“Vətəndaşların müraciətlərinə baxılması işi təkmilləşdirilib“

15:15 12.10.2011
Yazını böyüt
Yazını kiçilt

Xanlar Vəliyev: “Prokurorluğun maddi təminatının yaxşılaşdırılması üçün hərtərəfli zəmin yaradılıb“

Respublika Hərbi Prokurorluğunda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, mərasimdən əvvəl Hərbi Prokurorluğun kollektivi prokurorluğun binasında ulu öndər Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyublar.
Respublikanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev dövlət müstəqilliyinin əldə edilməsini Azərbaycan xalqının ən böyük sərvəti olduğunu bildirib və müstəqilliyin hər bir Azərbaycan vətəndaşı üçün müstəsna əhəmiyyət və ictimai-siyasi hadisə olduğunu qeyd edib.
Hərbi prokuror deyib ki, Azərbaycanın insan hüquq və azadlıqlarının təminatı sahəsində bütün əsas konvensiyalara qoşulub, 1998-ci ildə ölkəmizdə Şərqdə ilk dəfə olaraq ölüm cəzası ləğv edilib, demokratik məhkəmə sistemi formalaşdırılıb, bütün hüquq-mühafizə orqanlarında mütərəqqi islahatlar aparılıb, onların fəaliyyəti demokratik dəyərlərə uyğun qurulub.
O bildirib ki, məhz Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları nəticəsində prokurorluğun səmərəli fəaliyyəti üçün qanunvericilik və normativ hüququ baza yaradılıb.
Prokurorluğun strukturunun təkmilləşdirilməsi, fəaliyyətində müasir informasiya texnologiyalarının tətbiqi, vətəndaşların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi, kadr korpusunun formalaşdırılmasında beynəlxalq standartlara uyğun yeni prosedurlardan istifadə edilməsi, işə qəbulun müsabiqə yolu ilə və şəffaflıq əsasında həyata keçirilməsi, məhkəmələrdə dövlət ittihamının müdafiəsi işinin yenidən təşkili, istintaq işinin səmərəliliyinin artırılması, beynəlxalq əlaqələrin dairəsinin genişləndirilməsi, nüfuzlu beynəlxalq təşkilatlar və dünya ölkələri prokurorluqları ilə əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, işdə mövcud olmuş neqativ təzahür və çatışmazlıqların aradan qaldırılması təmin edilib, prokurorluq orqanlarının ittiham mövqeyində dayanan təsisatdan insan hüquq və azadlıqlarının təmin edilməsi olan orqana çevrilib.
Onun sözlərinə görə dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan siyasi, iqtisadi və hərbi sahələrdə sanballı nailiyyətlər əldə edib. Xanlar Vəliyev müstəqillik illərində prokurorluq orqanlarının müasir dövrün yüksək tələblərinə cavab verən dövlət orqanı səviyyəsinə uyğun təkmilləşdirilməsində prezident İlham Əliyevin 2008-ci il 27 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı“nın xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib.
Bildirib ki, Azərbaycan Prokurorluğunun tarixində yeni təkmilləşmə və inkişaf, hərtərəfli müasirləşmə dövrünün əsasını qoyan Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılması, cinayətkarlığa qarşı mübarizə və istintaq aparılmasında digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, prokurorluğun işində müasir elmi-texniki fəaliyyətlərdən geniş istifadə olunması, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, dövlət ittihamının müdafiəsində peşəkarlığın yüksəldilməsi, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi təminatının yaxşılaşdırılması üçün hərtərəfli zəmin yaradılıb.
Əli Zülfüqaroğlu