“Araz çayı Urmiya gölünü xilas edə bilməz“

15:15 13.10.2011
Yazını böyüt
Yazını kiçilt

Məhəmməd Kanduri: “Ən yaxşı çıxış yolu alimlərin bu məsələyə cəlb olunmasıdır“

Dünən “Amerikanın səsi“nin saytında ilk dəfə Urmiya gölü ilə bağlı canlı forum keçirilib. Forumda Urmiya gölünün ekoloji problemlərinə dair sualları isə İllinoys Universitetinin Kənd Təsərrüfatı üzrə professoru Məhəmməd Kanduri cavablandırıb. M.Kandurinin sözlərinə görə, göl quruduğu təqdirdə yerdə qalan duz insanlara, ətrafdakı heyvanlara və bitkilərə böyük zərərlər verəcək, duz bölgənin bütün həyat tərzinə mənfi təsir göstərəcək və burada yaşamaq olduqca çətin, bəlkə də imkansız olacaq.

Onun sözlərinə görə, Urmiyaya axan çaylar üzərindəki su bəndləri açılmasa və gölün qurumasının qarşısı alınmasa, bu, həmin çaylardan istifadə edən ərazilərə və burada yetişən məhsula da təsir edəcək: “Tarixdə heç belə bir hadisə baş verməyib. Beynəlxalq alimlər araşdırma aparıb ki, 27 il əvvələ qədər göldə quruma baş verməyib. Keçən min illər gölün suyu arabir azalıb çoxalsa da, keçmişdə gölün quruması barədə heç bir dəlil yoxdur“.
Gölün qurumasının süni şəkildə baş verməsinin və bunun xüsusi olaraq təxribat nəticəsində edildiyinin mümkünlüyü barədə sualın cavabında isə professor deyib ki, göl qurusa da, orada azından 6 milyard kubmetr duz qalacaq ki, onun ziyanını canlılar çəkəcək. Ətrafdakı ərazilər təkcə səhralaşmayacaq, eyni zamanda, duzların bir hissəsi turşu yağışı adlandırılan zərərli maddələri ehtiva edən yağışlara səbəb olacaq. Ona görə də gölə axan çayların qabağı açılmalıdır. Yalnız bu yolla problemi həll etmək mümkündür. Alimin fikrincə, gölün xilası Qərbi Azərbaycan vilayətinin ərazisindəki çayların və digər torpaqların da xilası deməkdir.
M.Kanduri Araz çayından Urmiya gölünə su gətirilməsi məsələsinə də münasibət bildirib. Deyib ki, ideya çox yaxşıdır, ancaq problemləri var. Həmin çətinliyin birincisi, beynəlxalq qaydalardı. İkincisi isə Arazdan su ancaq nasoslarla və tunellərdən keçərək gətirilə bilər. Bütün bunları nəzərə alanda isə demək olar ki, bəli, çətinliklər aradan qaldırılsa və su gölə axıdılsa, Arazın suyu xilas rolunu oynaya bilər, ancaq yenə də tam yox. Yəni başqa alternativlər lazımdı.
Alim qısa və uzun müddətdə görülə biləcək tədbirlərdən söz açaraq deyib ki, bu bölgədə həmişə su qıtlığı yaşanıb: “Bu bölgə Şimalı Azərbaycandakından fərqlidir. Məsələ ondadır ki, bölgədə əhali hədsiz çoxalıb və onların içməli suya tələbatı böyükdür. Amma bölgənin su qaynaqlarından elmi əsaslarla istifadə olunmur. Ona görə də hökumət alimləri bu problemin həllinə cəlb etməlidir. Məncə bu ən samballı çıxış yoludur“. Bu arada foruma qatılan şəxslərdən biri ona gölün qurudulmasının azərbaycanlıları assimilyasiya etmək məqsədi daşıdığını, yəni onların öz torpaqlarını atıb İranın mərkəzi şəhərlərinə köçməsi məqsədilə edildiyini bildirib və buna münasibətini soruşub. M.Kanduri də deyib ki, əslində, İranda qeyri-fars millətlərin assimilyasiyası siyasəti 1935-ci ildən başlanır: “Mən siyasət adamı deyiləm. Bilirsiniz, təsəvvür edin ki, maşın kimisə vurub öldürür. Adam öləndən sonra sürücünün qəsdən, yoxsa bilmədən bu faciəyə səbəb olduğunu araşdırmaq mənim üçün əhəmiyyətli deyil. Yəni mənim üçün mühüm olanı gölü necə xilas etməkdir. Ona görə də məsələyə gərək ekoloji cəhətdən baxaq və gölün qurumasının qarsını bu yolla alaq“.
“Elə isə İran hökuməti Urmuya gölünü xilas etmək üçün nə kimi layihələr həyata keçirir“ sualına cavabında isə alim bildirib ki, rəsmi Tehran nəinki gölün qurumasının qarşısını almaq üçün işlər görməyib, əksinə, quruma prosesinin daha da sürətlənməsinə kömək edib. Dediklərinə açıqlıq gətirən alim bildirib ki, İran hökuməti burada bəzi maraqlar güdür: “Bunlardan biri odur ki, bəndlər vasitəsilə yaradılmış kiçik göllərdə təşkil olunmuş balıq vətəgələrinin zərər çəkəcəyindən ehtiyat edilir. Ona görə də bəndlərin dağıdılmasının qəti əleyhinədirlər. Digər tərəfdən isə hətta mən deyərdim ki, maraqların ən böyüyü Urmiya gölünün quruması və onun xilası üçün görüləcək işlərin Cənubi Azərbaycanda xalq hərəkatına çevrilməsi qorxusudur. Yəni təsəvvür edin ki, göl hansısa məqsədlə qurudulduğu halda xalq ayağa qalxdı və hökumət insanların tələbi əsasında problemi həll etməyə çalışdı. Hökumət qorxur ki, sabah xalq başqa bir tələblə ayağa qaxa bilər. Ona görə də rəsmi Tehran özünü azərbaycanlılar qarşısında zəif göstərmək istəmir“.
Vüsal Tağıbəyli
Oxunma sayı 109