Avropa palma yağından istifadəyə qarşı çıxır - Azərbaycanda vəziyyət necədir?

14:35 04.09.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Son dövrlər palma yağının istifadəsi bəzi ölkələrdə qadağan edilsə də, hələ də istifadəsi azalmayıb. Tibb  ekspertləri isə, palma yağının orqanizm üçün təhlükəli olduğunu deyirlər. Dünyada bu yağın istifadəsi qadağan edilməyib, ancaq aparılan təzyiqlər ilə, Avropa Birliyi, palma yağı olan qidaların etiketində bu barədə açıq yazılması barədə bir qanun çıxarıb.

Alman İstehlakçılar Assosiasiyası (DVA) “Aldi”, “Spar” və “Lidl” kimi iri şirkətləri supermarketlərdə tərkibində palma yağı olmayan məhsulların satışına təminat verəcək xüsusi rəflər quraşdırmağa çağırıb.

DVA-da qeyd ediblər ki, təşəbbüsün əsas məqsədi tropik meşələrin qırılmasının qarşısını almaqdır. Assosiasiya əlavə edib ki, tərkibində palma yağı və palma qozu yağı olan ərzaq məhsulları ayrıca qoyulmalı, bu məhsulların satıldığı stendlərdə əlavə informasiya lövhələri yerləşdirilməlidir.

DVA onu da bildirib ki, palma yağı istehsal edən sənayeçilərin maraqlarını təmin etmək üçün hər gün 20 hektarlıq tropik meşə məhv edilir. Ekspertlərin qənaətinə görə, bu, ekoloji fəaliyyətlə nəticələnə bilər. Əldə edilən palma yağının əsas hissəsindən bio-yanacaq istehsalında istifadə olunsa da, artıq bu gün ucuz olması səbəbindən həmin yağ bir çox qida məhsulları və kosmetika sənayesində də tətbiq edilir. Assosiasiyada əlavə ediblər ki, tropik meşələrin məhvi iqlim dəyişmələrinə gətirib çıxarır. Məhz bu meşələrin sayəsində havadan karbon qazını filtrə etmək mümkün olur.

Bəs Azərbaycanda bu gün palma yağı tərkibli qida maddələri varmı, orqanizm üçün fəsadları ola bilərmi?

Məsələ ilə bağlı hafta.az –a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov dedi ki, palma yağı ilə bağlı məsələni bir neçə dəfə konqresə çıxartmışıq, məlum olub ki, palma yağı iki cür olur: dənələrindən və gövdələrindən hazırlanan:

“Dənələrindən hazırlanmış palma yağı Braziliyada satılır. Gövdəsindən hazırlanan yağlar sənaye məqsədi ilə hazırlanır, qida sənayesində istfadə olunmur. Avropa ölkələrində palma yağı kifayət qədər satılır. MDB məkanında isə palma yağı ucuz yağ kimi bazara daxil olub. Bu ucuz yağın bazarda yer tutması, duru (maye) yağ bazarında normal qarşılanmır. Braziliyada gördüklərimdən sonra fikirlərim dəyişdi. Palma yağının normal bitki yağından hazırlanması qənaətinə gəldim. Azərbaycanda da palma yağı ilə bağlı bizə ayda iki-üç telefon zəngi olur. Soruşurlar ki, istifadə etdiyimiz qida məhsullarında palma yağı varmı? Bəli, bu gün istifadə etdiyimiz qida məhsullarında palma yağı var. Hətta körpələr üçün nəzərdə tutulan qidaların da tərkibində vardır. Azərbaycana qida məqsədi ilə gətirilən palma yağı ilə bağlı AQTA-da nəzərdə keçirilir və sertifikat verilir. Sənaye yağlarının istifadəsi isə Azərbaycanda yoxdur".

Qeyd edək ki, bu gün dünyanın 150 ölkəsində 3 milyard insan palma yağı məhsullarından istifadə edir. 

Oxunma sayı 32