AYB “Yurd”u  müzakirə etdi  

19:14 27.09.2019 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Yazıçılar Birliyinin Natavan klubunda tanınmış şair Balayar Sadiqin Nəsiminin 650 illik yubileyinə həsr etdiyi “Hərflərin hərfdi” adlı  neopoemasının təqdimatı, eləcə də  baş redaktoru olduğu “Yurd” ədəbi-bədii jurnalında çap olunan əsərlərin müzakirəsi keçirildi.

Tədbirdə şairlərdən Nurəddin Mirzəxanlı, Qəşəm Nəcəfzadə, Məlahət Yusifqızı, Minarə Sığnaq, Əzizə Ağahüseyn qızı, Aydın xan və başqaları çıxış edərək, əsərlərin ədəbi-bədii keyfiyyətindən, aktuallığından danışdılar.

Tanınmış alim, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Əlimərdanlı “Yurd” jurnalının ədəbi-bədii elmi səviyyəsindən söz açdı. Bildirdi ki, “Yurd” jurnalı çağdaş ədəbi mühitin  güzgüsüdür: “Önəmli cəhətlərindən biri də odur ki, sözügedən jurnalda ölkəmizin bütün bölgələrindən olan şairlərə, xüsusən də  Naxçıvan ədəbi mühitinə geniş yer ayrılıb. Şair Balayar Sadiqə bu çətin və məsuliyyətli yolda uğurlar diləyirik. İnanırıq ki, redaktoru olduğu “Yurd” jurnalı öz üzərinə düşən missiyanı bu gündən sonra da layiqincə həyata keçirəcək və imkanı olmayan istedadlı yazarlarımızın imzaları bu jurnalda öz əksini tapacaq”.

Sonra “Yurd” jurnalının redaktoru Balayar Sadiq çıxış edərək, gələn qonaqlara öz təşəkkürünü bildirdi. 

Sonda tədbir iştirakçıları xatirə şəkilləri çəkdirdilər.