Artıq bir neçə gündür ki, dünya birjalarında neft qiymətləri ucuzlaşmaqda davam edir. Hazırda brent markalı neft birjalarda təxminən 38 dollara satılır.
Bəs görəsən, bu proses nə vaxta kmi davam edəcək? Ümumiyyətlə, neft bazarında qiymətlərin kəskin şəkildə düşməsinin səbəbləri nədən ibarətdir?
Bu suallarla bağlı hafta.az iqtisadçı-ekspert Sabit Bağırova müraciət edib.
- Sabit müəllim, son günlər dünya bazarında neft sürətlə ucuzlaşır. Sizcə, bu ucuzlaşmanın səbəbləri hansı faktorlarla bağlıdır?
-Hazırda neft bazarında qiymətlərin belə kəskin şəkildə düşməsinin iki əsas səbəb var. Birinci səbəb ondan ibarətdir ki, ümumiyyətlə dünya iqtisadiyyatında obyektiv bir proses gedir. Bu da koronavirusu ilə əlaqəlidir. Mövcud vəziyyət həm neftin istehsalına, həm ixracına təsir edir. Nəzərə almaq lazımdır ki, Çin neft bazarında əsas oyunçulardan biridir. Təbii ki, Çində koronavirisunun meydana gəlməsi və bu virusun dünyada sürətlə yayılması neft bazarında təlabatın azalmasına gətirib çıxarıb. Bu da öz növbəsində qiymətlərin ciddi şəkildə ucuzlaşmasına səbəb olub. İkinci səbəbə gəlincə, OPEK ölkələri, konkret olaraq Səudiyyə Ərəbistanı ilə Rusiya arasındakı neft qiymətləri siyasətində anlaşılmazlıqla bağlıdır. Səudiyyə Ərəbistanı sanki Rusiyanı cəzalandırmaq məqsədilə neft qiymətlərini gələn ay üçün də aşağı salıb. Bu isə o deməkdir ki, neft ixrac edən ölkələr, o cümlədən Azərbaycan üçün mövcud vəziyyət maliyyə itkisinə gətirib çıxarır.
- Bu prosesin Azərbaycana təsirləri hansı səviyyədə olacaq?
- Nəzərə almaq lazımdır ki, Azərbaycan gündə təxminən 700 min barrel neft ixrac edir. 700 min barrel neft üçün qiymət 10 dollar düşəndə bu 7 milyon dollar deməkdir. Bu isə az rəqəm deyil. Deyək ki, keçən həftənin sonu ilə indiki qiymətləri biz müqayisə etsək görərik ki, Azərbaycan bir neçə gündə bəlkə 20 milyon dollardan artıq vəsait itirib. Lakin mən deməzdim ki, bu Azərbaycan üçün katastrofik nəticələrlə yekunlaşan bir şeydir. Əslində Azərbaycanın imkanı var ki, belə sarsıntılardan çıxa bilsin. Çünki bizim neft gəlirləri yastığımız var. Həmin gəlirlər imkan verir ki, müvafiq tədbirlər nəticəsində bu sarsıntıların qarşısını alaq. Amma belə sarsıntılara əgər qiymətlər bu şəkildə qalarsa, bir il dözmək çətin olar. Bu bizə ciddi mənfi təsir göstərə bilər. Çünki 30 dollarla 55 dollar arasında 25 dollar fərq var. Düzdür, Azərbaycan nefti hazırda 30 deyil, daha baha qiymətə satılır. Hazırda qiymət düşünürəm ki, 40 dollardan aşağı deyil. Amma 40 ilə 55 dollar arasında 30 faizə yaxın fərq var. Bu isə o deməkdir ki, Neft Fondunun, Azərbaycan büdcəsinin gəlirləri azalır. Lakin yenə də vurğulayıram ki, indiki proseslər katastrofik nəticələrə gətirəcək səviyyədə deyil. Azərbaycan hökümətinin kifayət qədər imkanı var ki, əgər proseslər uzun müddət davam etməzsə, bu situasiyadan çıxsın.
- Gələn həftə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Texniki Komitəsinin iclası keçiriləcək. Bu iclasdan gözləntiləriniz nədən ibarətdir?
- Bu barədə heç bir məlumatım yoxdur.
- Rusiyanın energetika naziri Aleksandr Novak bəyan edib ki, neftin qiymətinin kəskin azalmasından əvvəlki səviyyəyə bir neçə aya qayıdacağını gözləyirlər. Siz, neft bazarında müşahidə olunan mövcud gərginliyin nə vaxtadək davam edəcəyini proqnozlaşdırırsınız?
- Brent markalı neftin qiymətinin yaxın aylarda 50 dollara qayıdacağı ehtimalı aşağıdır. Amma qiymətlər 40 dollara yaxınlaşa bilər. Görək indi koronavirus ilə bağlı situasiya necə inkişaf edəcək. Çünki çox şey də bu virusdan asılıdır. Mən deyərdim ki, bu dəqiqə neft bazarındakı gənginliyin ən əsas səbəbi elə koronavirusdur. Çünki bu virus mualicəsi olmayan bir xəstəlikdir. Bu virusun daha geniş yayılacağı təqdirdə, bizi hansı sarsıntıların gözləyəcəyini təsəvvur etmək elə də çətin deyil.