Azərbaycan iqtisadiyyatı ciddi problemlərlə üzləşə bilər

15:15 12.10.2011
Yazını böyüt
Yazını kiçilt

Ekspertlər bunu avronun ucuzlaşması fonunda manatın möhkəmlənməsi ilə əlaqələndirirlər

Bir aydır ki, avronun məzənnəsi manatla nisbətdə sürətlə ucuzlaşır. Ötən ayın əvvəli ilə müqayisədə avro manata nisbətən 6,5 faiz dəyərdən düşüb. Mərkəzi Bankdan verilən məlumata görə, sentyabr ayının 3-də 1 avro 1,1217 manata bərabər olub.

Dünən isə bu göstərici 1,0483 manata qədər düşüb. Eyni zamanda, bu, 13 yanvar 2011-ci ildən sonra qeydə alınan ən aşağı göstərici sayılır. Həmin tarixdə bir avro 1,0451 manat səviyyəsində olub. Ona görə də avronun ucuzlaşmasının və manatın güclənməsinin Azərbaycan iqtisadiyyatının əksər sahələrində müəyyən problemlər yaradacağı söylənilir.
Sözügedən məsələyə münasibət bildirən iqtisadçı-ekspert Əli Əlirzayev öncə dedi ki, ölkəmizin resurslarının və valyuta ehtiyatlarının bir hissəsinin avroda, bir hissəsinin isə dollarda saxlanılması nəzərə alınsa, avronun ucuzlaşmasının və manatın möhkəmlənməsinin ölkə iqtisadiyyatına təsirləri olacaq: “Bundan başqa, avronun ucuzlaşması Avropa Birliyi ölkələri ilə iqtisadi əlaqələrə də həmişə müəyyən təsir göstərir və göstərəcək də“.
İqtisadçı-ekspert Rəşad Həsənov isə Avropa İttifaqında (Aİ) böhranın gərginlik həddinə catdığını vurğuladı. Onun sözlərinə görə, bu hal dünya iqtisadiyyatına da öz mənfi təsirini göstərir. Almaniya parlamenti gərgin müzakirələrdən sonra Avropa Maliyyə Təhlükəsizliyi Fondunun ehtiyatlarının artırılması yönündə qərar qəbul edib. Bununla da EFSF-nin ehtiyatları Almaniyanın 210 milyard avro ödəməsi ilə 440 milyard avroya yüksəlib: “Xatırladım ki, banklarda özünü göstərən maliyyə çatışmazlıqlarının zamanında qarşısının alınmaması üzündən Yunanıstan iqtisadiyyatı tamamilə iflic olub. Hesab edirəm ki, 440 milyard avro ilə İtaliya, İspaniya, Portuqaliya və İrlandiya kimi ölkələrdə böhranı yalnız gecikdirmək olar. Bu səbəbdən də daha ciddi işlər görülməli, antiböhran tədbirləri sürətləndirilməlidir. Maliyyə qurumları arasında mükəmməl kordinasiya qurulmalıdır. Bunun üçün hətta yeni təşkilat da yaradıla bilər. Həmin təşkilat avrozonadakı bütün növ maliyyə axınlarını nəzarətə götürməlidir. Bu da maliyyə qurumlarının problemlərdən daha tez xəbər tutmasına imkan verəcək. Ona görə də yaranmaqda olan iqtisadi böhrana qarşı dünya ölkələri birlikdə mübarizə aparmalıdırlar. Əks halda dünya iqtisadiyyatı, o cümlədən Azərbaycan iqtisadiyyatı da ciddi təhlükə ilə üz-üzə qalacaq“.
İqtisadçı-ekspert Vüqar Bayramov isə dedi ki, avronun məzənnəsinin aşağı düşməsi və manatın möhklənməsi xüsusən Avropaya ixracla məşğul olan iş adamları üçün müəyyən problemlər yaradıb və yaradacaq. Çünki ixracın 65 faizinin Aİ ölkələrinin payına düşməsinə baxmayaraq, həmin ixracın böyük əksəriyyəti neft və neft məhsullarıdır: “Amma müəyyən sənaye və kənd təsərrüfatı, ərzaq məhsulları ixrac olunur. Manatın avroya nisbətən möhkəmlənməsi bizim iş adamlarının, xüsusilə də qeyri-neft sektorunda çalışanların ixrac və Avropa bazarlarında rəqabət aparmaq imkanlarını məhdudlaşdırır. Nəticədə avrozonadan Azərbaycana gətirilən məhsulların həcmi artacaq və bu da Azərbaycanı idxalçı ölkəyə çevirəcək“.
Təbriz Vəfalı
Oxunma sayı 86