Azərbaycan dindarları milli-mənəvi və ümumbəşəri dəyərlərə ehtiram bəsləyən Zati-alilərinizlə qürur duyurlar - Dini icmaların rəhbərləri Prezidentə minnətdardır

16:01 05.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Möhtərəm cənab Prezident.

Biz, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Zati-alilərinizi salamlamaqdan şərəf duyur, Azərbaycan xalqı və dövləti naminə fəaliyyətinizə, dünya miqyasında dəyər kəsb edən təşəbbüslərinizə Uca Yaradandan uğurlar diləyirik.

Möhtərəm cənab Prezident, Azərbaycan dindarları milli-mənəvi və ümumbəşəri dəyərlərə ehtiram bəsləyən Zati-alilərinizlə qürur duyurlar. Siyasi iradəniz sayəsində dünyada sülh və anlaşma tərəfdarı, mədəniyyətlər, sivilizasiyalar, dinlərarası dialoq prosesində aparıcı mərkəzlərdən biri kimi tanınan Azərbaycanda din-dövlət münasibətlərinin yüksək səviyyəsinin təmini istiqamətində əməli addımlarınız, milli-mədəni irsin dirçəlişinə göstərdiyiniz maddi və mənəvi yardım, dini abidələrə dövlət səviyyəsində qayğı və himayə müdrik siyasət nümunəsidir. Dünyanın bütün sahələrdə çətin dövr yaşadığı bir zamanda Zati-alilərinizin dini icmalara yardımını əsirgəməməsi dövlət-din münasibətlərinin yüksək səviyyəsinin göstəricisi və dövlət xadimi olaraq ali mənəviyyat sahibliyinizə dəlalət edən haldır. Uca Yaradan belə əməllər sahibinin bütün səylərinə rəvac verər.

Zati-aliləri, dünya mürəkkəb böhran içərisində ikən Siz “Biz birlikdə güclüyük!” şüarı ilə cəmiyyəti səfərbər edərək müqəddəs dəyər olan insan həyatının qorunması yönündə fövqəladə tədbirlərinizlə, ölkə daxilində sosial layihələriniz, real yardım və dəstəyinizlə, xarici ölkələrə humanitar yardımlarınızla insan həmrəyliyinin bariz nümunəsini dünyaya nümayiş etdirirsiniz. Azərbaycan dindarları Sizin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqımızın ümumi rifahının daha da yaxşılaşdırılması, siyasi, iqtisadi, müdafiə qüdrətinin artırılması istiqamətində gördüyünüz işləri yüksək dəyərləndirir, Uca Yaradanın lütfü, Zati-alilərinizin rəhbərliyi ilə gələcəyimizə ümidlə baxır, Azərbaycanın əmin-amanlığını, tərəqqisini təmin edən siyasi dəst-xəttinizi hər zaman dəstəkləyirlər. Bu dəyər və münasibəti, ehtiram və məhəbbəti Siz özünüzün bəşəri təfəkkürünüzlə və qlobal səylərinizlə, dini-mənəvi irsə, milli və ümumbəşəri dəyərlərə ali diqqət və qayğınızla haqq etmisiniz. Dualarımız hər zaman Sizinlədir.

Möhtərəm cənab Prezident, dini konfessiya rəhbərləri olaraq, ölkə dindarlarının iradəsini ifadə edərək bir daha Sizə ali diqqət və davamlı maddi-mənəvi qayğınıza görə dərin minnətdarlığımızı bildirir, Sizə və ailənizə cansağlığı, xoşbəxtlik, şərəfli fəaliyyətinizdə uğurlar diləyirik. Bir olan Yaradanımız hər zaman yardımçınız olsun, öz lütf və mərhəmətini hər zaman Azərbaycan xalqı və dövləti üzərində bərqərar etsin, Azərbaycanı və bütün Yer kürəsini hifz etsin! Amin!

Dərin hörmət və ehtiramla,

Şeyxülislam Allahşükür Paşazadə

Qafqaz Müsəlmanları İdarəsinin sədri,

Aleksandr

Bakı və Azərbaycan Arxiyepiskopu,

Melih Yevdayev

Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri,

Vladimir Fekete

Roma Katolik Kilsəsinin Azərbaycandakı Yepiskopu,

Aleksandr Şarovski

Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri

Robert Mobili

Alban-udi icmasının rəhbəri

Azərbaycan Respublikası, Bakı şəhəri.

Oxunma sayı 1486
Siyasət rubrikasından digər xəbərlər