AQTA qida sahəsində çalışan sahibkarlara müraciət edib

20:40 07.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin tərkib hissəsi kimi dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması qida sahəsində də sahibkarlıq mühitinin inkişafına gətirib çıxarıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fəaliyyətə başladığı ilk gündən qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə mütəmadi görüşlər keçirir, onları narahat edən problemləri öyrənib birgə müzakirə edir.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən hafta.az-a bildirilib ki, belə görüşlərin həyata keçirilməsində əsas məqsəd şəffaflığın təmin olunması, korrupsiya hallarına qarşı birgə mübarizə və neqativ halların aradan qaldırılmasıdır.

Bununla əlaqədar agentliyin rəhbərliyi tərəfindən dəfələrlə media vasitəsilə çağırışlar olub, qanunazidd hərəkətlər edən əməkdaşlar və agentliyin adından istifadə edən şəxslərlə bağlı məlumatların verilməsi xahiş edilib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə bir daha müraciət edərək bildirir ki, qida sahəsində həyata keçirilən auditlər – reydlər, yoxlamalar, idxal-ixrac, baytarlıq və fitosanitar şəhadətnamələr, sertifikatlar, eyni zamanda qanunvericiliklə nəzərdə tutulmuş digər sənədləşmə prosesi zamanı istənilən qanunsuz tələblər, yaxud sui-istifadə halları ilə rastlaşdıqda öz qanuni mənafelərini müdafiə etməklə vətəndaş mövqeyi ortaya qoyaraq AQTA-nın 1003 “Çağrı Mərkəzi”nə dərhal məlumat versinlər.

“Qida təhlükəsizliyi” anlayışının əhalinin sağlamlığının təmin olunmasında daha həssas və strateji əhəmiyyətə malik olduğunu nəzərə alaraq agentlik prosesdə iştirak edən bütün tərəfləri – sahibkarları, istehlakçıları, eyni zamanda, hər bir vətəndaşı sosial məsuliyyətdən irəli gələn əsl vətəndaş mövqeyi ortaya qoymağa, şəffaflığın təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdə aktiv iştiraka dəvət edir.

Sosial rubrikasından digər xəbərlər