Azərbaycan, Gürcüstan və Türkiyə kənd təsərrüfatı sahəsində əməkdaşlığı müzakirə edib - FOTO

13:29 20.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ankarada Azərbaycan, Gürcüstan və Türkiyə Kənd Təsərrüfatı nazirliklərinin nümayəndə heyətləri arasında üçtərəfli görüş keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən hafta.az-a bildirilib ki, görüşdə tərəflər kənd təsərrüfatının müxtəlif sahələri üzrə qarşılıqlı əməkdaşlığın bugünkü vəziyyəti və gələcək perspektivlərini müzakirə edib, hər üç ölkədə kiçik və orta fermer təsərrüfatı sahiblərinin qorunması və inkişafı istiqamətində görülən işlərdən danışılıb.

Müzakirələr zamanı gələcəkdə kiçik və orta fermer təsərrüfatlarının daha da inkişaf etdirilməsi üçün birgə tədqiqatlar aparılması və bu sahədə hər bir ölkədə əldə edilmiş uğurlu təcrübənin birgə istifadəsi barədə razılıq əldə edilib.

Bildirilib ki, ölkələrimiz arasında digər sahələrlə yanaşı, aqrar sektor üzrə də yüksəksəviyyəli əməkdaşlıq mövcuddur. Belə görüşlər hər üç ölkədə kənd təsərrüfatı sahəsinin daha da inkişafı üçün təcrübə mübadiləsi və yeniliklərin tətbiqi baxımından əhəmiyyətli rol oynayır.

Türkiyə Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə keçirilən görüşdə Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə, Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova və şirkətin Tədarük və Təchizat Departamentinin direktoru Rəşad Kərimov iştirak edib.