45 min nəfərin palliativ yardıma ehtiyacı var

15:15 20.10.2011
Yazını böyüt
Yazını kiçilt

“Qanuna yeni fəsil əlavə olunsa, palliativ yardım üçün hüquqi əsas yaranar“

“Əhalinin sağlamlığının qorunması haqqında“ qanuna palliativ yardım haqqında yeni fəsil əlavə olunması planlaşdırılır. Milli Məclisin Sosial siyasət komitəsinin üzvü, millət vəkili Musa Quliyev “Həftə içi“nə bildirib ki, artıq bununla xarici ölkələrin təcrübəsi öyrənilir. Onun sözlərinə görə, Azərbaycanda palliativ yardım haqqında əlavə qanun qəbul etməyə ehtiyac yoxdur. “Əgər “Əhalinin sağlamlığının qorunması haqqında“ qanuna belə bir fəsil əlavə olunsa, palliativ yardım üçün hüquqi əsas yaranar, palliativ xidmətin strukturu, iş mexanizmi formalaşar. Bunun üçün lazımi kadr hazırlığı da aparılar. Çalışacağıq ki, 2013-cü ilin dövlət büdcəsində palliativ yardım və xidmətlər üçün vəsait ayrılsın“.
Palliativ yardım nədir?

Xatırladaq ki, palliativ yardıma müalicəsi mümkün olmayan xəstəlik diaqnozu qoyulduğu təqdirdə, ixtisaslaşdırılmış müalicə imkanları sona çatdıqda pasiyentin həyat şəraitini yaxşılaşdırmaq məqsədilə ona və ailəsinə göstərilən xidmətlər daxildir. Bu proqram multisektoral komanda - həkim, tibb bacısı, sosial işçi, psixoloq, hüquqşünas, ailə üzvü, dini qurumların nümayəndəsi - tərəfindən həyata keçirilir və dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin sıx qarşılıqlı əlaqəsi əsasında inkişaf etdirilir. Bu qurumlar ölkədə palliativ xidmətlərin inkişafına maraq göstərən beynəlxalq donor təşkilatları və digər təşkilatlarla konstruktiv qarşılıqlı əlaqə yaradır, palliativ xidmətlərin imkanları və metodları barədə geniş maarifçilik işinin aparılmasını təmin edir. Palliativ yardım məkandan daha çox təqdim olunan xidmətlərə aid edilən anlayışdır və ev, stasionar, gündüz stasionarı və ambulator şəraitində, bütün sutka ərzində yaxud onun müəyyən hissəsində təklif oluna bilər. Bu cür xidmətlərin təyin edilməsi haqqında qərarlar diaqnoz qoyulan andan başlayaraq konsilium əsasında və pasiyentlə və ya onun qanuni nümayəndəsi ilə razılaşdırılaraq qəbul edilir. Bu xidmətlər xəstəyə son nəfəsinə qədər, xəstənin ailəsinə isə xəstə dünyasını dəyişdikdən sonra da geniş profilli komanda tərəfindən göstərilir. Xəstə və ya onun qanuni nümayəndəsi palliativ xidmətlərdən imtina edə bilər. Onu da əlavə edək ki, hələ 60-cı illərin əvvəlində palliativ yardımın əsasını qoyan Sesiliya Sonders “Sənin həyatın son anadək əhəmiyyətli olacaq, çünki sən sənsən“ ifadəsi ilə İngiltərədə minlərlə insanların özünə və yaxınlarının həyatına olan münasibəti dəyişdi və “həyat keyfiyyəti“ anlayışını tam başqa bir səpkidə - insanın həyatının ən zəif, çarəsiz və ilk baxışda cəmiyyətə xeyirsiz bir dövrünə tətbiq etdi. Hazırda isə 2,5 milyon nəfər palliativ xidmətdən istifadə edir. Həmin yardım əsasən iflic, insult keçirən, onkoloji, bağırsaq çatışmazlığı, ağciyər və qaraciyərində ciddi problemlər olanlara göstərilir.

Dünya təcrübəsi və Azərbaycan

Hazırda Mərkəzi və Şərqi Avropa, keçmiş sovetlər məkanı, Cənubi - Şərqi Asiya, Cənubi və Şərqi Afrika, Mərkəzi Asiya, Latın Amerikası, Yaxın Şərq ölkələri ərazisində palliativ yardım proqramları fəaliyyət göstərir. Bu gün Gürcüstan, Macarıstan, Polşa, Rumıniya, Serbiya və Ukraynada model proqramlar əsasında yaradılmış tədris mərkəzləri yeni təcrübəyə yiyələnmək imkanları təklif edir. Azərbaycana palliativ yardım pilot layihələri Açıq Cəmiyyət İnstitutu Yardım Fondu tərəfindən 2001-ci ildən başlayaraq ev şəraitində mobil xidmətin qeyri-hökumət təşkilatları, 2006-cı ildən etibarən isə stasionar şəraitdə QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən dəstəklənib və 2007-ci ildə “Palliativ Qulluq Vəziyyətinin Qiymətləndirilməsi“ aparılıb.
Bundan başqa, İctimai Səhiyyə və İslahatlar Mərkəzi nəzdində palliativ yardım üzrə yaradılmış işçi qrup tərəfindən siyasi sənəd, metodik vəsait hazırlanmış, palliativ yardım və insan hüquqları üzrə vəsait tərcümə edilmiş və tanıdıcı klip çəkilib.

Hər il sağalmaz xəstəliklərdən 50 milyon insan dünyasını dəyişir

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 45 min nəfərin palliativ yardıma ehtiyacı var. Onlardan yalnız 7 mini onkoloji xəstə və AİDS xəstələri ağrıkəsicilərlə təmin edilir. Maraqlıdır ki, Azərbaycan ağrıkəsicilərin istifadəsinə görə dünya dövlətləri arasında sondan 36-cı yeri tutur. Ekspertlər hesab edir ki, Qərb ölkələrində olduğu kimi, Azərbaycanda da ağrı dərəcəsi tətbiq edilməlidir. Bu ağrıların obyektiv qiymətləndirilməsinə və ağrının dərəcəsinə uyğun ağrıkəsici vurulmasına imkan yaradır.

“Azərbaycanda da bu, praktik olaraq həyata keçirilməlidir“

Millət vəkili Aytən Mustafayeva bildirib ki, son 1 il ərzində vətəndaşların sosial hüquqlarını əks etdirən bioetika və tibbi hüquq istiqamətləri institutunda prioritet yer aldığına görə bu mövzu gündəmə gətirilib: “Palliativ xidmətlər sisteminin inkişafı məsələlərində Azərbaycan ölkə konstitusiyası və insan hüquqlarına təminat verən digər qanunvericilik aktları, eləcə də ölkəmizin rəsmi surətdə qoşulduğu müvafiq beynəlxalq konvensiyaları, insan hüquqları üzrə ümumi bəyannaməni, pasiyentin hüquq və maraqları, insan ləyaqəti, sosial bərabərlik, ədalət, bütün pasiyentlərə eyni münasibət kimi ali mənəvi dəyərləri əsas götürüb“.
Millət vəkili qeyd edir ki, sağalmaz xəstəliklərdən əziyyət çəkən şəxslərə dövlət dəstəyinin göstərilməsi məqsədilə ölkə qanunvericiliyinə əlavə və dəyişikliklərin edilməsi vacibdir: “Sağalmaz xəstəlik diaqnozu qoyulan adamlar layiqincə yaşamaq hüququna malikdirlər, bunun üçün maarifləndirmə işinin aparılması vacibdir. Ona görə də Azərbaycanda həyati təhlükəli xəstəlik problemləri ilə üzləşənlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün yardım proqramları qəbul edilməlidir“.
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə hesab edir ki, insanların həyatını müəyyən müddətə yaxşılaşdırmaq, onların ömrünü uzatmaq müsbət haldır. Onun sözlərinə görə, belə bir xidmətin ölkəmizdə tətbiq edilməsi vacibdir: “Belə bir yardım insanları iztirablardan uzaqlaşdırmaq məqsədi güdür. Yardım bir çox xəstələrə, ən əsası isə onkoloji xəstələrə göstərilir. Xərçəng sisteminin elə bir forması var ki, onda cərrahi müdaxilə mümkün olmur. Belə olan təqdirdə kombinə edilmiş müalicə üsullarından istifadə olunur. Elə ona görə də palliativ yardım metodlarından istifadə ortaya çıxır. O da xəstənin müəyyən zaman kəsiyində səhhətinin yaxşılaşması üçün edilir. Ümidsiz xəstələrə ev şəraitində yardım göstərmək çətinlik törədir. Çünki kimsə yaxın adamına qulluqdan kənar durmaq istəmir. Bəzən xəstələrə yardım müşkülə çevrilir, ona görə ki, sidik kisəsində, bağırsaqlarda müəyyən şişlər olur. Digər çətinliklər pasiyentin yaxınları üçün də bir sıra problemlərə yol açır“.
Professor bildirir ki, xarici ölkələrdə belə xəstələr xüsusi xəstəxanalarda qalır, onlara özəl xidmət göstərilir və həmin tibb işçiləri də nisbətən yüksək maaş alır. Onun sözlərinə görə, bu, həm xəstənin iztirablarını azaldır və həm də onun qohumları üçün əlavə problemlər yaratmır: “Buna görə də Azərbaycanda da bu, praktik olaraq həyata keçirilməlidir. İndi bizdə palliativ xidmət ümumi müalicə müəssisələrində həyata keçirilir və təbii ki, xəstəni uzun müddət xəstəxanada saxlamaq imkanı olmadığından, bir neçə ay sonra pasiyent evə yazılır. Evdə isə bu xəstəyə baxmaq əzaba çevrilir“.
Sevda Zahidqızı
Oxunma sayı 130