“ASAN Müraciət” sistemi hazırda test mərhələsindədir” - Ceyhun Salmanov

10:53 31.08.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, bir neçə gün öncə Prezident İlham Əliyev “ASAN müraciət” informasiya sisteminin yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, ictimai xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi ilə bağlı şikayətlərin elektron xəritə üzərində qeyd edilməklə operativ surətdə aidiyyəti dövlət qurumlarına göndərilməsini və həmin şikayətlərə baxılmanın nəticələrinin izlənilməsini təmin edən “ASAN müraciət” informasiya sistemi yaradılacaq. Bəs, görəsən, hazırda bu istiqamətdə işlərə başlanılıbmı? Yeni sistemin əhəmiyyəti nədən ibarət olacaq?

Bu və digər suallar ətrafında hafta.az-ın müsahibi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanovdur.

- Ceyhun müəllim, ölkə Prezidenti tərəfindən bir neçə gün öncə “ASAN Müraciət” informasiya sisteminin yaradılması barədə sərəncam imzalanıb. Hazırda bu istiqamətdə işlərə başlanıbmı?

-“ASAN Müraciət” sistemindən vətəndaşların istifadə edə bilməsi üçün mobil tətbiqi hazırlanır. Hazırda sistem test mərhələsindədir. Test mərhələsi başa çatdıqdan və bütün iştirakçılara təlimlər keçirildikdən sonra sistem vətəndaşların istifadəsinə təqdim ediləcək.

-Bu sistemin yaradılmasının əsas məqsədi nədən ibarətdir?

-Ölkəmizdə dövlət xidmətlərinin inkişafı sahəsində əhəmiyyətli işlər həyata keçirilir. Eyni zamanda ölkə rəhbərliyi tərəfindən vətəndaşların da bu prosesə cəlb olunması, vətəndaşların da ictimai iştirakçılıqda fəal iştirak etməsi, qarşılaşdıqları problemlərlə bağlı öz müraciətlərini bildirmələri təşviq edilmişdir. Bu prosesin təşviqi dövlət orqanlarına öz

fəaliyyətlərini daha effektiv təşkil etməyə imkan yaradır. “ASAN Müraciət” sisteminin də yaradılması bu hədəfə yönəlmiş növbəti addımdır. Bu sistemin tətbiqi ikitərəfli – dövlət qurumlarının və vətəndaşların paralel iştirakı ilə nəzarət mexanizminin qurulmasına imkan yaradır. Bununla da müvafiq problemlərin real vaxt ərzində operativ həll olması imkanı yaranır. Bu sistem dövlət qurumlarının öz fəaliyyətində texnologiya yönümlü yanaşmalarının daha da artmasına şərait yaradacaq. Belə ki, vətəndaşlar qeyd olunan məsələlərə dair yazılı ərizə ilə müraciət edir, bu müraciət özü bir neçə mərhələdən keçir və daha sonra vətəndaşa eyni qaydada yazılı cavab verilirdi. Bütün bunlar isə proseslərin müəyyən qədər vaxt almasına yol açır. “ASAN Müraciət” sistemi ilə dövlət qurumları onların fəaliyyətinə yönəlmiş məsələlərə dair daha çevik məlumat əldə edəcək, bu texnoloji həll vasitəsi ilə dövlət xidmətlərinin göstərilməsində effektivliyin artmasını müşahidə edəcəklər. Eyni zamanda, bu sistemin hazırlanması beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşmasına xidmət edəcək. Belə ki, vətəndaş iştirakçılığının təmin edilməsi bir çox beynəlxalq reytinqlərdə xüsusi diqqət verilən bir məsələdir. “ASAN Müraciət” sistemi prosesin elektronlaşdırılması ilə hər bir şəxs üçün qərarqəbuletmə prosesində iştiraka imkan yaradaraq bu sahədə mövqeylərimizin möhkəmlənməsinə xidmət edir.

-Bəs, daxil olan müraciətlər necə araşdırılacaq? Necə sinxronlaşdırılacaq?

-Vətəndaşlar mobil tətbiq vasitəsilə qarşılaşdıqları kommunal, yol, nəqliyyat, abadlaşma, eləcə də hər hansı infrastruktur problemlərini “ASAN Müraciət” informasiya sisteminə ötürəcəklər. Tətbiq üzərindən problem foto, video, şəkil və yazı formada göndəriləcək. Bütün müraciətlər, o cümlədən problemin məkan koordinatları mərkəzləşdirilmiş qaydada “ASAN Müraciət” sisteminə toplanacaq və operatorlar vasitəsilə aidiyyəti qurumlara yönləndiriləcək.

Sistemin əsas üstünlüklərdən biri odur ki, prosesə yalnız dövlət qurumları deyil, eyni zamanda vətəndaşlar da nəzarət edəcək. “ASAN Müraciət” tətbiqində xəritə üzərində problemlər qeyd ediləcək. Bununla da hansı ərazilərdə problemlərin çox olduğu, hansı ərazilərdə problemlərin gec həll olduğu və vətəndaşların ən çox şikayəti daxil olan ərazilər bilinəcək. Vətəndaş öz müraciətini daha sonradan izləyə bilir. Yəni, müraciəti hansı quruma, hansı struktur bölməyə yönləndirilib və müraciəti ilə bağlı status nədir. Müvafiq müraciət aidiyyəti dövlət orqanı tərəfindən həll edildikdən sonra “ASAN Müraciət” sistemi vasitəsi ilə nəticə vətəndaşa göndərilir.

-Yeni sistem yerli qurumların fəaliyyətinə necə təsir göstərəcək?

Sistem vasitəsilə hesabatlılığın təmin edilməsi gələcəkdə qurumların öz fəaliyyətlərinin effektivliyinin artırılması və problemlərin həlli ilə bağlı operativ addımlar atmasına, müvafiq icra prosedurlarının təkmilləşdirilməsi istiqamətində təkliflər irəli sürmələrinə imkan verəcək. Digər tərəfdən dövlət qurumları öz sahələrində baş verən müxtəlif hadisələrlə bağlı sistem vasitəsilə dərhal məlumat əldə edə biləcəklər. Bununla da müvafiq qurumlar həm öz fəaliyyətlərində vaxta və resursa qənatə edəcək, həm də vətəndaş müraciətlərində daha operativ yanaşma ilə çıxış edəcəklər. Əgər hazırda hər hansı baş vermiş bir hadisə ilə bağlı vətəndaş müvafiq dövlət qurumuna yazılı şəkildə müraciət edirsə və eyni formada cavab gözləyirsə, “ASAN Müraciət” sistemi fəaliyyətə başladıqdan sonra sadəcə müraciət sistemdə qeydə alınacaq, müvafiq dövlət qurumuna yönləndiriləcək və eyni qaydada müraciət tətbiq üzərindən cavablandırılacaq. Bu isə özlüyündə çevik və operativ mexanizmin qurulması deməkdir.

-Amma bəziləri bunu dövlət qurumlarının işinə müdaxilə kimi də dəyərləndirirlər. Bu barədə nə deyə bilərsiniz?

-Qeyd etdiyim kimi, “ASAN Müraciət” informasiya sistemi vətəndaşların ictimai nəzarətin həyata keçirilməsində daha aktiv iştirakını hədəfləyən bir sistemdir. Sistem yalnız müraciətlərin daha çevik mexanizmlə toplanmasını və müvafiq dövlət qurumlarına yönləndirilməsini hədəfləyir. “ASAN Xidmət” Mərkəzlərinin fəaliyyətə başladığı dövrdən öz işinin təkmilləşdirilməsində vətəndaşların şikayət və təkliflərinin nəzərə alınmasına ciddi önəm verir. Bu hal nəinki bizim fəaliyyətə çətinlik törədir, əksinə daha uğurlu nəticələrin ortaya çıxmasına səbəb olur. Odur ki, “ASAN Müraciət” sistemi də özlüyündə dövlət qurumlarının fəaliyyətinin elektronlaşmasına dəstək göstərəcək. Burda hər hansı bir müdaxilədən söhbət gedə bilməz. Çünki, hər bir qurum sistem üzərindən daxil olmuş, öz fəaliyyətinə aid məsələni özü həll edəcək və vətəndaşı da sistem vasitəsi ilə özü məlumatlandıracaq. Bütün bunlar müvafiq dövlət qurumlarının öz fəaliyyətini daha operativ həyata keçirməsinə geniş imkan yaradacaq.

Oxunma sayı 6618