Azərbaycan və Ukrayna qaçaqmalçılıqla mübarizə sahəsində əməkdaşlıq edəcək

15:15 14.10.2011
Yazını böyüt
Yazını kiçilt

Bu məqsədlə iki ölkənin gömrük orqanları rəhbərləri arasında protokol imzalanıb

Dünən Dövlət Gömrük Komitəsində (DGK) Ukrayna Dövlət Gömrük Xidmətinin rəisi İqor Kalitnikin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə tərəflər arasında bu sahədə mövcud əməkdaşlıq və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
DGK sədri Aydın Əliyev bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi dinamik şəkildə artır. O, xüsusən də qaçaqmalçılıqla mübarizə sahəsində əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb: “Bu baxımdan Azərbaycan və Ukraynanın gömrük xidmətləri arasında imzalanmış qaçaqmalçılıqla mübarizə sahəsində əməkdaşlıq protokolu böyük əhəmiyyət kəsb edir“.
Ukrayna Dövlət Gömrük Xidmətinin rəisi İqor Kalitnik isə öz növbəsində təmsil etdiyi ölkədə böyük Azərbaycan diasporunun fəaliyyət göstərdiyini xatırladaraq qeyd edib ki, gömrük sahəsinin inkişafı biznesin inkişafına təkan verir. O, həmçinin deyib ki, bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsinin həcmi 1,1 mlrd. ABŞ dollarına çatıb.
Xidmət rəisinin sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi dinamik şəkildə ilbəil artır: “Azərbaycan nefti Ukraynaya ixrac olunan neft məhsulları sarısında ikinci yeri tutur. Öz növbəsində Ukraynadan Azərbaycana ərzaq məhsulları ixrac olunur“.
İ.Kaletnik onu da bildirib ki, Azərbaycanla Ukrayna gömrük sahəsində yeni perspektiv istiqamətlər işləyib hazırlamalı, bununla da hər iki ölkənin biznes sektorunu inkişaf etdirib ticarət dövriyyəsinin artırılmasına təkan verməlidir. İ.Kaletnikın sözlərinə görə, Ukraynanın Ümumdünya Ticarət Təşkilatının üzvü olması, Azərbaycanın isə bu təşkilata üzv olmaması iki ölkə arasında ticarət dövriyyəsinin həcminin artmasına mane olmur. Yeri gəlmişkən, ikitərəfli görüş zamanı Azərbaycan və Ukrayna arasında qaçaqmalçılıqla mübarizə sahəsində əməkdaşlıq protokolu imzalanıb. Sənədə iki ölkənin gömrük strukturlarının rəhbərləri imza atıblar. Qeyd edək ki, sənəd qaçaqmalçılıqla mübarizə sahəsində birgə tədbirlərin görülməsini, təcrübə və informasiya mübadiləsini, bu sahədə kadrların hazırlanmasını nəzərdə tutur.
Görüş zamanı həmçinin Azərbaycan gömrükçülərinin Ukraynada ikinci təhsil almasına dair razılıq da əldə olunub. Dövlət Gömrük Komitəsinin sədri A.Əliyev bildirib ki, ikitərəfli razılaşmaya əsasən hazırda Azərbaycan vətəndaşları Ukraynada gömrük sahəsində ilk ali təhsil ala bilir. Gələn ildən etibarən isə Azərbaycan gömrükçüləri Ukraynada ikinci ali təhsil də ala biləcək: “Kvota ildə 10 nəfər təşkil edəcək. Təhsil pulsuz olacaq“.
A.Əliyev onu da deyib ki, hazırda Azərbaycan gömrükçüləri ikinci təhsili yalnız Rusiyada alır. Xatırladaq ki, ötən ay Azərbaycan DGK-nın nümayəndə heyəti Ukraynada səfərdə olub.
Sevinc