Atmosferə atılan tullantılar

19:22 09.10.2019 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 7-dən kömürün yarımçıq yanması nəticəsində əmələ gələn qara karbon deyilən məhsul, dizel yanacağı və bioyanacaq kimi milli tullantıları məhdudlaşdıran beynəlxalq normalar qüvvəyə minib. Belə tullantıların əsas mənbələri meşə yanğınları, yaşayış sektorunda, nəqliyyat və sənayedə enerji istehlakıdır. Qara karbon, başqa sözlə desək, duda nəinki havanın keyfiyyətini pisləşdirir, həm də qlobal istiləşməni sürətləndirir. Azərtac BMT-nin saytına istinadla xəbər verir ki, məsələn, duda buz və ya qar üzərinə düşəndə günəş radiasiyasının udulmasını kəskin artırır.

Hər il 7 milyon insan havanın çirklənməsi səbəbindən dünyasını dəyişir, on milyonlarla insan respirator, ürək və onkoloji xəstəliklərə tutulur. İnsan fəaliyyətinin səbəb olduğu atmosfer çirklənmələri buzlaqların əriməsinə gətirib çıxarır, planetdə iqlim dəyişmələri prosesini sürətləndirir, ətraf mühitin pisləşməsinə səbəb olur. Havanın keyfiyyətinin pis olması səbəbindən Avropa ekosistemlərinin təqribən üçdə iki hissəsi təhlükədədir. Lakin ölkələr boş oturmurlar. Avropa İqtisadi Komissiyasının (AİK) üzvü olan dövlətlər bir neçə il əvvəl Höteborq Protokolunu qəbul ediblər. Protokol dörd çirkləndirici maddə - kükürd, azot oksidi, uçucu üzvi birləşmələr və ammonyak üçün tullantıların yol verilən normalarını müəyyən edir. Sonra Protokola düzəlişlər işlənib hazırlanıb. Həmin düzəlişlərə görə, region ölkələri zərərli maddə tullantılarının milli səviyyələrinə düzəlişlər etməlidirlər. Oktyabrın 7-də isə Avropanın və Şimali Amerikanın 18 ölkəsində, o cümlədən Böyük Britaniya, Kanada, ABŞ-da iqlim dəyişmələrinə, havanın çirklənməsinə qarşı mübarizə sahəsində mühüm hadisə baş verib və Höteborq Protokoluna düzəlişlər qüvvəyə minib.

Protokol və ona düzəlişlər havanın böyük məsafədə transsərhəd çirklənməsi haqqında Konvensiya bazasında işlənib hazırlanıb. Yeni düzəlişlər tarixdə ilk dəfə tullantıların, o cümlədən ömrü qısa olan hava çirkləndiricisinin - qara karbon və ya duda deyilən tullantıların azaldılmasını nəzərdə tutan məcburi beynəlxalq normalardır. Bu maddənin tullantıları, məsələn, günəş radiasiyasının udulması səbəbindən qlobal istiləşməyə şərait yaradır. Qara karbon istini CO2 ilə müqayisədə 680 dəfə daha intensiv saxlayır.

Avropa İqtisadi Komissiyasının icraçı katibi Olqa Alqayerova deyib ki, bu il 40 yaşı tamam olan transsərhəd hava çirklənməsi haqqında Konvensiya uğurlu əməkdaşlıq üçün əsasdır və əvvəlki kimi bu problemin siyasi həllini təklif edən yeganə regional sənəddir: “ Komissiya Konvensiya tərəfləri ilə birlikdə Höteborq Protokolunun və ona olan Düzəlişlərin regionun başqa ölkələri, xüsusən Şərqi və Cənub-Şərqi Avropadakı, Qafqazdakı və Mərkəzi Asiyadakı ölkələr tərəfindən də ratifikasiya olunmasına kömək edəcək”.

Qeyd edək ki, Avropa İqtisadi Komissiyası 1947-ci ildə BMT-nin İqtisadi və Sosial Şurası tərəfindən yaradılıb. Onun tərkibinə Avropa, MDB və Şimali Amerikadan 56 ölkə daxildir.

Yeri gəlmişkən araşdırmalara görə, hər il planetimizin atmosferinə 100 milyon tonlarla çirkləndirici maddələr qeyri-təbii yolla atılır. Atmosferdəki maddələrin ümumi miqdarının 90 faizi qazlardan 10 faizi bərk hissəciklərdən, toz və aerozoldan ibarətdir. Məlum səbəblərdən atmosferin tərkib hissəsi olan karbon qazının miqdarı ildən-ilə artmaqdadır. Karbon qazının miqdarının atmosferdə artması ilk növbədə iqlimin dəyişməsinə təsir göstərir. Atmosfer havasının toz-tüstü və hislə çirklənməsi də iqlim dəyişməsinə şərait yaradır. Karbon qazı ultrabənövşəyi şuanı infraqırmızı (istilik yaradan) şualardan yaxşı keçirir. Bu o deməkdir ki, Yer ətrafında karbon 4-oksidin miqdarının çoxalması şüşə ilə örtülmüş istixanada olduğu kimi “istixana effekti” yaradır. Hesablamalara görə atmosferdə karbon qazının miqadarı iki dəfə artdıqda Yer kürəsində temperatur 1.4-2.3 dərəcə yüksələ bilər ki, bu da daimi buzlaqların əriməsinə və çoxlu yağıntıların düşməsinə səbəb olar. Nəticədə quru sahəsinin bir hissəsi subasmaya məruz qalar və külli miqdarda yağan yağıntılar digər ərazilərdə güclü daşqınların və sel sularının yaranmasına gətirər. Bu cür arzuolunmaz hadisələr hazırda müşahidə olunmaqdadır və hər il çoxlu sayda daşqınlar, torpaq sürüşmələri, subasma və son nəticədə insan ölümləri ilə müşayət olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyevanın fikrincə isə hazırda nəqliyyat sektoru Bakıda əsas çirkləndiriciyə çevrilib: "2005-ci ildə sənayedən olan tullantılar 53, nəqliyyatdan isə 47 faiz təşkil edirdi. Son illərdə vəziyyət tədricən dəyişib, hazırda nəqliyyatın payına 80 faizə yaxın tullantı düşür. Bu çirkləndiricilər, əsasən, azot oksidləri, dəm qazı, kükürd qazı, karbohidrogenlər və digər maddələrdir".

U.Tağıyeva bildirib ki, nəqliyyatdan fərqli olaraq əksər sənaye müəssisələrindən atmosfer havasına atılan tullantılar texnoloji, ekoloji qaydalara uyğun olaraq, borular vasitəsilə müəyyən hündürlükdən atılır: "Bu da onların atmosferdə daha tez səpələnməsinə, bununla da konsentrasiyalarının nisbətən azalmasına imkan yaradır. Belə müəssisələrin çoxu şəhərin kənarındadır. Nəqliyyatdan olan tullantıların spesifik bir tərəfi isə odur ki, onlar insanın birbaşa nəfəs aldığı təbəqəyə atılır. Buna görə də insanlara mənfi təsir effekti özünü daha qabarıq göstərir".

O qeyd edib ki, istilik effekti yaradan qazların karbon qazı, metan, azot oksidi kimi qazların 15 faizi nəqliyyat sektorunun payına düşür: "Bütün bunları nəzərə alaraq, şəhərdə atmosfer havasının ekoloji vəziyyətini yaxşılaşdırmaq yollarından biri zərərli tullantıları xeyli az olan alternativ nəqliyyat növlərinə üstünlük verilməsidir. Bu baxımdan Azərbaycanda istər elektromobil, istər hibrid avtomobillərin daha geniş istifadəsinə əlverişli mühit yaratmaqla əhalinin marağını artırmaq vacibdir".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Emin Qarabağlının bildirdiyinə görə, dünyada 5,1 milyondan çox elektromobil və hibrid avtomobilindən istifadə olunur və bu avtomobillərin 80 faizi ABŞ, Çin, Yaponiya, Hollandiya və Norveç kimi böyük ölkələrin payına düşür: “Elektromobil avtomobillərdən ən çox istifadə edən Çində istifadəçilər yol vergisindən, satışı ilə məşğul olanlar isə satış vergisindən azaddırlar və bu avtomobillərin qeydiyyata alınması üçün rüsum da tələb olunmur. Elektriklə çalışan avtobusların əksəriyyəti də bu ölkənin payına düşür və onlar üçün ayrıca elektrik doldurma məntəqələri fəaliyyət göstərir. Böyük Britaniyada isə elektromobil avtomobillər aksiz və yol vergilərindən azaddırlar, istehlakçılara müxtəlif güzəşt və maddi dəstək təklif edilir, genişmiqyaslı enerji doldurma məntəqələri qurulub. Öz həyətlərində şarj məntəqəsi quraşdıran elektrik və hibrid avtomobil istifadəçiləri isə istifadə etdikləri elektrik enerjisinə görə 20 faiz əvəzinə 5 faiz vergi ödəyir. Türkiyədə də elektromobil sahiblərinə verilən güzəştlər çoxsaylıdır. Burada elektromobil istifadəçilərinə avtomobillərin mühərrik gücünə görə genişmiqyaslı güzəştli vergi dərəcəsi tətbiq olunur, çoxlu sayda şarj məntəqələri quraşdırılır və bu sahədə nəzərəçarpacaq irəliləyişlər əldə edilib. Elektromobillərin istifadəsinə dəstək vermək məqsədilə onların idxalçılarına və alıcılara dövlət tərəfindən subsidiyalar verilir. Norveç isə hər 1000 nəfərə düşən elektromobil sayına görə dünyada ən yüksək göstəriciyə malikdir. Burada istismar müddətinin bitməsinə az qalmış, havanı çirkləndirən nəqliyyat vasitələrinin istifadəsi qadağan edilir. 2025-ci ilədək isə ölkə ərazisində yanacaqla işləyən nəqliyyat vasitələrinin istifadəsinin tamamilə qadağan olunması planlaşdırılır. Dünya təcrübəsində elektromobillərlə bağlı tədbirlər dövlət-özəl qurumların əməkdaşlığı çərçivəsində həyata keçirilir”.

Onun sözlərinə görə, hibrid avtomobillərin Azərbaycanda istifadəsinin tətbiqi və təşviqi nəticəsində ətraf mühitə atılan zərərli maddələrin həcmini əhəmiyyətli dərəcədə azaltmaq olar: “ Ətraf mühitə daha az ziyan vuran elektrik və hibrid avtomobillərin istifadəsinin təşviqi, stimullaşdırılması ətraf mühitin qorunmasında vacib rol oynayır. Azərbaycanda da elektriklə çalışan avtomobillərin istifadəsinin genişləndirilməsi ölkənin ekoloji durumunu yaxşılaşdıra bilər”.

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.