“Tərəflər vaxt itirmədən sülh sazişi üzərində işləməyə başlamalıdır“

15:15 20.10.2011
Yazını böyüt
Yazını kiçilt
Dağlıq Qarabağ münaqişəsi tərəfləri indiyədək həll olunmamış qalan məsələlər üzərində işləri davam etdirməli və vaxt itirmədən hərtərəfli sülh sazişi üzərində işləməyə başlamalıdırlar. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dünən ekvadorlu həmkarı ilə birgə mətbuat konfransında deyib. “Gələn həftə biz ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə münaqişənin həlli ilə bağlı ümumi vəziyyəti və sülh prosesində açıq qalan məsələlər üzərində işlərin davam etdirilməsinə dair məsələləri müzakirə edəcəyik“, - nazir deyib. E. Məmmədyarov vurğulayıb ki, Azərbaycan əvvəl bəyan etdiyi kimi, indi də böyük sülh sazişi üzərində işlərə başlanmasını istəyir: “Vaxt itirməmək üçün düşünürük ki, böyük sülh sazişi üzərində işə başlamaq lazımdır. İndiyə kimi razılaşdırılan məsələlər əsasında böyük sülh sazişinin hazırlanmasına başlamaq olar“.
Nazir Azərbaycanın BMT TŞ-nın qeyri-daimi üzvü olmağa namizədliyini irəli sürməsi məsələsinə də toxunub. “Ümid edirik ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzvlüklə bağlı keçiriləcək seçkilərdə qələbə qazanacaq“, - deyə o bildirib. Seçkilərin oktyabrın 21-də keçiriləcəyini deyən nazir bu prosesdə Ekvador Azərbaycanın namizədliyi dəstəkləyəcəyini açıqlayıb.
Öz növbəsində, Rikardo Armando Patinyo Aroka da Ekvadorun BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzvlüklə bağlı keçiriləcək seçkilərdə Azərbaycana səs verəcəyini deyib. Xatırladaq ki, seçkilərdə Şərqi Avropa ölkələrindən üç dövlət - Azərbaycan, Macarıstan və Sloveniya namizədliyini irəli sürüb. Dünən Azərbaycan və Ekvador Xarici İşlər nazirlikləri arasında əməkdaşlıq protokolu imzalanıb. E.Məmmədyarov qeyd edib ki, ekvadorlu həmkarı ilə görüşdə enerji, investisiya və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. E.Məmmədyarov qonağa Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi barədə də ətraf məlumat verib. Nazirlər humanitar sahədə bir sıra tədbirlərin keçirilməsi, parlamentlərarası əlaqələri gücləndirmək qərarına gəliblər. E. Məmmədyarov bildirib ki, Latın Amerikası ölkələrinin Azərbaycana marağı ildən-ilə artır: “Eyni zamanda, Azərbaycanın da bu ölkələrə marağı var. Yaxın vaxtlarda Azərbaycanın Braziliyada səfirliyi açılacaq“. Öz növbəsində, Rikardo Armando Patinya Aroka Azərbaycan və Ekvador arasında çox bənzərliyin olduğunu bildirib: “Əminəm ki, Azərbaycana ilk səfərim iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə imkan verəcək“.
O, E.Məmmədyarovu Ekvadora səfərə dəvət etdiyini də deyib: “Ekvador Azərbaycanla əməkdaşlıq etmək marağındadır. Ölkəmiz kakao, qızıl gül və bananı ilə məşhurdur. Azərbaycanla bu sahədə əlaqə qura bilərik. Azərbaycan isə Ekvador üçün investisiya layihələri və tikinti sahəsində əməkdaşlıq baxımdan maraqlı ölkədir“.
“Ekvador Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır“. Bunu da Ekvadorun xarici işlər, ticarət və inteqrasiya naziri Rikardo Armando Patinyo Aroka deyib. Nazir bildirib ki, onun ölkəsi də 50 ildən çox bir müddətdə münaqişəyə cəlb edilib: “Ekvadorun da sərhəddə 50 ildən çox davam edən problemləri olub. Bu, çox xoşagəlməz haldır, münaqişə nəticəsində çoxlu sayda insan ölüb. Ekvador Dağlıq Qarabağ münaqişəsinin dialoq yolu ilə tezliklə həllini istəyir. Siz bu yolda bizim dəstəyimizə ümid edə bilərsiniz“.
Azad
Oxunma sayı 136