AYB neftçi yazarlarla heç vaxt  maraqlanmayıb - MÜSAHİBƏ  

19:53 08.07.2019 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın tanınmış ziyalısı, ictimai xadim, “Tərəqqi” medallı, “Qızıl qələm” mükafatı laueratı, şair Hacı Zaməddin Ziyadoğlunu 3 ilə yaxındır ki, görmürdüm. Hətta mətbuatda da onun yazılarına rast gəlmirdim. Təsadüf bizi Nərimanov parkında görüşdürdü. Elə oradaca çay süfrəsi arxasında maraqlı söhbətimiz alındı:

- Hər səhər Nərimanov parkına gəlirəm. Səhər-səhər parkın havası çox sərin və təmiz olur. Hərdən tənha qalmaq lazımdır. Özünü düşünürsən, özünlə söhbət edirsən. İçini boşalda-boşalda  saflaşırsan, yüngülləşirsən, özün olursan. Həyatda insan özünə qayıdanda, özü olanda ətrafı da görə bilir.

- İki ildir ki, ədəbi mühitdən uzaqlaşmısınız? Bəlkə həyatdan küsüb incimisiniz, bəlkə qocalığın təsiridir?

- Allah eləməsin. Poeziya həmişə cavandır, yaşa baxmır. Şeiriyyət bir mələkdir. Gələndə qələm sözünü deyir. Ara-sıra şeir yazıram. Mənim üçün yaşıl işıqdır. Hansı qəzetə yazı versəm dərc edirlər. Bu sahədə çətinliyim yoxdur. Yaşım 72-ni keçsə də, özümü əvvəlki kimi cavan və gümrah hiss edirəm, ictimai işlərdə çalışıram. YAP Qaradağ rayon təşkilatı idarə heyətinin üzvlərindən biri kimi, ictimai-siyasi tədbirlərə cəlb olunuram.Təhsil müəssisələrinin keçirdikləri tədbirə dəvət alıram. Eləcə də AYB-nin üzvü kimi,  yazarların yubiley və kitab təqdimatlarına dəvətliyəm. Həm də baba taleyimi yaşayıram, vaxt tapıb nəvələrimi gəzintiyə aparıram. Abrını gərək bu yaşında qoruyasan. Biz çox çap olunmuşuq. Sağ olsun qəzet redaktorları, indinin özündə də müraciət edəndə şeirlərimi çap edirlər. Qoy biz ahıl yazarlar bir az imkan verək, istedadlı gənc  yazarlar da çap olunsunlar, onları ictimaiyyət, xalq tanıya bilsin.

 - Sizcə, həyat nədir?

- Həyat təkcə insanların dünyaya gəlişi deyil. Ona fəlsəfi gözlərlə baxasan gərək. Həyatın yoxuşlu-enişli, əlçatmaz yolları var.Təkcə uşaqlıq çağlarının öz dünyası, qaynar gənclik illərinin öz dünyası, eləcə də yaşanmış illərin qocalığının öz həyatı var. Hər an ömürdən gedir. Onun qədrini bilmək lazımdır. Elə yaşamalısan ki, səndən sonra da izin qalsın.

Uşaqlıq illərim şairlər yurdu Qazaxda keçib. Çox erkən məktəbi bitirmişəm. 15 yaşımda  Xanlıqlar kənd orta məktəbini bitirib, təhsil  dalınca Bakıya gəldim. Yaşım az olduğundan, ali məktəbə sənədlərimi götürmədilər. Gedib əfsanəvi Neft Daşları şəhərində işə düzəldim. Neftçi kimi əmək fəaliyyətinə başladım. Gündüzlər işləyib, axşamlar  Neft Daşlarında fəaliyyət göstərən Bakı Neft Texnikumunda təhsil aldım. Oranı əla qiymətlərlə bitirib, təhsilimi Moskva şəhərində davam etdirdim. Yenidən Neft Daşlarına qayıtdım. Və orada “Azərdəniznefttikinti” Trestində müxtəlif vəzifələrdə çalışdım. Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsinə kimi yüksəldim. Sonradan istehsalata qayıdıb, Əmirov adına Qaradağ NQÇİ-nin rəis müavini vəzifəsində çalışdım və oradan da təqaüdə çıxdım. Əmək veteranıyam. Mənə elə gəlir ki, şərəfli bir ömür yaşamışam.

- Eşitdiyimizə görə, sabah rəhbərlik etdiyiniz “Neftçilər” Ədəbi Məclisinin 20 yaşı tamam olur. Necə oldu ki, bu məclisi yaratdınız?

- Neft Daşları bir həyat məktəbi idi. İmkansız istedadlı gənc yazarlar çörək dalınca gəlib neft mədənlərində çalışırdılar. Orada fəaliyyət göstərən “Neft Daşları” qəzetində həmin neftçi yazarların şeirləri ara-sıra çap olunardı. Bu ideya  elə həmin vaxtlarda məndə yaransa da, 1999-cu ilin 6 iyulunda onu reallaşdıra bildim.  Neftçi şairləri bir yerə yığıb, “Vışka” qəzetinin nəzdində bu məclisi təsis etdik. Hazırda məclisin 140 üzvü var. Təbii ki, onlardan dünyasını dəyişənlər də az deyil. İçərisində həm şair, həm də neftçi kimi tanınanları da var.

- AYB bir qurum olaraq, neftçi şairlərinin taleyi ilə maraqlanırmı?

- Onlar neftçi yazarlara heç vaxt  maraqlanmayıblar.  Təəssüflər olsun, ölkə başçısının imkansız yazarlar üçün ayırdığı yardım, mükafat və vəsaitlərdən bizim dərnəyin üzvləri kənarda qalırlar. AYB rəhbərliyi kimə istəyir, mükafatı da ona verir. Bu gün AYB deyəndə qurumun özündə işləyənlər nəzərdə tutulur. Sözügedən qurumda məsul vəzifədə çalışanlar da  ancaq Azərbaycan yazarları adından bölgələrə, xarici ölkələrə gedib, özlərini təbliğ etməklə məşğuldurlar. Bu ilin payızında bizim üçün doğma, ikinci evimiz olan Neft Daşlarının yaradılmasının 70 illiyi olacaq. Həmin yubileydə iştirak edəcəyəm. Bu möcüzələr şəhərində 25 ildən çox çalışmışam.

- Çoxlu sayda şeir kitabınız və dram əsərləriniz var. Hətta bir neçə əsəriniz tamaşaya  qoyulub.Əsərlərinizə görə iki dəfə Səməd Vurğun mükafatına layiq görülmüsünüz. İndi hansı əsər üzərində çalışırsınız?

- “Ana fəryadı” mənzum dram əsəri üzərində işləyirəm. Bu yaxınlarda onu tamamlayacam və  kitab şəklində çap etdirəcəyəm. Onu tamaşaya qoymaq isə Mədəniyət Nazirliyinin işidir.