Azərbaycan “davamlı inkişaf məqsədləri indeksi”nə görə regionda liderdir

17:56 11.07.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan BMT-nin “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, “Davamlı inkişaf məqsədləri indeksi”nə görə Azərbaycan regional liderdir. Ölkəmiz 54-cü yerdə qərarlaşaraq bütün qonşularını geridə qoyub. Hesabatda Rusiya 57-ci, Gürcüstan 58-ci, İran 59-cu, Qazaxıstan 65-ci, Türkiyə 70-ci, Ermənistan 75-ci və Türkmənistan 114-cü mövqedədir.  Azərbaycan səhiyyə, rifah, yoxsulluq, qidalanma, təmiz su, təmiz enerji, davamlı şəhərlər və icmalar, sülh, ədalət və güclü institutlar kimi BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə irəliləyişlər edib. Ölkəmiz “davamlı inkişaf məqsədləri indeksi”nin mümkün 100 balından 72,6 bal toplayıb. Şərqi Avropa və Mərkəzi Asiya regionunda “davamlı inkişaf məqsədləri indeksi” üzrə orta göstərici 70,9-dur. Hesabata əsasən Azərbaycanda gündəlik gəliri 3,2 dollardan az olan yoxsul qeydə alınmayıb. Azərbaycanda hər 100 min nəfərə ana və körpə ölümü kimi göstəricilərdə yaxşılaşma olub. Bərabərsizliyi ifadə edən Cini əmsalı ölkəmizdə 38,6 olmaqla dünyada ən yaxşı göstəricilərdən biridir. Qeyd edək ki, Azərbaycanın BMT-nin davamlı inkişaf məqsədləri üzrə regional liderə çevrilməsi Prezident İlham Əliyevin BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə üst-üstə düşür.

 “BMT-nin Davamlı İnkişaf hesabatı dünyanın aparıcı hesabatlarından biri kimi qiymətləndirilir. Nəzərə alsaq ki, bu hesabat hazırlanan zaman fərqli indikatorlardan istifadə olunur, həm iqtisadi, həm sosial, bütövlükdə bu sahədə aparılan islahatların nəticəsi kimi makroiqtisadi və sosial göstəricilərdə baş verən dəyişikliklər hesabatda öz əksini tapır”. Bu fikirləri hafta.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib.

Deputat vurğulayıb ki, Azərbaycanın BMT-nin 2020-ci il hesabatında regionunun lider ölkəsi olması sevindirici haldır: “Biz regionun aparıcı ölkələri hesab olunan Rusiya və Türkiyədən öndəyik. Azərbaycanın balı region üzrə orta baldan daha yüksəkdir. Bu da ondan xəbər verir ki, Azərbaycan hesabatda daha çox Mərkəzi-Şərqi Avropa ölkələri ilə müqayisə olunur. Davamlı inkişaf indeksində Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırması birbaşa Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi və sosial islahatların nəticəsi, eyni zamanda, beynəlxalq qiymət kimi xarakterizə olunmalıdır. Çünki həyata keçirilən islahatlar bir tərəfdən iqtisadiyyatın inkişafı, eləcə də dayanıqlığın və inklüzivliyin təmin edilməsinə imkan yaradır. Digər tərəfdən isə bu, sosial təminatın gücləndirilməsi üçün yeni imkanlar yaradır. Ötən il Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə iki sosial paket tətbiq olundu. Bu paketlər həm minimum əməkhaqqı, həm orta aylıq əməkhaqqının təxminən iki dəfə artımı ilə nəticələndi. Belə ki, orta aylıq əməkhaqqı da və minimum pensiyada 93 faizdən çox artım qeydə alındı. Bu, sosial indekslərin daha da yaxşılaşdırılmasına və vətəndaşlarımızın sosial təminatının daha da gücləndirilməsinə imkan yaratdı. 2020-ci ildə pandemiyanın təsirləri, eləcə də qlobal bazarlarda, o cümlədən neft bazarında volatilliyin yüksək olmasına baxmayaraq sosial proqramlar icra olunur. Bu, ondan xəbər verir ki, davamlı inkişaf Azərbaycan üçün prioritetdir. Aparılan islahatlar növbəti illərdə də Azərbaycanın daha da inkişafı üçün bir zəmin yaradır”.

"Son 17 ildə Azərbaycan iqtisadiyyatı ciddi əsaslarla inkişaf edib. Bu əsaslar neft gəlirlərinin qeyri-neft sektoruna yerləşdirilməsi, gələcəyə hesablanmış iqtisadi proqramların uğurla icrası və valyuta ehtiyatların yaradılmasından ibarət olub". Bunu isə millət vəkili Azər Badamov deyib.

Deputatın sözlərinə görə, 2003-cü ildən ölkə iqtisadiyyatına 250 milyard dollardan çox investisiya yatırılması sayəsində ölkəmizin karbohidrogen ehtiyatların ixrac kəmərləri, beynəlxalq logistik nəqliyyat dəhlizləri, ölkə daxili infrastruktur tikilib, Azərbaycan dünyanın ən sürətli inkişaf edən iqtisadiyyatına malik ölkələrin sırasına daxil ola bilib: "Son 16 ildə baş vermiş qlobal iqtisadi böhranlardan Azərbaycan üzü ağ çıxıb, manatın kəskin ucuzlaşması nəticəsində əhalinin xarici valyuta ilə götürülmüş kreditlərlə bağlı problemi MDB məkanında ən yüksək səviyyədə həll olunub. Ümumiyyətlə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan dövlət siyasətinin təməlində sosial siyasət dayandığından dövlət gəlirləri hesabına həyata keçirilən layihələrin əsas hissəsi insanların sosial rifahına xidmət edir. 2019-cu ilin sonundan neftin qiymətinin dünya bazarlarında kəskin aşağı enməsi, mart ayından qlobal pandemiyanın təsirindən dünyada iqtisadi fəallığın aşağı düşməsi və dövlət resurslarının insanların sağlamlığına yönəlmdilməsi ölkəmizin iqtisadiyyatına da öz mənfi təsirini göstərib. Bu, son 5 ayın iqtisadi göstəricilərində inkişaf etmiş ölkələrin iqtisadiyyatlarını 7-8%-ə qədər gerilədiyi halda Azərbaycan iqtisadiyyatı cəmi 1,7% azalıb.

Baxmayaraq ki, ölkədə tətbiq olunmuş karantin tədbirləri nəticəsində turizm sektoru tamamilə dayanmasına və digər sahələrdə də iqtisadi fəallıq aşağı düşməsinə rəğmən son 5 aydakı azalma o qədər də böyük rəqəm hesab olunmur. Dünya iqtisadiyyatı üçün yenidən iqtisadi böhranla üzləşdiyi bu ağır dövürdə neft gəlirlərinin kəskin aşağı düməsinə və ilin əvvəlində dövlət büdcəsində nəzərdə tutulmayan 3,5 milyard manata qədər vəsaiti pandemiya ilə əlaqədar dövlət dəstəyi proqramlarına yönəldilməsinə baxmayaraq valyuta ehtiyatlarımız cəmi 98 milyon manat azalıb. Ümumi iqtisadiyyatımızın azalmasına baxmayaraq kənd təsərrüfatın 3%, qeyri-neft sənayesinin isə 16%-dən çox artması son illərdə ölkəmizdə həyata keçirilən qeyri-neft sektorun diversifikasiyası siyasətinin uğuru hesab etmək olar. Ölkəmizdə aparılan geniş islahatlar öz səmərəsini verib, qlobal pandemiya ilə uğurla mübarizə aparmasına, ölkə iqtisadiyyatının fəallığının yenidən bərpasına və az itkilərlə ili başa vurmağaımıza imkan verəcək".

 

Oxunma sayı 3080
Gündəm rubrikasından digər xəbərlər