“Azərbaycan jurnalistləri öz missiyasını layiqincə yerinə yetirməlidir” - Müsahibə

18:59 27.09.2020 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Bu gün Ordumuz işğalçı Ermənistanın Azərbaycan ərazilərində apardığı hərbi təxribatlara cavab olaraq əks-hücuma keçdi və işğalçıya verilən ilkin tutarlı cavab ölkə ictimaiyyətinin, eləcə də Azərbaycan mediasının, jurnalistlərin fəliyyətində ciddi nüansları meydana çıxartdı.

Mətbuat Şurası ölkə junalistlərini, media orqanlarını bir daha cəbhədə yaranmış duruma münasibətdə həssas, soyuqqanlı davranmağa, öz işlərinə məsuliyyətlə yanaşaraq cəbhə ilə bağlı yalnız rəsmi mənbələrdən aldıqları məlumatlara üstünlük verməyə, hər hansı şübhəli, ilk mənbəyi bilinməyən materialların yayımlanmasından uzaq durmağa çağırdı. Belə bir şəraitdə Azərbaycan mediasının, sosial şəbəkələrinin hansı addımları atması xüsusilə diqqətdə saxlanmalı və informasiyanın yayılmasında incə nüanslara diqqət yetirilməlidir.

Məsələ ilə bağlı Hafta.az-a müsahibə verən Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov Azərbaycan ordusunun əks hücumu zamanı medianın hansı addımları atmalı olduğunu, medianın yaranmış vəziyyəti nə dərəcədə düzgün qiymətləndirməsi ilə bağlı məqamları diqqətə çatdırıb. 

   
 -Əflatun müəllim, bu gün Ordumuzun Azərbaycan ərazilərində  hərbi təxribatlar aparan, torpaqlarımızı işğalda saxlayan Ermənistan ordusunun hücumlarına qarşı əks –hücumuna mətbuatımızın reaksiyası və belə bir vəziyyətdə sərgilədiyi davranışı necə dəyərləndirisiniz?

 -Azərbaycan mediası, Azərbaycan jurnalistləri  indiki şəraitdə  üzərlərinə düşən missiyanı  layiqincə yerinə yetirirlər.  Əsasən də informasiya alarkən Müdafiə Nazirliyinin mətbuat xidmətinin xəbər mənbələrinə söykənirlər. Bu indiki şəraitdə kifayət qədər  vacib məsələdir.  Biz əvvəlki təcrübələrdən gördük ki,  istər Aprel döyüşlərində, istərsə də Azərbaycan-Ermənisrtan dövlət sərhəddinin  Tovuz istiqamətində baş verən döyüşlərlə bağlı xəbərlərdə müəyyən tələskənliyə yol verilmişdi. Bəzi jurnalistlər rayonlarda yaşayan qohumlarından aldıqları informasiyaları rəsmi xəbər kimi yaymağa cəhd etmişdilər. Bəzi yerli saytların xəbərlərində, eləcə də bir sıra sosial şəbəkə istifadəçiləri var ki, onlar  təxribatçı ermənilər tərəfindən gündəmə gətirilən xəbərlərdən faydalanaraq məlumatlar yayırdılar.

Jurnalistlərin çoxsaylı informasiya mənbələrinə malik olmaları təbiidir. Nəzərə alsaq ki, hər bir jurnalist eyni zamanda sosial şəbəkə istifadəçisidir və fərdi şəkildə kifayət qədər geniş izləyici auditoriyasına malikdir, mənbə çoxluğu şəraitində bu platformadakı paylaşımlarda, hətta dəqiq bilgilərin belə yayılmasında ehtiyatlı olmaq şərtdir. İndiki durumda jurnalistlərimiz üçün ən böyük peşəkarlıq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatlarına istinaddır.

Hesab edirəm ki, indiki şəraitdə Azərbaycan jurnalistləri  reallığı kifayət qədər düzgün qiymətləndirirlər. Bu artıq bir Vətən Müharibəsi və Azərbaycan torpaqlarının işğaldan azad olunmasının başlanğıcıdır. Jurnalistlər  məsələyə kifayət qədər təmkinlə, soyuqqanlılıqla  yüksək peşəkarlıqla yanaşıblar. Hesab edirəm ki, jurnalistlər əsas mənbə kimi Müdafiə Nazirliyinin məlumatlarına söykənirlər. Eyni zamanda  indiki şəraitdə rəsmi qurumların mütəmadi məlumatlar verməsi, Prezidentin köməkçisi Hikmət Hacıyevin  mətbuat konfransı keçirməsi və  bu gün də Müdafiə Nazirliyi ilə birgə keçirilən mətbuat konfransında mətbuatın məlumatlar alması üçün münbit şərait yaradıb.  Jurnalistlər cəbhə xəttindən informasiyanın alınmasında problemlər yaşamırlar. İndiki şəraitdə hansısa xəbəri  bilmək istəyirlərsə, Müdafiə Nazirliyinin mətbut xidmətindən öyrənə bulərlər. Bütün bunlar informasiyaların ölkə ictimaiyyətinə vaxtında, operativ  çatdırılması üçün şərait yaradır və  Azərbaycan jurnalistləri bu missiyanı çox uğurla yerinə yetirirlər. İstərdim ki, bizim jurnalistlər başqa nüansalara da diqqət  yetirsinlər.

Ermənistan saytlarını, eləcə də Rusiyanın bir sıra xəbər saytlarında, informasiya agentliklərində, müharibənin Ermənistan, yoxsa Azərbaycan tərəfindən başlaması sualı ətrafında informasiya müharibəsi aparılır.  Biz bu cür məqamlara da kifayət qədər ehtiyatla yanaşmalıyıq.  Biz Azərbaycan ordusunun missiyasının nədən ibarət olduğunu bilməliyik. Belə ki, işğal olunmuş torpaqların azad olunması,  Azərbaycan ordusunun  dinc əhaliyə hansı münasibəti göstərməsi,  mülki əhaliyə münasibətin nə olduğu jurnalistlərin hazırladığı materiallarda öz əksini tapmalıdır. Biz işğal olunmuş torpaqlarımız uğrunda, öz ərazilərimizin azad olunması üçün savaşırıq. Azərbaycan ordusu erməni qəsbkarlarına qarşı əks –hücum həyata keçirir. Əsas məsələ torpaqların işğaldan azad olunmasıdır, Azərbaycan ordusu mülki əhaliyə qarşı kifayət qədər həssasdır.  Bu cür xəbərlər dünyaya yayılarkən, təbii ki, Azərbaycanda yaşayan ermənilər də bunu oxuyacaq. Bu gün bazar günüdür, dünyanın bir sıra  məşhur xəbər agentlikləri əsasən Azərbaycanda gedən xəbərlərə söykənəcəklər. Bu kifayət qədər önəmli məqamlardır.  Erməni xəbərlərində Azərbaycana qarşı yönələn çoxsaylı təxribat xarakterli məlumatlar var.   Azərbaycanda sərhəd  boyunca dinc əhali arasında təşviş yaradan xəbərlər yayılır.  Azərbayacan tərəfindən ölənlərin sayı , məhv edilmiş hərbi texnikanın sayı şişirdilərək yalançı məlumatlar verilir. Bizim media belə materialların yalan olduğunu bilir və bu cür məsələlər ilə bağlı diqqətli olmalıdır. Əsasən də çalışmaq lazımdır ki, informasiyanı düzgün verməklə sərhəd bölgəsində yaşayan insanların əhval-ruhiyəsini daha da artıraq.

- Məlumdur ki, Müdafiə Nazirliyi mətbuat  konfransında Azərbaycan Mətbuatına Ordu ilə həmrəylik göstərdiyinə və operativ məlumatların yayılmasında diqqətli davrandığına görə təşəkkürünü bildirdi.  Azərbaycan ictimaiyyəti 30 ildir işğalda qalan torpaqlarının sülh yolu ilə azad olunması ilə bağlı çox  cəhdlər çabalar edib və öz missiyasını bilir.  Prezidentin dediyi kimi bu Azərbaycanın Erməni təxribatına qarşı əks hücumu və Azərbaycan Ordusunun zəfər yürüşüdür. Maraqlıdır ki, xarici dövlətlərə düzgün,  operativ  məlumatların düzgün çıxışı necə tənzimlənəcək?

-Mən əminəm ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətin çatdırılması, bütün informasiyaların toplanaraq xaricə ötürülməsi prosesində daha ciiddi addımlar atılacaq. Eləcə də əyani informasiya almaq üçün xarici ölkələrdən ölkəmizə jurnalistlər gələ bilər.  Bİz birmənalı qaydada hadisələrin üzərinə gedərək bunun adi müharibə deyil, vətənin azadlıq savaşı olduğunu, haqq  işi olduğunu çatdırmalıyıq. Bu bizim vətən müharibəsidir, bunu birmənalı olaraq dünyaya çatdırmalıyıq.  Biz eyni zamanda araşdırmalar apararaq, hadisəlrin gedişini, torpaqlarımızın 20 faizinin işğal olunduğunu, son zamanlar danışıqların Ermənistanın təxribatı nəticəsində sıfıra endirilməsini, ermənilərin “Qarabağ Ermənistanındır” kimi cəfəng, təxribatçı ritorik ifadələrlə danışıqlardan yayındığını dünaya ictimaiyyəıtinə çatdırmalıyıq.  Eləcə də xarici ölkələrdən ölkəmizə gələn jurnalistlərə  bu savaşın Azərbaycanın haqq işi olduğunu əyani olaraq  bildirməliyik.

-Əflatun müəllim, bu gün  televiziyalarımızın bu istiqamətdəki fəaliyyətini necə dəyərləndirmək olar.  Əsasən televiziyalarda vətənpərvərlik verilişlərinin yetərli olmadığı deyilir və tənqid olunurdu. İndiki vəziyyət,  televiziyalarımızın öz fəaliyyətində hansı dönüşü etməsini tələb edir.

-Mən bu gün o dönüşü gördüm. Bu gün artıq televiziyalarımızda o vətənpərvərlik ruhunu müşahidə edirəm. Azərbaycan Televiziyası və eləcə də başqa televiziyalar səhərdən başlayaraq Azərbaycanın işğalçı Ermənistana qarşı əks hücumu ilə bağlı verilişlər hazırlayır, ayrı-ayrı ekspertlərin məsələ ilə bağlı fikirlərini təqdim etməklə gündəmin nəbzini tutub. Artıq bu gün Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün erməni təxribatına verdiyi cavab,  yaranmış vəziyyət heç də “aprel döyüşlərində”, Tovus istiqamətində təxribata qarşı aparılan savaşda yaşadığımız vəziyyətlə eyni  deyil.  Artıq bu zəfər yürüşü, kifayət qədər ciddi bir məsələdir.  Eləcə də televiziyalarda hazırlanan verilişlərdə insanların əhval-ruhiyəsinin yüksəkiliyi,  yaşlı insanların öz torpaqları uğrunda savaşıb, canlarını verməyə hazır  olduqlarını çatdırılması vətənpərvərliyin yüksəlişi baxımından da mühüm məqamlardandır. Əminəm ki, Azərbaycan televiziyaları bundan sonra da əsasən məhz bu gün müşahidə olunan fəaliyyətlərini davam etdirəcək, ölkə ictimaiyyətinin operativ xəbərlərlə məlumatlandırılmasını düzgün qiymətləndirəcəklər. Düşünürəm ki, Azərbaycanın haqq səsi Azərbaycan televiziyalarının başqa dillərdə olan proqramlarında da gündəmə gələcək . Bu gün Azərbaycandan kənarda olan insanlarımız yəqin ki, məlumat almaq üçün Azərbaycan KİV-lərinə baxacaqlar.  Məhz dünyada yaşayan azərbaycanlılar bu məlumatları olduqları yerlərdə paylaşaraq və hər kəsə Azərbaycanın  Ermənistanın təxribatlarına qarşı əks hücum edərək, torpaqlarımızı işğaldan azad etməyə yönələn əməliyyatlar apardığımızı söyləyəcəklər.

- Jurnalistlərimiz də döyüş bölgələrinə getmək, əyani olaraq döyüşdə iştirak edib, xəbərlər hazırlamaq, çəkilişlər aparmaq istəyir. Jurnalistin cəbhəyə getməsi məsələsi necə həll oluna bilər?

-Jurnalistlərin  döyüş bölgələrindən xəbərlər hazırlaması məsələsi  yəqin ki, Müdafiə Nazirliyi tərəfindən həll oluna bilər. Təbii ki, ilk növbədə döyüş bölgəsinə gedən jurnalistlərə təlimlərin keçirilməsi nəzərdə tutulmalıdır. Belə ki, jurnalist döyüş bölgəsində necə informasiya almalıdır, hara qədər getməlidir, əlinə silah ala bilərmi, hansı xəbərləri verməlidir və sair məsələlərin  hamısı birmənalı şəkildə jurnalistlərə təlqin olunmalıdır. Hələ ki, biz jurnalistlər, eləcə də başqa-başqa sahələrdə çalışan bütün insanlar, hamımız bu ölkənin vətəndaşlarıyıq. Biz hamımız öz sərhəddimizdə döyüşçüyük .  Bizim hər birimizin məqsədi torpaqlarımzı yağı düşməndən azad edərək,  ərazi bütövlüyümüzü bərpa etməkdir. Hər bir insan üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir, o cümlədən də Azərbaycan jurnalistləri.

Oxunma sayı 1548