Azərbaycan “Keşikçidağ” məbədini gürcü zəvvarlar üçün açır

11:37 10.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Gürcüstanla sərhəddə yerləşən və bir müddət əvvəl iki ölkə arasında müəyyən gərginliyə səbəb olan “Keşikçidağ” monastrını yenidən gürcü zəvvarların ziyarətinə açır.

Virtualaz.org xəbər verir ki, bu barədə Bakıdan səfərdən qayıdan Gürcüstan baş naziri Giorgi Qaxariya hökumətin iclasında bildirib.

“Sabahdan etibarən “David Qareci” (“Keşikçidağ”) kompleksindəki məbədlər Gürcüstan zəvvarları üçün açıq olacaq.  Təəssüflər olsun ki, Gürcüstan və Azərbaycan arasındakı sərhəddə razılaşdırılmamış sahələr var. Bu, bizim postsovet irsimizdir və problem 25 il ərzində həll olunmayıb”, deyə hökumət başçısı vurğulayıb. 

Baş nazir qeyd edib ki, “Keşikçidağ” məsələsində mərhələli şəkildə ciddi nailiyyətlər əldə edilməlidir.

G.Qaxaria Gürcüstan vətəndaşlarını Keşikçi dağ məsələsi ilə bağlı hər bir addım və sözdə məsuliyyətli və ehtiyatlı davranmağa çağırıb: “Vətənə qarşı sevgi və vətənpərvərlik yalançı vətənpərvərlik ifadələri və düşünülməmiş addımlar demək deyil”.

Xatırladaq ki, Giorgi Qaxariya baş nazir təyin olunandan sonra ilk səfərini Azərbaycana edib. Ötən gün o, Bakıda prezident İlham Əliyevlə danışıqlar aparıb. Tərəflər iki ölkə arasında dostluq və qardaşlıq, strateji tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayıblar.

Baş nazirin səfəri ərəfəsində gürcü Patriarxı II İlya Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadəyə sərt müraciət ünvanlayaraq Bakını “Keşikçidağ” monastırına girişi açmağa çağırmışdı.

Hazırda iki ölkə ekspertləri Gürcüstanla Azərbaycan arasında dövlət sərhədinin mübahisəli hesab edilən sahələri üzrə araşdırmaları davam etdirir. Azərbaycan Dövlət Sərhəd Xidməti isə bu günlərdə “Keşikçidağ”da iri sərhəd zastavasını istifadəyə verib, sərhədin həmin hissəsinin mühafizəsi gücləndirilib.

Oxunma sayı 25
Siyasət rubrikasından digər xəbərlər