Azadlığına sadiq kiçik ölkə - Estoniya

15:51 20.08.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hər bir ölkənin tarixində özünəməxsus günlər var. O cümlədən tarixinin müəyyən hissəsini Azərbaycanla birlikdə sovet bayrağına bürünmüş Rusiya müstəmləkəçiliyində keçirən Estoniyanın da. Amma bu ölkə elə Azərbaycanla eyni dövrdə müstəmləkə zəncirini qıraraq azadlığını bərpa edə bilib.

Düz 28 il əvvəl – 1991-ci il avqustun 20-də Estoniya rəsmi şəkildə müstəqilliyini elan edib. Bununla da 1940-cı ildən əvvəl var olan dövlət bərpa edilib və hər il 20 avqust tarixi Estoniyada Müstəqilliyin Bərpası Günü  kimi böyük şənliklərin müşayiəti ilə qeyd olunmaqdadır.

Məsələ ondadır ki, eston xalqının rus əsarətindən xilası o qədər də asan başa gəlməyib. Çünki imperiyanın çöküşü ilə razılaşmayan Moskva, SSRİ-nin ən kiçik respublikası olan Estoniyaya hərbi qüvvələr göndərərək xalqın azadlıq mübarizəsini qırmağa çalışıb. Məhz müstəqillik bəyannaməsi elan olunan gün paytaxt Tallinin küçələrində rus tankları ətrafa qorxu saçmaqdaydı. Ən pisi o idi ki, mərkəzi hökumətin xalqla təmasını qırmaq istəyən rus ordusunun bölmələri havadan paraşütlə Estoniyanın əsas teleqülləsinə enərək, bu strateji obyekti nəzarətə götürmək istəmişdilər.

Bu yerdə qeyd edək ki, Bakıda 20 Yanvar qırğınları baş verən günlər də rus ordusunun bölmələri Azərbaycan televiziyasını ələ keçirərək, xalqı paytaxtda baş verənlərdən xəbərsiz saxlamağa və beləliklə bütün respublikada xaos yaratmağa çalışmışdı...

Rus hərbçilərin hədələri qarşısında geri çəkilməyən eston siyasətçilər və təbii ki, azadlıqsevər xalq kütləsi müstəqillik yolunda ölməyə belə hazır idi. Hətta təhlükənin böyük olmasına baxmayaraq eston könüllülər televiziya qülləsini mühasirəyə alaraq sovet qoşunlarının müdaxiləsinə mane olublar.

Xoşbəxtlikdən elə bu günlərdə Moskvada Estoniya üçün sevindirici hadisə baş verdi. Bir az daha liberal düşüncəli Boris Yeltsin hakimiyyətə gəldi və beləliklə, SSRİ-nin sürətlə dağılması prosesinə start verildi. Təbii ki, Estoniya da azadlığını əldə etdi və onun müstəqilliyini ilk olaraq İslandiya tanıdı (avqustun 22-də). Nəhayət, Moskva həmin il sentyabrın 6-da Estoniyanın müstəqilliyini tanımaq barədə qərar qəbul elədi. Bununla da 1918-ci ildə yaradılan, ancaq 1940-cı ildə sovet-rus ordusu tərəfindən işğal edilmiş Estoniya Respublikası müstəqil dövlət olaraq adını dünya birliyinin sıralarına yazdırdı.

Azərbaycanla Estoniya arasında yaxşı əlaqələr mövcuddur. Hələ sovetlər birliyində vahid bayraq altında birləşdiyimiz Estoniya ilə ölkəmiz arasında onillər boyunca sıx gediş-gəliş olub, iqtisadiyyatın bütün sahələrində əlaqələr qurulub, mədəniyyət və təhsil sahəsində əməkdaşlıq edilib və dövlətlərarası əlaqələri müstəqillik illərində də qoruyub, ingişaf etdirə bilib. Hazırda Avropa Birliyinin və NATO-nun tamhüquqlu üzvü olan Estoniyada orta hesabla 2,5 mindən artıq azərbaycanlı yaşamaqdadır.

Azərbaycan Estoniyanın müstəqilliyini 1991-ci il dekabrın 6-da, Estoniya isə ölkəmizin müstəqilliyini 1992-ci il fevralın 20-də tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər həmin il iyunun 20-də qurulub. 2007-ci il aprel ayının 10-da Azərbaycanın Riqadakı səfiri, eyni zamanda Estoniyada akkreditə olunub. 2010-cu il aprelin 11-də isə səfirliyimizin Tallin şəhərində iqamətgahı açılıb və səfir Tofiq Zülfüqarov fəaliyyətə başlayıb. Hazırda Azərbaycanın Estoniyada səfiri Murad Nəcəfbəylidir.

Estoniyanın Türkiyədəki səfirliyi isə ilk dəfə olaraq ölkəmizdə 2005-ci il fevralın 22-də akkreditə olunub. Hazırda Estoniyanın Türkiyə və Azərbaycanda səfiri xanım Marin Mittusdur. Estoniya səfirliyinin Bakıdakı ofisinə isə hazırda müvəqqəti işlər vəkili xanım Maya Tasa rəhbərlik edir.

Bu gün hər iki ölkənin parlamentində qarşılıqlı olaraq dostluq qrupları fəaliyyət göstərməkdədir. Milli Məclisdə Azərbaycan-Estoniya parlamentlərarası işçi qrupu 2000-ci il dekabrın 5-də yaradılıb və hazırda qrupa millət vəkili Hacı Salayev rəhbərlik edir. Estoniya – Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri isə Sven Sesterdir.

Estoniya Azərbaycanın Avropa Şurasında iştirakını və NATO-ya inteqrasiyasını dəstəkləyir. Rəsmi Tallin Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır. Bu ölkə birmənalı şəkildə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz parçası olduğunu bildirir. 

Azərbaycan Estoniya ilə viza rejimini ləğv etsə də, hazırda ölkəmizdən Estoniyaya gedənlər üçün Şengen vizası tələb olunur. Estoniya həmçinin NATO-nun sülh missiyaları çərçivəsində Azərbaycanla əməkdaşlıq edir. 

Hazırda ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələri zəifdir və illik həcmi 5 milyon dollardan bir qədər artıqdır. Bunun da 3,7 milyon dollardan artıq qismi Estoniyadan Azərbaycana ixracın, qalanı isə Azərbaycanın Estoniyaya ixracının payına düşür. Amma bu rəqəmi yüksəltmək üçün böyük potensial var. Hazırda Azərbaycanla Estoniya İnformasiya texnologiyaları və bank işi sahəsində yaxından əməkdaşlıq edir. Son bir neçə ildə qarşılıqlı investisiya qoyuluşunun həcmi on dəfələrlə artıb.

1990-cı ildən Tallində Azərbaycan Bazar məktəbi fəaliyyət göstərir. Şərq Mədəniyyəti Universitenin bir filialı da Estoniyada yerləşir. Bu universitet Zərifə Əliyevanın adını daşıyır.

 

P.S. “Həftə içi” qəzetinin kollektivi olaraq bayram münasibətilə Estoniyanın ölkəmizdəki səfiri xanım Marin Mittusu və müvəqqəti işlər vəkili xanım Maya Tasanı təbrik edirik.

Siyasət rubrikasından digər xəbərlər