Azərbaycan ictimaiyyətindən Fransaya sərt reaksiya - SORĞU

13:21 26.11.2020 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Xəbər verildiyi kimi, noyabrın 18-də Fransa Senatının Rəyasətində erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma "Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair" 145 nömrəli qətnamə layihəsi təqdim olunub, noyabrın 25-də müzakirə edilərək qəbul olunub.

Bu qətnamə Azərbaycan üçün adi kağız parçası olasa da, qabaqlayıcı tədbirlər görülməli və zəruri addımlar atılmasını da tələb edir.

Bu barədə vəziyyəti hafta.az-a şərh edən politoloq və deputatlar çox ciddi nüanslara diqqət yetiriblər.

Deputat Qənirə Paşayeva, hafta.az-a bildirib ki, Fransa işğalçı və seperatçıları dəstəkləməklə özünü ifşa etdi. Onun fikrincə, Fransa rəhbərliyinin, bu Qərbi Avropa ölkəsinin dövlət orqanlarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə tutduğu mövqe, əslində, tam mövqesizlikdir, hüquqtanımazlıqdır.  Fransanın bu mövqeyə istinadən etdiyi hərəkətlər ən elementar tənqidə belə tab gətirmir.

“İlk növbədə ona görə ki, Fransa BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən birdir, bu onun üzərinə tarixi, siyasi, mənəvi məsuliyyət qoyur. İkincisi, Fransa ATƏT-in Minsk Qrupunun həmsədridir – yəni ədalətli sülh arayışına əsas məsuliyyət daşıyan 3 ölkədən biridir. Fransa hakimiyyəti bu mandatın fərqində olmağa borcludur. Üçüncüsü, Fransa Qafqaz dövləti deyil, Qafqaz dövlətləri ilə həmhüdud deyil; hətta, ermənilərlə, azərbaycanlılarla, ümumən Qafqaz xalqları ilə etnik, mədəni bağlara malik deyil. Belə olunca, neytral qalmaq, əsl vasitəçi ləyaqəti göstərmək üçün heç bir bəhanəyə yer qalmır. Bütün bu faktlara, məsuliyyət bölgüsünə baxmayaraq, Fransa, ikilistandartlarla davranmağı, anti-Azərbaycan ovqatını siyasi müstəvidə möhkəmlədib, hüquqi müstəviyə daşımaq yolu tutmağı özünə yaraşdırır. “Hüquqi müstəvi” deyirik, əslində, tam “hüquqa zidd müstəvi” deməliyik”.

Q.Paşayeva bildirib ki, Fransa Respublikası Senatında qondarma “Artsax Respublikası”nın tanınmasının mümkünlüyü haqqında sənədin müzakirəyə çıxarılması Azərbaycanın dünya birliyi, beynəlxalq ictimaiyyət tərəfindən, o cümlədən Fransanın özü tərəfindən tanınmış suverenliyinə, ərazi bütünlüyünə qarşı qəsddir.

“Bu, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış suveren hüquqlarına, birgəyaşayış normalarına qarşı çox kobud müdaxilə cəhdidir. Bunlar Qafqazın iki dövləti arasında ədalətli sülh arayışının elementar tələblərinə cavab verirmi? – Əsla, yox! Özü də bütün bu hüquqtanımazlıqlar nə zaman baş verir? – Müharibənin hərbi mərhələsinin başa çatdığı, siyasi-diplomatik mərhələnin başladığı, ədalətli nizamlanmaya inam yarandığı bir dövrdə… Fransa 44 gün ərzində də erməniyanlı mövqe tutmuşdu, Fransa Ermənistan-Azərbaycan elanolunmamış müharibəsinə münasibətdə, demək olar, həmişə Ermənistanın yanında durub. Ona görə, heç olmazsa, müharibənin başa çatıb, siyasi çözümün başladığı dövrdəsə, Fransa öz dövlət  imicinin, vasitəçi mandatının qayğısına qalmağa borcluydu. 

Fransanın hazırkı beynəlxalq hüququtanımazlığı ədalətlə, humanizmlə, beynəlxalq hüquq normaları ilə tam ziddiyyət təşkil edir. Bu, bitmiş müharibəni yenidən başlamaq fitnəkarlığıdır. Bu, tərəfləri yeni qanlı toqquşmalara təhrik etmədən başqa bir şey deyil. Bu, hazırkı Fransa hakimiyyətinin gələcək nəsillər qarşısında tarixi yanlışlığı olub, humanizm prinsiplərini çiynəməyin ta özüdür. Bu, ATƏT-in Minsk Qrupunda həmsədrlik instituna yaxud tərkibə mütləq şəkildə baxmağın qaçınılmazlığından xəbər verir.  Artıq Fransa həmsədr olma hüququnu özü öz əməlləri ilə itirmişdir.

Beləliklə, bir qrup ermənipərəst, islamafob, anti-türk, anti-Azərbaycan ovqatlı senator tərəfindən təklif edilən və Fransa Senatında qəbul edilən “Dağlıq Qarabağ Respublikasının tanınmasının labüdlüyü” adlı bədnam qətnamə fransız mədəniyyətinə, respublikaçılığa, sülhyaratma mandat-missiyasına, Qərb demokratiyasına... üzr istəyirəm, tüpürməkdir. Qondarma “respublika”nın tanınması ilə bağlı bu bədnam qətnamənin Fransa Senatında qəbul edilməsi Azərbaycan Respublikasının Fransanın özü də daxil olmaqla, beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünə və beynəlxalq hüququn əsas prinsiplərinə açıq-açığına kobud müdaxilədir. Bu ədalətə, hüquqa, əməkdaşlığa, bir sözlə, dövlətlər, xalqlararsı münasibətlər sisteminə həqarətdir. Bu həqarət, tarixi yanlışlığa qol qoyan,səs verən bütün senatorların vicdanında qara ləkə olaraq qalacaqdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və işğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılması ilə bağlı ən məşhur sənəd BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədir. Həmin qətnamələri heçə sayan Fransa özü də, həmin qətnamələrin qəbul edilməsinə səs vermişdir. – Deməli, Fransa Senatının bu addımı özü özünü inkar anlamı daşıyır.

Sirr deyil ki sözügedən bədnam sənəd Fransadakı erməni lobbisi və ermənipərəst qüvvələrin Senata təzyiq və təsirinin nəticəsidir. Lakin bu, Senatın belə bir bədnam qətnamə qəbul etməsinə bəraət qazandırmır.

O da sirr deyil ki, Fransa bölgədə Türkiyə və Rusiyanın ön plana çıxmasından, özünün arxa planda qalmasına razı deyil, bundan rahatsızdır. Ancaq duruma obyektiv əsaslarla baxmaq lazımdır və Fransanın özünün özünə etdiklərinə görə başqaları cavab verməyə borclu deyil.

İşğaldan azad olunmuş Azərbaycan torpaqlarında digər dinlərə məxsus dini və mədəni abidələrin qorunması ilə bağlı guya hansısa problemin mövcudluğu ilə bağlı fransız rahatsızlığına gəldikdə isə... bu, ən yumşaq ifadə ilə desək, gülünc iddiadır. Fransa 27-30 il boyu Ermənistanın işğalı altında qalmış Azərbaycan torpaqlarındakı yaxud Ermənistan ərazisindəki dini, tarixi, mədəni abidələrimizə qarşı törədilmiş vandalizmi nə üçün görmür? Yoxsa, bizim abidələri dağıtmaq olar və bu, fransızlar üçün problem sayılmır? – Ötən illər ərzində işğal olunmuş ərazilərdə İslam dininə xas abidələrin barbarcasına dağıdılmasına, qədim albanlara məxsus dini, tarixi məbədlərin erməniləşdirilməsinə Fransa daxil bir çox dövlətin, beynəlxalq təşkilatların səssiz qalmasını hansı kitaba yazaq? Guya Fransada bilmirlərmi ki Azərbaycan Respublikası multikultural dövlət olaraq işğaldan azad olunmuş ərazilərdə dağıdılmış islam və qeyri-islam dininə mənsub bütün abidələri bərpa edəcək və onların dövlət səviyyəsində qorunmasını təmin edəcəkdir. – Bu, bizim dövlətin xarakteridir. Belə tolerant davranış bizim milli xüsusiyyətimizdir, biz bunu kiməsə, nəyəsə görə etmirik. Buna dair onlarla fakt var və o faktlar beynəlxalq ictimaiyyətə yaxşı məlumdur. Azərbaycanda etnik və dini zəmində tolerantlıq nəinki monoetnik, qeyri-tolerant Ermənistan cəmiyyəti ilə, bir çox Avropa ölkələri ilə müqayisədə ən yüksək səviyyədədir. Azərbaycanda digər dinlərə məxsus abidələrin mövcud durumu dediklərimizə bariz örəkdir”.

Deputat onu da deyib ki, Fransa hökuməti adından bildirilən rəsmi açıqlamada Fransa Senatının dünən qəbul etdiyi bədnam qətnamənin hüququ təsiri olmadığı, tövsiyə xarakterli sənəd olduğu bildirib: “Bu, Fransa hökumətinin siyasəti deyil, Ermənistanın siyasəti deyil, ortaqların siyasəti deyil”.

“Fransa Xarici İşlər Nazirliyi hesab edir ki, Fransanın Dağlıq Qarabağın müstəqilliyini birtərəfli şəkildə tanıması heç kimə fayda verməyəcək. Fransa boyda bir dövlətin qanunverici orqanı Ermənistan kimi bir cırtdan dövlətin haqsız tələb və iddialarının girovuna çevrilməməliydi. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin də vurğuladığı kimi, Senatın qətnaməsi bizimçün bir kağız parçasından artıq deyil və heç bir təsiri ola bilməz”.

Deputat hesab edir ki, bu qətnamənin qəbulundan Azərbaycan hansısa fövqəladə itkilərə məruz qalmayacaq, bəlkə Fransanın özünün itirəcəkləri olacaqdır.

“Və Ermənistan hakimiyyəti də sanmasın ki, qazanan tərəf olacaq. Uğursuz bir dövlət, məğlub dövlət bir qətnamə ilə dirçələ bilməyəcək, əksinə, gələcək danışıqlarda, özü də, onu birtərəfli qaydada müdafiə edən Fransa da tam etibarsız tərəf olacaq. Azərbaycan Respublikasının ərazisində yaşayan ermənilər də bundan bir qazanc gözləməsin. Onların qazancı, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi” olardı...”

Politoloq Ramiyə Məmmədova hesab edir ki, Fransa Senatında gəbul olunan sənəd diplomatiya nümayəndələrimizin və diasporamızın öz işini daha da gücləndirməsini tələb edir.

Onun sözlərinə görə, Dağlıg Qarabağ müharibəsi başlayandan bu yana Fransa erməni lobbisi durmadan fəaliyyətdədir. Politoloq hesab edir ki, Fransanın bu sənədi kağız parçası, yaxud əhəmiyyətsiz hesab olunsa da, Azərbaycan tərəfi qabaqlayıcı addımlarını görməlidir və  Azərbaycan öz səfirini məsləhətləşmək üçün geri çağırmalıdır.

“Eləcə də Azərbaycan Fransanın Minsk Qrupunda olan həmsədr dövlət olaraq qəti şəkildə rədd etməlidir. Təbii o zaman bizdə acil olaraq Korsikanı tanımaq üçün Milli Məclisə sənəd göndərməliyik. Fransanın siyasi və diplomatik münasibətləri pozmağa yönələn bu addımının davamının digər dövlətlərdən də gözləmək lazımdır. Amerikanın yeni prezidenti Makrona dəstək çıxan erməni diplomatiyası və diasporası yeyib- içmək, gəzmək yox, qərəzli, məqsədyönlü işlərlə məşğul olur. Nəticə Senatın gəbul etdiyi bu sənəddir. Bizim müharibə döyüş meydanında udmagla bitmir, bizim mübarizəmiz hələ təzə başlayır diplomatik və siyasi müstəvidə”.

Politoloq Elçin Alıoğlu bildirib ki, əgər Fransa senatorlar düşünürlərsə ki, bu kağız parçası Bakını nəyəsə vadar edə bilər - yanılırlar. Amma Paris üçün Moskva, Ankara və Bakı bütün qapıları bağlaya bilərlər.

“Bu sənəd hüquqi baxımdan Fransa hökümətinə "Dağlıq Qarabağın dövlət müstəqilliyini tanımaq"la bağlı çağırışdır. Qətnamədə "Azərbaycanın Türkiyənin hakimyyət dairələri və muzdlular vasitəsilə həyata keçirdiyi silahlı aqressiya qətiyyətlə pislənir". Absurdluğu və həyasızlığı ilə təəccüb doğuran sənəd Azərbaycanı "son hərbi əməliyyatlar nəticəsində tutduğu ərazilərdən qoşunları dərhal çıxarmağa" çağırır. Senat habelə Fransa hökumətindən tələb edir ki, "ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olaraq Qarabağda sərhədlərin 1994-cü ilin mayında atəşkəslə bağlı imzalanmış müddətsiz üçtərəfli anlaşmaya uyğun olaraq bərpası üçün bütün gərəkli addımları atsın".

E.Alıoğlu bildirib ki, qətnamənin hüquqi qüvvəsi yoxdur.

“Fransa bütün sərhədləri yandırdı və gerçək niyyətini ortaya qoydu. Fransa Senatına nə qarabağlı ermənilər, nə də Qarabağ gərək deyil - dava geosiyasi divident davasıdır. Rəsmi Parisin belə sarsaq addım atacağını sanmıram. Bu sadəcə sadəcə, Fransadakı erməni diasporuna yarınmaq və ən başlıcası, Cənubi Qafqazdakı proseslərdən kənarda qalmamaq cəhdidir”.

Politoloq hesab edir ki, proseslərin bundan sonra hansı məcrada inkişaf etməsindən asılı olmayaraq Azərbaycan Fransanın rəhbərliyini yerində oturtmalıdır.

“İlkin mərhələdə; Fransadakı səfirimiz məsləhətləşmələr üçün Bakıya geri çağırılmalıdır. Fransanın "Total" neft-qaz korporasiyası Azərbaycandakı bütün neft-qaz layihələrindən kənarlaşdırılmalıdır. Fransanın ATƏT-in Minsk Qrupunda həmsədrlikdən kənarlaşdırılması tələb olunmalı və bu sahədə müvafiq diplomatik fəaliyyətə başlanmalıdır.

Politoloq, 2-ci bəndin Fransa rəhbərliyini əməllicə "ayıldacaq"ına və digər, sonrakı addımlara zərurət qalmayacağına ümid etdiyini bildirib.

Politoloq Elxan Şahinoğlu hafta.az-a şərhində Fransanın Azərbaycanın əraziləri ilə bağlı qərarını BEZ PARÇASI adlandırıb.  Politoloq bildirib ki, Fransa Emmanuel Makron dönəmində ən həyasız siyasət yürüdür.

“Makronun dərdi əslində Ermənistan və ya Dağlıq Qarabağın statusu deyil. Dərdi Türkiyə, Ərdoğandır. Franssa hər cəbhədə Türkiyəyə məğlub oldu. Həm Aralıqda, həm Yaxın Şərqdə, həm də Cənubi Qafqazda Türkiyənin qarşısını ala bilməyən Fransa istənilən halda Türkiyənin Cənubi Qafqaza daxil olmasından narahatlıq keçirir və hər vəchlə müdaxilə etmək istəyir. Sadəcə bizə deyil, Birləşmiş Ştatlara qarşı da eyni ritorikadan çıxış edirdi Makron. Dünya Müharibəsinin 100 illiyi münasibətilə təşkil edilən tədbirdə Makron Avropa Ordusu ideyasını ortaya atdı. Həmin Avropa ki Serbiyada qalmışdı ortalıqda. ABŞ olmasaydı bacara bilməyəcəkdi. Elə Tramp da həmin prosesləri xatırlatmışdı Makrona”.

E.Şahinoğlu bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin Afrində həyata keçirdiyi anti-terror əməliyyatı zamanı Fransanın çox məşhur qəzetlərinin birində belə başlıqla bir xəbər paylaşıldı ki, " Türkiyəyə Kipr məsələsində mane ola bilmədik, amma bu dəfə mütləq qarşısını almalıyıq ".

“Türkiyə NATO-nun ikinci ən güclü ordusuna malikdir. Regionda əsas oyunçulardan biridir və bunu daha da genişləndirməkdə davam edir. Fransanın birmənalı şəkildə bütün bu prosesləri kənardan izləməsi ehtimal ki, Emmanuelin hiddətinə səbəb olub. Ancaq nə fayda ?! Ərdoğan cavabını gecikdirmir.

Fransanın Qarabağla bağlı şəxsi maraqları təbii ki, var. Qızıl ! Kəlbəcər, Vejnəli ! Bundan sonra bütün bunlar əlindən çıxır. Sadəcə bu da deyil. Erməni lobbisi Fransada çox güclüdür. Hakimiyyətə, parlament üzvlərinə təsir imkanları çox genişdir”.

Politoloq hesab edir ki, Makron buna gedərsə Azərbaycanla bütün diplomatik əlaqələri kəsiləcək.

“Rusiya ilə də qarşı-qarşıya gələcək. Azərbaycanda milyard dollarlıq yatırımlar var. Bir sıra istiqamətlərdə əməkdaşlıq var. Bütün bunların üzərindən xətt çəkməlidir. Bütün separatizmlə mübarizə aparan ölkələrlə münasibətlərinə zərər gələcək. Bəs bununla nə qazanacaq ? Növbəti prezident seçkilərində erməni lobbisinin dəstəyinimi ? Fransızlar bunu bağışlayarmı ? Təbii ki, xeyr. Təsadüfi deyil ki, 2001-ci ildə qondarma erməni soyqırımını da məhz erməni lobbisinin çox güclü təzyiqi ilə təsdiq etmişdi. Makronun erməni fondunu ziyarəti zamanı səsləndirdiyi çıxış da məhz buna hesablanmışdı. " Mən istədim sizə kömək edim amma vəziyyət belədir ".

Makron buna getməsi sadəcə Azərbaycana və Türkiyəyə qarşı atılmış addım deyil. Eyni zamanda ATƏT-in Minsk qrupunun digər həmsədrləri, ABŞ və Rusiyaya qarşı da güvənin itməsi deməkdir. ABŞ Fransaya Sarı Jiletilər məsələsində ciddi mesaj vermişdi. Makron bütün bunları nəzərə alacaq!”

Millət vəkili Naqif Həmzəyev hafta.az-a bildirib ki, Fransa Senatının Ermənistanı müdafiə etməyə cəhd göstərməsi olduqca gülünc görsənir. Onun sözlərinə görə, son hadisələr Fransanın Minsk qrupunun həmsədri kimi fəaliyyətinə son qoyulmasını labüd edib.

“ Noyabrın 18-də Fransa Senatının Rəyasətində erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsinin təqdim olunması, noyabrın 25-də müzakirə edilərək qəbul olunması beynəlxalq hüquq normalarının, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulmasıdır. Təcavüzkar ölkənin törətdiyi terror aktlarına, soyqırımına, dinc əhaliyə qarşı amansızlığına, beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasına olan laqeyd münasibət Fransanın istər Minsk Qrupunun həmsədr ölkəsi, istərsə də BMT TŞ-nın daimi üzvü kimi məramını açıq-aydın ortaya qoydu”.

Deputatı bildirib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğal olunması, mülki əhalinin qətlə yetirilməsi, işğalçı dövlətin torpaqlarımızda etnik təmizləmə, ekoloji terror, qeyri-qanuni məskunlaşma və qanunsuz iqtisadi fəaliyyətlər aparmasına qarşı 30 il səssiz qalan Fransa Senatının son qərəzli mövqeyi bu ölkənin faşizm ideologiyasından qidalanan Ermənistana dəstəyinin növbəti nümayişidir.

“Ümumiyyətlə, ikili standartlar, beynəlxalq təşkilatlar tərəfindən hər hansı bir sanksiya tətbiq olunmaması hər zaman işğalçı ölkəni daha da azğınlaşdırıb, Ermənistan–Azərbaycan münaqişəsinin 30 il uzanmasına səbəb olub. Nəhayət, sentyabrın 27-dən başlayaraq mənfur qonşular ağır artilleriya qurğularından, ballistik raketlərdən, kasetli bombalardan istifadə etməklə ölkəmizə qarşı genişmiqyaslı hücumlara başladı. ATƏT-in Minsk Qrupunun həmsədri - Fransanın Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli naminə işğalçı tərəfə təsir göstərməməsi, məsələyə laqeyd münasibəti regionda sülhün, sabitliyin, tərəqqinin bərqərar olmasına maraqlı olmaması illərdi davam edən laqeydliyin səbəbini bir daha ortaya qoydu”.

N.Həmzəyev hesab edir ki, noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanatdan sonra da Fransanın ciddi şəkildə narahat olması da bu ölkə rəhbərlərinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olduqlarını sübut etdi.

“Münaqişənin həllinə birbaşa cavabdeh olan Fransa ilk günündən qeyri-obyektiv mövqe tutdu, Azərbaycan Ordusunun öz torpaqlarını işğaldan azad etməsinə qərəzli münasibət sərgiləyərək işğalçı Ermənistana dəstək olduğunu bildirdi. Başqasının torpağına göz dikən, bir milyon insanı evsiz-eşiksiz qoyan Ermənistanı dəstəkləyən Fransa hökuməti Azərbaycanın dünyada müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərə və beynəlxalq münasibətlər sisteminə öz baxışı olan bir dövlət kimi tanınmasını belə görməməzlikdən gəldi.

Fransa Senatının qəbul etdiyi Qətnamədə Azərbaycan və qardaş Türkiyənin ünvanına yer alan saxta ittihamı, Azərbaycanın guya xaricdən muzdlu terrorçuları döyüşlərə cəlb etməsi kimi böhtanları heç bir sübutla təsdiq olunmamış iddialardır. Fransa Senatı hətta utanmadan münaqişə bölgəsinə yaxın və oradan kilometrlərlə uzaqda yerləşən kəndləri, qəsəbələri və şəhərləri raket atəşinə tutan, dinc sakinlərin qətlə yetirilməsini, mülki obyektlərə, enerji və nəqliyyat infrastrukturuna ciddi ziyan vuran, hərbi təxribatlar törədən Ermənistanı qınamaq əvəzinə Azərbaycanı günahlandırır.

Bəli, bütün beynəlxalq təzyiqlərə baxmayaraq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz işğalçı Ermənistanı kapitulyasiyaya məcbur etdi. Belə bir Böyük Qələbənin, Zəfərin qarşısında erməni lobbisinin tam nəzarətində olan Fransa Senatının işğalçı ölkəni müdafiə etməyə cəhd göstərməsi olduqca gülünc görsənir. İşğalçı Ermənistana havadarlıq, himayədarlıq edənlər birdəfəlik bilməlidirlər ki, Azərbaycanın prinsipial mövqeyindən bir addım da geri çəkilməyəcək. Qarabağ Azərbaycandır!”

Oxunma sayı 3069
Siyasət rubrikasından digər xəbərlər