Azərbaycan beynəlxalq hüquqa sədaqətini qoruyub -  Müsahibə

16:18 29.09.2020 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Ordumuzun işğalçı Ermənistanın Azərbaycan ərazilərindən qovulması istiqamətində başladığı vətən müharibəsi əks-hücumla davam edir. Ölkə ictimaiyyəti hər an şanlı qələbəmizin müjdəsini gözləyir. Ermənistan hərbi qüvvələri, terrorçu qrupları Azərbaycanda apardıqları hərbi təxribatlardan nəinki əl çəkmir, üstəlik sərhəd rayonlarımızda növbəti təxribatlar törədirlər.

Belə bir ərəfədə ruhu, cismi, düşüncəsi ilə Ordumuzun, Ali Baş Komandanın yanında olan Azərbaycan insanı yalnız qələbəyə köklənib.

Hafta.az–a müsahibə verən millət vəkili Bəhruz Məhərrəmov müsahibəsində beynəlxalq təşkilatların bizim mübarizəmizlə bağlı sərgilədiyi münasibətin hüquqi aspektlərinə toxunmaqla bir sıra nüanslara diqqət çəkib.  

 - Bəhruz müəllim, bu gün Azərbaycanın ürəyi Ordumuzun zəfər yürüşü ilə döyünür. Beynəlxalq təşkilatlar isə bizi dayandırmaq üçün bəyanatlar verməkdədirlər. Nəhayət onlar Azərbaycanın haqq səsini eşidərək yüksək kürsülərdən Ermənistana səslənib “bəsdir artıq, işğalçılıq siyasətindən əl çək və sənin Azərbaycan torpaqlarında nə işin var?!” sözlərini deyəcəkmi?

- Azərbaycan atəşkəs başlayan dövrdən beynəlxalq hüquqa hörmətlə yanaşan dövlət olub. Atəşkəs elan olunan ildən Azərbaycan dəfələrlə istər beynəlxalq təşkilatlara, istərsə də ikitərəfli görüşlərdə Ermənistanın təcavüzü ilə bağlı münaqişənin danışıqlar, dinc yolla nizamlanması istəyini göstərib və ifadə edib. Lakin konkret danışıqların getdiyi 27 il ərzində Ermənistan faktiki olaraq danışıqlarda yox, tutduğu ərazilərdə möhkəmlənmək üçün vaxtın uzadılmasında maraqlı olub. Bu baxımdan Azərbaycanla aparılan danışıqlarda heç vaxt Ermənistanı nizamlama perspektivi maraqlandırmayıb. Məqsədləri mövcud status-kvonu qoruyub saxlamaq, digər ölkələrdən gətirilən erməni əsilli şəxsləri ərazilərimizdə yerləşdirməklə süni erməni papulyasiyası yaratmaq olub. Dövlətin etnik tərkibinin süni köçürülmə yolu ilə dəyişdirilməsi beynəlxalq hüquq, elə Ermənistanın özünün qanunları ilə cinayət hesab olunur. Azərbaycan beynəlxalq hüquqa sədaqətini qoruyub. Artıq son aylar Ermənistanın Azərbaycana qarşı təxribatı intensiv xarakter aldı. Tovuz döyüşlərindən sonra erməni hərbi qüvvələrinin sentyabrın 27-də etdiyi hücumu nəticə etibari ilə vəzyyəti dəyişdirdi. Azərbaycan Prezidenti BMT-nin Təhlükəsizlik Şurasının onlayın iclasında çıxış edərək erməni təxribatını, cinayətlərini bir daha bəyan edərək bildirdi ki, artıq digər tərəf də beynəlxalq hüquqa diqqət yetirilməlidir. Bəyan edildi ki, belə davam edərsə, Azərbaycan özü cavab tədbirlərini görəcək.

Nəhayət sentyabrın 27-də ermənilərin hərbi hücumuna qarşı cavab tədbirləri görüldü və ordumuz təkcə bu təxribatı susdurmaqla kifayətlənməyərək əks-hücuma keçdi. Bütün hərbi əməliyyatlar Azərbaycanın hüdudları daxilində baş verir. Azərbaycan terrorçu dəstələrin tamamilə zərəsizləşdirilməsi və Azərbaycanın işğalda olan ərazilərinin azad olunması üçün müvafiq hərbi hücumlara başlayıb. Beynəlxalq hüquq Azərbaycanın yanındadır.  Beynəlxalq münasibətlərin mövcud hüquq platforması Azərbaycanın bu mövqeyini birmənalı olaraq müdafiə edir. BMT-nin 51-ci və digər BMT qətnamələrinin dərhal icrası ilə bağlı 25-ci maddə Azərbaycanın müvafiq əməliyyatlar aparması üçün hüquqi əsaslar yaradır. Bununla bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının 1, BMT Təhlükəsizlik Şurası rəhbərinin 7 bəyanatı var. Avropa Şurasının, Avropa İttifaqının ərazilərimizin işğal olunması barədə müvafiq aktları var.

Bütün bu proseslərin fonunda Azərbaycan hərbi əməliyyatları beynəlxalq hüququ, Haqa, Cenevrə Konvensiyasını əsas götürərək başqa ərazilərə keçmədən, mülki əhalini hədəfə almadan, həmin ərazilərdə öz suveren hüququnu bərpa etmək uğrunda mübarizə aparır. Belə bir ərəfədə Azərbaycana dost olan ölkələr birmənalı olaraq Azərbaycanın yanındadırlar. Beynəlxalq ictimaiyyət Azərbaycanın gücünü, nüfuzunü, real vəziyyətini görür. Prezident İlham Əliyevin də dediyi kimi, bu gün Azərbaycan təbliğatını elə qurub ki, dünya ictimaiyyəti həqiqəti bilir. Artıq bu məsələyə bir neçə ilə əvvəl olduğu kimi baxılmır. Beynəlxalq aləm ən azı susmaqla, yaxud neytral bəyanatları ilə Azərbaycanın haqq işini müdafiə edir.

 - Belə bir ərəfədə Minsk qrupunda olan həmsədr dövlətlərin başçıları ölkə Prezidenti ilə əlaqə saxlayaraq yenidən danışıqlar masasına oturmaqla müharibəni dayandırmağı istəyiblər. Heç şübhəsiz ki, 30 ildə susan bu güclər, Azərbaycan sərhədlərinin haradan başladığını öyrənməmiş deyillər. Belə olan halda niyə işğalçıya deyil, bizə dur deyilir?

- Həmin dövlətlər Azərbaycanın sərhədlərinin hardan başladığını bilmirlərsə, deməli ATƏT-in Minsk Qrupunun həmsədrləri olaraq bu günə qədər apardıqları missiyalarını da başa düşməyiblər. Təbii ki, bunu bilməmiş deyillər. Sadəcə olaraq “ATƏT-in Minsk qrupuyuq, biz də varıq”, ”bölgədə sülh istəyirik” - bəyanatlarını verirlər. Bilirik ki, ermənilərin ən böyük platforması olan Amerika Konqresi, istər böyük erməni diasporası olan Fransa və digər mərkəzlər öz təsirini göstərməyə çalışacaq. İstənilən halda Azərbaycan suveren dövlətdir və atdığımız addımlar beynəlxalq hüququn tələbləri çərçivəsindədir. Biz adıçəkilən dövlətlər kimi üçüncü əraziləri ilhaq etmirik, o adı çəkilən dövlətlər kimi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsini gözləmədən, hansısa dövləti işğal etmirik, biz neçə illər qabaq Afrikada bütün yerli əhalinin kökünü kəsməmişik, biz sadəcə torpaqlarımızı işğaldan azad edirik. İşğaldan azadetmə prosesi də bir daha qeyd edirəm ki, beynəlxalq hüququn müharibə aparma qaydaları çərçivəsində aparılır. Ermənilər deyə bilməzlər ki, hansısa mülkü obyektləri dağılıb. Əslində bu obyektlər də onlara aid deyil, döyüş Azərbaycan ərazilərində gedir. Bu gün ermənilərin yaşadığı ərazilərdə bir dənə də olsun mülki şəxs yaralanmayıb. Çünki bütün hərbi əməliyyatlar Azərbaycanın sərhədləri daxilində aparılır.

- Maraqlıdır, dünya ictimaiyyəti bizim haqlı müharibəmizə bu dərəcədə ehtiyatlı, diqqətli davranışımız nəyin göstəricisi kimi qiymətləndirir? Bizim bu ehtiyatlı davranışımızı zəiflik kimi təqdim edən təxribatçı qruplar nədə yanılır?

- Biz beynəlxalq hüquqa hörmətimizi qoruyuruq və beynəlxalq hüququn aliliyini tanıyırıq. Eyni zamanda bütün bunlar cənab Prezidentin də dediyi kimi, bizim digər suveren hüquqlarımıza xələl gətirmir. Prezident də dediyi kimi, biz ədaləti bərpa etmək üçün hətta beynəlxalq hüquq müddəalarını kənara qoyub addımlarımızı ata bilərik. Lakin indiki halda Azərbaycan beynəlxalq hüquq çərçivəsində addımlarını atır və burda heç bir qorxudan, zəiflikdən söhbət gedə bilməz. Bizim zəifliyimiz o zaman görünərdi ki, döyüşdə geri çəkilərdik. Bizim müzəffər odrumuz kifayət qədər geniş ərazilər üzrə irəliləyib və bir-birinin ardınca çox əsaslı qələbələr qazanmaqdadır. Bütün bunların fonunda yalnız və yalnız gücümüzdən danışa bilərik.

- Bu günlər müharibədə iştirak etmək istəyən Azərbaycan insanları, eləcə də bir sıra keçmiş Qarabağ döyüşçüləri döyüşə hazır olduqlarını bəyan etdilər. Onlar belə bir gündə, ölümdən deyil, yalnız bu mübarizənin dayanmasından qorxduqlarını dedilər. Dedilər ki, görəsən irəliyə gedə biləcəyikmi, yoxsa kimlərinsə təsiri ilə bu hücum dayandırılacaq. Bununla bağlı nələri söyləyərdiz?

- Əvvəlki dövrlərdən fərqli olaraq hazırda Azərbaycan dövləti ölkədə hərbi vəziyyət elan edib. 30 ilə yaxın müddətdə belə bir addım atılmamışdı. Eyni zamanda Azərbaycan bu müharibəyə Prezidentin köməkçisinin də dediyi kimi Vətən Müharibəsi kontekstində yanaşır. Üstəlik əvvəlki illərdən fərqli olaraq heç kim hakimiyyət uğrunda mübarizə aparmır. Bitərəflərdən tutmuş, iqtidarlı-müxalifətli, hamı Ali Baş Komandanın arxasındadır. Bu müharibədə Azərbaycanın işi haqq işidir. Başqa gözləntilərimiz də ola bilməz.

 - Ermənistan tərəfi bu müharibəyə necə yanaşır və ermənilərin əhval-ruhiyəsi necədir?

 - Ermənilər həmişə Dağlıq Qarabağda qorxu içində yaşayıblar. Azərbaycan ordusunun son həmlələri əlbəttə ki, Ermənistanda ciddi qorxu və narahatlıq yaradıb.  Nəzərə alsaq ki, birincisi o ərazilər Ermənistanın torpaqları deyil, erməni əhalisi torpaqlarımızı işğal etdiyini bilir və bu gün o öz ata yurdunun müdafiə etmədiyinin fərqindədir. Bu mənada Azərbaycanla erməni əsgərinin, eləcə də əhalisinin döyüş ruhu müqayisə oluna bilməz. İkincisi, Ermənistanın özündə Dağlıq Qarabağ klanı və Ermənistan erməniləri arasında ciddi münaqişə var. Üçüncüsü, Ermənistanda hazırda hərbi xunta və Paşinyanın SOROS iqtidarı arasında ciddi münaqişə var. Ermənistanda mərkəzi hakimiyyət yoxdur. Necə ki, 1990-cı ildə Azərbaycanda mərkəzi hakimiyyətsizlik üzündən çətin vəziyyət yaranmışdı, bu gün Ermənistan Azərbaycanın gücü qarşısında, eyni zamanda daxilində baş verən qeyri-sabitlik, mərkəzi hakimiyyətsizlik şəraitində məhvə məhkumdur. Və əhai də bunu bilir və qaçmağa başlayıb. Yaxşı, niyə əhali Tərtərdən qaçmır, Qazaxdan qaçmır, Tovuzdan qaçmır. Çünki əhali ordunun gücünə bələddir, Xalqın Ordunun, Ali Baş Komandanın ətraflnda birləşməsinə şübhə ilə yanaşmır. Bütün bunların fonunda biz möhkəmik. Ermənilər isə qaçmalıdır. Ona görə də çox əsaslı, ciddi mənbələrdə məlumatlar var ki, Ermənistanda çox ciddi hərbi idarəçilik tətbiq olunub. Silahı atıb qaçan hərbçilər və polis arasında silahlı insident baş verib, mülki əhali arasına ölənlər var. Erməni hakimiyyəti əhalini zorla Qarabağda saxlaya bilməyəcək.

 

Oxunma sayı 317