Azərbaycan-İran sərhədində atışma olub, bir sərhəd pozucusu ölüb - FOTO

10:14 30.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.

DSX-dan hafta.az-a verilən məlumata görə, bu tədbirlər nəticəsində 2020-ci ilin 29 iyun tarixində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınmışdır.

Həmin gün saat 23:50 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Aşağı Çəmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkar olunmuşdur. Sərhəd pozucularının silahlı olmaları, üzərilərində 2 ədəd kisədə yük olması müşahidə edilmişdir.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılmışdır. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açılmışdır. Lakin sərhəd pozucuları əmrə tabe olmamış, sərhəd naryadına qarşı odlu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd etmişlər.

Sərhəd naryadı tərəfindən “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq silah tətbiq olunmuş, sərhəd pozucularından biri aldığı güllə yarasından hadisə yerində ölmüşdür. Digər sərhəd pozucusu ərazinin sıx meşəlik, hava şəraitinin qaranlıq olmasından istifadə edərək geri qaçmışdır.

Əraziyə baxış zaman 1 ədəd lüləsi kəsilmiş tüfəng, 2 ədəd kisədə təxmini çəkisi 33 kq olan narkotikə bənzər maddə aşkar edilmişdir.

Hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin görüşü keçirilmişdir.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.

Oxunma sayı 2419