“Azərbaycanla Fələstin arasında dostluq cəmiyyətinin yaradılmasını istəyirik“

15:15 14.10.2011
Yazını böyüt
Yazını kiçilt
Fələstinin Azərbaycandakı səfiri Naser Abdel Kərim Şərqşünaslıq İnstitutunda olub. Səfir institutun direktoru, millət vəkili Gövhər Baxşəliyeva ilə görüşüb. Millət vəkili Gövhər Baxşəliyeva “Həftə içi“nə verdiyi məlumatda bildirdi ki, o, səfirə institutda ərəbşünaslıqla bağlı görülən işlər barədə məlumat verib, İnstitutun “Ərəb filologiyası“, “Ərəb ölkələri tarixi və iqtisadiyyatı“, “Din və ictimai fikir tarixi“, “Yazılı abidələrin tədqiq və nəşri“ və “Şərq - Qərb“ şöbələrində bu sahədə tədqiqatların aparıldığı haqqında da məlumat verib. Məlumatda deyilir ki, səfir institutda Fələstinlə bağlı tədqiqatlar haqda da məlumatlandırılıb və bir dissertantın Nəzər Qabbaninin yaradıcılığını araşdırdığı səfirin nəzərinə çatdırılıb. G.Baxşəliyevanın verdiyi məlumatda deyilir ki, görüşdə fələstinli səfir də öz fikirlərini açıqlayıb. Diplomat qeyd edib ki, ölkəsi hər zaman Azərbaycan xalqının haqq mübarizəsini dəstəkləyir.N. A. Kərim Azərbaycanda onun xalqına olan münasibətdən, Şərqşünaslıq İnstitutunda bu sahədə görülən işlərdən məmnunluğunu bildirib və G.Baxşəliyevanın İslam Konfransı Təşkilatı Parlament İttifaqında ümumilikdə İslam xalqlarının mənafeyi naminə gördüyü işlərdən də xəbərdar olduğunu və bütün bunları böyük razılıqla qarşıladığını bildirib.
Nahid Canbaxışlı