyə, meşəqırma biletinə, orderə, meşə biletinə dəyişikliklər etmək yolu ilə rəsmiləşdirilir. Meşələrin, habelə meşə ilə örtülü olmayan meşə fondu torpaqlarının səmərəli istifadəsini, mühafizəsini, qorunmasını və bərpasını, ölkənin müdafiəsini və dövlətin təhlükəsizliyini təmin etmək, əhalinin sağlamlığını, ətraf mühiti, tarixi-mədəni və təbii irsi, fiziki şəxslərin hüquqlarını və qanuni mənafelərini qorumaq zərurililiyi yarandığı hallarda meşə fondu sahələrindən istifadə hüququ qanunvericiliklə müəyyən olunmuş qaydada məhdudlaşdırıla və dayandırıla bilər.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti, ekoloq Telman Zeynalov bildirib ki, Azərbaycanın iqlim şəraiti sahibkarlara hər növ ağaclardan ibarət meşə salmağa imkan verir: "Düzdür, Azəbaycanda meşə fondu ərazilərində açıq sahələr çox azdır. Ona görə orada belə meşələrin salınması mümkün deyil. Amma bələdiyyələrin açıq torpaq sahələri varsa, bunu niyə etmirlər ki? Bələdiyyə mülkiyyətində, ehtiyat fondda kifayət qədər açıq sahələr var. Bu məsələdə ən çətin mərhələ ilk 10-15 il sayıla bilər. 10-15 ildən sonra artıq ağaclar böyüyür və təsərrüfat hazır olur. Sahibkar istənilən vaxt lazım olan tələbatını ödəyə bilər".

Onun sözlərinə görə, qonşu dövlətlərdə vəziyyət bir qədər başqadır. Belə ki, Gürcüstan və Ermənistan ərasinin 35-40 faizini meşə örtüyü təşkil etdiyi halda, bu rəqəm Azərbaycan ərazisinin cəmi 11,8 faizini təşkil edir: “ Torpalarımızın 20 faizinin işğal altında olduğu faktı isə bu rəqəmi 8,6 faizə salır. Təbii ki, meşələrin sürətlə azalmasının səbəbi ağacların kəsilərək yerində ev və ya başqa obyeklərin inşa edilməsi, oduncaq kimi istifadə edilməsi, mebel sənayesində taxta materialların xammal kimi işlədilməsidir. Uzun illik meşə sahələrinin azalmasına Qarabağ müharibəsi də təsir göstərib, erməni işğalı nəticəsində düşmən tapdağında olan yüzlərlə hektar nadir ağac və bitkilərdən ibarət meşə sahəsi yandırılıb, talan edilib. Sözsüz ki, bütün bu amillər nəzərə alınaraq meşə təsərrüfatı genişləndirilməlidir”.

Xatırladaq ki, hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 1021 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,8 faizini təşkil edir. Bu rəqəm Rusiya Federasiyasında 44, Latviyada 41, Gürcüstanda 39 faiz təşkil edir. Ölkəmizin meşə ehtiyatının 49 faizi Böyük Qafqaz regionunun, 34 faizi Kiçik Qafqaz regionunun, 15 faizi Talış zonasının və 2 faizi Aran zonasının (Naxçıvan MR ilə birlikdə) payına düşür. Azərbaycanda adambaşına 0,12 ha meşə sahəsi düşür. Hazırda 261 min hektar meşə fondu sahəsi Ermənistan tərəfindən işğal altındadır.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

Oxunma sayı 11109