Azərbaycan beynəlxalq hüququn əvvəllər malik olduğu aliliyini bərpa edir - Kamran Bayramov

14:50 26.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu diplomatik fəaliyyəti nəticəsində ölkəmiz uğurlu inkişafını təmin etdi, qazandığı müstəqilliyini möhkəmləndirdi, dünyada etibarlı tərəfdaş kimi ad qazandı, onun beynəlxalq aləmdəki nüfuzu daha da artdı.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Deputat bildirib:

“Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə Azərbaycan diplomatiyasının ən başlıca vəzifələrindən biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərimizin toxunulmazlığı çərçivəsində öz həllini tapması olub. Dövlətimizin başçısının siyasi iradəsi və uzaqgörən xarici siyasəti nəticəsində ölkəmizin mövqeyi nüfuzlu beynəlxalq təşkilatlar və dünya birliyi tərəfindən daha çox qəbul edilir. Azərbaycan diplomatiyasının uğurları ölkəmizin BMT, ATƏT, İslam Konfransı Təşkilatı, Avropa Şurası, GUAM, Avropa İttifaqı, Avropa Parlamenti, NATO və digər tanınmış beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməsi ilə bilavasitə bağlıdır”.

Kamran Bayramov vurğulayıb ki, buna baxmayaraq, Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın tarixi torpaqlarının işğalının davam etməsi beynəlxalq təşkilatların susqunluğu və fəaliyyətsizliyi ilə müşayiət olundu. Belə ki, BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərdən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələri 27 ildir kağız üzərində qaldı. Ermənistan bu qətnamələri və ümumiyyətlə beynəlxalq hüququ ayaq altına ataraq öz qoşunlarını nəinki Azərbaycan ərazilərindən çıxardı, əksinə, işğalı möhkəmləndirmək və torpaqlarını ilhaq etmək xətti tutdu. Bütün bunlar dünyada sülhü və təhlükəsizliyi təmin etməli olan beynəlxalq hüquqa ciddi zərbə vurdu, onun dövlətlərarası münasibətlərdə rolunu və əhəmiyyətini xeyli dərəcədə azaltdı. Təəssüf ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri başda olmaqla, BMT və beynəlxalq ictimaiyyət tərəfindən işğalçı Ermənistana heç bir təzyiq göstərilmədi, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik edildi.

“Lakin 27 ildən sonra Azərbaycan Ermənistanın hərbi təcavüzünə cavab olaraq başladığı əks-hücum əməliyyatları ilə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonlarının bir hissəsini işğaldan azad etməklə BMT-nin Təhlükəsizlik Şurasının 822 və 884 saylı qətnamələrinin icrasını təmin edir, beynəlxalq hüququn əvvəllər malik olduğu aliliyini bərpa edir, öz tarixi ilə yanaşı, beynəlxalq hüququn da yeni tarixini yazır”, - deyə deputat diqqətə çatdırıb.

Oxunma sayı 178