Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətinə çevrilib

15:15 19.10.2011
Yazını böyüt
Yazını kiçilt

Rəşad Həsənov: “Ölkəmiz Ermənistanı və Gürcüstanı iqtisadi cəhətdən qat-qat üstələyib“

“Müstəqilliklərinin 20 illiyini qeyd edən Cənubi Qafqaz ölkələri Azərbaycan istisna olmaqla iqtisadi inkişaf baxımından ciddi uğur əldə etməyiblər“.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) eksperti Rəşad Həsənov “Həftə içi“nə açıqlamasında belə deyib. Onun sözlərinə görə, əgər 1990-cı ildə Ermənistanın ümumi daxili məhsulu (ÜDM) 2,2 milyard dollar idisə, 2010-cu il 9,8 milyard dollar olub. Həmin il Gürcüstanın ümumi daxili məhsulu 8,5 milyard dollar təşkil edib. Bununla da Cənubi Qafqazda 50 faiz paya sahib olub: “Ötən 20 il ərzində qonşu ölkələrin heç birində bu qədər artım baş verməyib. Azərbaycanda isə iqtisadi vəziyyət tamamilə fərqlidir. Çünki müstəqilliyini əldə etdikdən qısa müddət sonra ölkə sürətlə neft və qaz ixracatçısına cevrildi. Bu da 1990-cı il üçün ümumi daxili məhsulu 6,5 milyard dollar olan Azərbaycanın Cənubi Qafqazdakı 35 faizlik payının 75 faizə və yaxud 52 milyard dollara qədər artmasına gətirib çıxarıb“.
Həmsöhbətimiz vurğulayıb ki, Qafqaz ölkələrində ümumi və fərdi xarakterli iqtisadi problemlər mövcuddur. Onun fikrincə, ümumi problemlər sırasına SSRİ-nin dağılması ilə qırılmış iqtisadi bağlar, həll edilməmiş dövlətlərarası münaqişələr, inzibati amirlik metodu ilə idarə edilən iqtisadi sistemin azad bazar munasibəti ilə əvəzlənməsində yaranan cətinliklər və sair aiddir: “Azərbaycan ərazilərini işğal etməsi Ermənistanı 1993-cu ildə Türkiyənin iqtisadi embarqosu ilə üz-üzə qoyub. Faktiki Ermənistan iqtisadiyyatı ən böyük qonşusunun bazarından məhrumdur. Digər tərəfdən, Qarabağda yeni bir müharibənin başlaması ehtimalı investisiya qoyuluşlarını əngəlləyir. Üstəlik Ermənistan regional layihələrdə Azərbaycanın haqlı etirazı səbəbindən iştirak edə bilmir“.
Ekspert deyir ki, bütün bunlar Ermənistanın regionda nüfuzunu və beynəlxalq əhəmiyyətini azaldır və iqtisadi dividentlərindən məhrum edir. Azərbaycanda isə iqtisadiyyatın bütün sahələrində müşahidə olunan irəliləyişlər region ölkələrinin geridə qaldığını konkret faktlarla sübut edir. Onun sözlərinə görə, Ermənistanda rəqabət qabiliyyətli istehsalın olmaması 3,2 milyard dollar idxala qarşılıq 1,1 milyard dollar ixraca gətirib çıxarıb. İşsizlik rəsmi olaraq 7,1 faiz göstərilsə də, faktiki iş qabiliyyətli ermənilərin 35-40 faizi ya tamamilə işləmir, ya da təminatsız yerlərdə işləyir. Nəticədə iş qabiliyyətli insanların çoxu Ermənistanı geri dönməmək şərti ilə tərk edib: “Təkcə 2010-cu ildə işsizlik səbəbindən 86 min nəfər ölkədən gedib. Onu da qeyd etmək lazımdır ki, Ermənistan Cənubi Qafqazda 238 dollar orta aylıq əməkhaqqı ilə sosial problemlərin ən qabarıq olduğu cəmiyyətə sahibdir“.
Rəşad Həsənov onu da bildirib ki, iqtisadi inkişafın böyük həcmdə neft və qaz sənayesinin payına düşməsi Azərbaycanın birtərəfli inkişafını şərtləndirir. Bu isə gələcəkdə qlobal iqtisadi böhran şəraitində əlavə problemlər yarada bilər. Onun sözlərinə görə, hazırda Azərbaycanın ümumi daxili məhsulunda neft və qaz sektorunun payı 55 faizi üstələyir: “Nəticədə ölkəyə daxil olan vəsaitlərin çoxluğu inflyasiyanı sürətləndirir. Orta aylıq əməkhaqqının 460 dollar olmasına baxmayaraq, əhalinin həyat səviyyəsi qonşu ölkələrdən cox da fərqlənmir“.
Müsahibimiz bildirir ki, yeraltı sərvətlər Azərbaycanı geostrateji layihələrin region üzrə tək iştirakçısı etsə də, gəlirin bir hissəsi inflyasiyanın qurbanına cevrilir. Həmçinin neft sektoru əməktutumlu sahə olmadığından burada calışanların sayı ümumi məşğulluğun 0,8 faizini təşkil edir.
Rəşad Həsənov digər sahələrlə müqayisədə kənd təsərrüfatı sektorunun geridə qalmasına da münasibət dildirib. O, son 20 il ərzində aqrar sektorun geriləməsinin bir səbəbini də ölkə ərazisinin 20 faizinin işğal altında olması ilə əlaqələndirib: “Əhalinin 38,3 faizi bu sektorda calışsa da, ÜDM-dəki payı 8,2 faizlə məhdudlaşır. Həmçinin xidmət sahəsində də oxşar problem mövcuddur“.
Təbriz Vəfalı
Oxunma sayı 153