Azərbaycan məhkəmələrində girov institutu niyə inkişaf etmir?

15:15 07.10.2011
Yazını böyüt
Yazını kiçilt

Ekspertlər bu məsələni müxtəlif amillərlə əlaqələndirirlər

“Azərbaycanda həbs-qətimkan tədbirinin tətbiqi ilə bağlı məhkəmələr tərəfindən qanunvericiliyin tələblərinə ciddi riayət olunmalıdır“. Bu fikirləri mətbuata açıqlamasında Konstitusiya Məhkəməsinin (KM) sədri Fərhad Abdullayev deyib. Onun sözlərinə görə, bu istiqamətdə məhkəmələr qarşısında duran əsas vəzifə qanunvericiliyin tələblərinə ciddi riayət olunmasından və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu sahədəki presedentlərinin öyrənilməsi və nəzərə alınmasından ibarətdir.

Məhkəmə sədri bildirib ki, sözügedən məsələ Ali Məhkəmənin Plenumunda və Məhkəmə-Hüquq Şurasının iclaslarında geniş müzakirə predmeti olub, konkret tədbirlər görülüb: “Konstitusiya Məhkəməsində “Cinayət-Prosessual Məcəllənin 157.5-ci maddəsinin şərh olunmasına dair“ 9 iyul 2010-cu il tarixli qərarında həbsə alternativ qətimkan tədbirlərinin tətbiqi ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirilib. Düşünürəm ki, bu tədbirlər həbs-qətimkan tədbirinin tətbiqi təcrübəsində müsbət dönüş yaradacaq.
Girov qətimkan tədbirinin təcrübədə nadir hallarda tətbiqinə gəlincə, bildirib ki, ilk növbədə girov institutu milli cinayət prosesi üçün yenilikdir“.
KM sədri vurğulayıb ki, girov qətimkan tədbirinin yalnız müdafiə tərəfinin təşəbbüsü əsasında məhkəmə tərəfindən seçilir. O hesab etmir ki, məhkəmələr tərəfindən belə vəsatətlərin kütləvi şəkildə rədd olunması halı mövcuddur: “Ola bilsin ki, müdafiə tərəfi, o cümlədən vəkillər bu institutun fəal tətbiqinə o qədər də maraq göstərmirlər“.

Təqsirləndirilən şəxs ictimai təhlükə törətməyən cinayətə görə 5000 manat girov qoymalıdır

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Müzəffər Baxışov deyir ki, Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə, qətimkan tədbirlərindən biri də girovdur: “Bu məsələləri sözügedən məcəllənin 164-cü maddəsi tənzimləyir. Yəni, Cinayət-Prosessual Məcəlləsində göstərilib ki, barəsində həbs-qətimkan tədbiri seçilmiş şəxsin müdafiəçisi həbs-qətimkan tədbirinin girovla əvəzlənməsinə dair vəsatət qaldıra bilər. Məcəllənin tələblərinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törədilməsinə görə verilmiş ittiham üzrə 5000 manat miqdarından az olmayaraq, az ağır və ehtiyatsızlıq ucbatından ağır cinayət törədilməsinə görə verilmiş ittiham üzrə 10000 manat miqdarından az olmamaq şərtilə girov qoymaqla müdafiə tərəfinin vəsatəti əsasında məhkəmənin həbs-qətimkan tədbirini girovla əvəz etməsi mümkündür“.
Vəkillərin girov institutun fəal tətbiqinə o qədər də maraq göstərməməsinə gəlincə, M.Baxışov bu fikirlə razılaşmadığını vurğulayır: “Deyilənlərlə qətiyyən razılaşmıram. Çünki bununla bağlı dəfələrlə təqsirləndirilən şəxslərin müdafiəçiləri həbs-qətimkan tədbirlərinin girovla əvəz edilməsi barədə məhkəmələrdə vəsatət qaldırıblar. Lakin bu vəsatətlər heç bir əsas olmadan təmin edilməyib. Əslində burada müdafiə tərəfinin heç bir günahı yoxdur. Çünki yerli məhkəmələr həbs-qətimkan tədbirlərinin girovla əvəzlənməsində maraqlı deyillər. Tam məsuliyyətimlə deyə bilərəm ki, müdafiə tərəfi həmişə girov institutunun fəal tətbiqində maraqlı olub. Hətta şəxsi təcrübəmdə müdafiə etdiyim tərəflə bağlı dəfələrlə həbs-qətimkan tədbirinin girovla əvəzlənməsi barədə məhkəmə qarşısında vəsatət qaldırsam da, heç bir əsas olmadan təmin edilməyib. Məsələn, hüquqlarını müdafiə etdiyim təqsirləndirilən şəxslərdən biri barəsində Cinayət Məcəlləsinin 315.1 və 145.1 maddələri ilə Nərimanov Rayon Məhkəməsində həbs-qətimkan tədbiri seçilmişdi. Mən sözügedən məhkəmənin həm hazırlıq iclasında, həm də məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs-qətimkan tədbirinin girovla əvəz olunmasına dair vəsatətlə çıxış etsəm də, bu heç bir əsas olmadan rədd edildi. Yəni, burada əsas problem məhkəmələrin müstəqil olmamasıdır. Hesab edirəm ki, aidiyyətı qurumlar bu məsələni hərtərəfli araşdıraraq müvafiq tədbirlər görməlidirlər“.

Qanunvericiliyin tələblərinə ciddi riayət olunarsa...

M.Baxışov onu da vurğulayır ki, əgər mövcud məhkəmələr həbs-qətimkan tədbirinin tətbiqi ilə bağlı qanunvericiliyin tələblərinə ciddi riayət edərlərsə, onda belə bir problem müşahidə olunmaz: “İlk növbədə məhkəmələr qanunvericiliyə uyğun işləməlidirlər. Əgər məhkəmələrdə müəyyən asılılıq olmazsa, belə olan təqdirdə, bu instansiya prokurorun təqdimatı əsasında seçilmiş həbs-qətimkan tədbirini girov qətimkan tədbiri ilə əvəz etməyə meyilli olacaq. Yəni, bu məsələdə müdafiəçiləri günahlandırmaq yersizdir. Əslində müdafiəçilər girov institutunun inkişafında ən maraqlı tərəflərdir. Çünki vəkillərin müdafiə etdiyi təqsirləndirilən şəxslər barəsində həbs-qətimkan tədbirinin seçilməsi sonradan müəyyən problemlər yaradır. Məsələn, barəsində həbs-qətimkan tədbiri seçilmiş şəxslərlə müdafiəçilərin görüşü məhdud olur, bəzən isə müdafiəçilərin təyin olunmuş vaxtda görüşlərdə iştirak etməyə zamanı çatmır. Bundan başqa, müdafiəçilərlə təqsirləndirilən şəxslər yalnız istirahət günü Kürdəxanıdakı təcridxanada görüşə bilirlər. Bütün bunlar isə vəkillər üçün çətinliklər ortaya çıxarır. Bu baxımdan bütün müdafiəçilər müdafiə etdiyi şəxslər barəsində həbs-qətimkan tədbirinin seçilməməsində maraqlıdırlar“.

Girov hansı qurumun hesabına ödənilir?

Həbs-qətimkan tədbirinin girovla əvəz edilməsi barəsində məhkəmə qərarının olduğu təqdirdə, nəzərdə tutulan məbləğin hansı qurumun hesabına ödənildiyinə aydınlıq gətirən Vəkillər Kollegiyasının üzvü girovun məhkəmə depozitinə köçürüldüyünü bildirir: “Müvafiq qanunvericiliyə uyğun olaraq qərardan sonra girov məhkəmənin depozitinə ödənilir. Əgər təqsirləndirilən şəxs istintaq zamanı qaçıb hansısa gizli ünvanda məskunlaşırsa, yəni, şəxs cinayət prosesini həyata keçirən orqandan gizləndiyi, onun icazəsi olmadan başqa yerə getdiyi və digər yollarla cinayət məsuliyyətinə cəlb edilməkdən və cəza çəkməkdən boyun qaçırdığı təqdirdə, ibtidai araşdırma proseslərini həyata keçirən prokuror girovun dövlət nəhvinə köçürülməsi barədə təqdimatla məhkəməyə müraciət edir. Qanunvericiliyə görə, girov qoyan bu girovun dövlətin nəhvinə köçürülməsi barədə məhkəmə qərarından apelyasiya instansiya məhkəməsinə müraciət edə bilər. Yəni, burada hansısa problem yaranmır“.
Vəkil onu da deyir ki, məhkəmə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs-qətimkan tədbirini girovla yalnız nəzərdə tutulmuş məbləğ məhkəmənin depozitinə ödənildikdən sonra əvəz edir: “Yəni, girov məbləği məhkəmənin depozitinə ödənilməyənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs-qətimkan tədbiri qüvvədə saxlanılır. Bir sözlə, cinayət prosesini həyata keçirən orqan girovun qoyulduğunu təsdiq edən sübut əldə etdikdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarından sonra təqsirləndirilən şəxsin dərhal həbsdən azad olmasına dair həbsdə saxlanma yerinin rəhbərinə məlumat verilir“.
Təqsirləndirilən şəxsin günahı istintaqçılar tərəfindən sübuta yetirilmədikdə məhkəmə depozitinə köçürülmüş girovun taleyinə gəlincə, M.Baxışov bu məsələnin qanunvericiliklə tənzimləndiyini söyləyir: “Əslində qanunda göstərilib ki, təqsirləndirilən şəxs istintaq zamanı qaçıb-gizlənmirsə, girov ona qaytarılır. Hətta təqsirləndirilən şəxs barəsində ittiham hökmü olduqda belə girov geri verilir. O ki qaldı təqsirləndirilən şəxs bəraət aldığı təqdirdə ödənilən girovun taleyinə, bu zaman Cinayət-Prosessual Məcəllənin digər maddələrinə uyğun addım atılır. Yəni, bəraət alan şəxs məhkəmə qərarı zamanı ona dəymiş ziyanı tələb edə bilər. Amma ümumilikdə hər bir halda əgər təqsirləndirilən şəxs istintaqdan qaçmırsa, cinayət prosesi başa çatdıqdan sonra girov sahibinə qaytarılmalıdır“.

Girovun üstünlükləri nədir?

Azərbaycanda girov institutunun inkişaf etdirilməsinin üstünlüklərinə də aydınlıq gətirən vəkil bu məsələnin təqsirləndirilən şəxsi ciddi məhdudiyyətlərdən sığortaladığını vurğulayır: “Təbii ki, başlıca üstünlük həbs-qətimkan tədbirinin dəyişdirilməsidir. Məsələn, hansısa şəxs barəsində həbs-qətimkan tədbiri seçildikdə cinayət prosesini həyata keçirən orqanlar bir qayda olaraq onlara təzyiq edirlər. Nəticədə təqsirləndirilən şəxslər törətmədiyi cinayətləri də öz üzərilərinə götürürlər. Təqsirləndirilən şəxs girovda olanda isə o müdafiəçinin imkanlarından faydalınır. Vəkil isə öz növbəsində müdafiə etdiyi şəxsin hüquqlarını daha samballı qoruyur“.
M.Baxışov onu da vurğulayır ki, Azərbaycanda təqsirləndirilən şəxslərlə bağlı girovun tətbiq olunması Cinayət Məcəlləsinin konkret maddələrinə şamil edilməməlidir: “Məhz bizim ölkəmizdə girovla bağlı əsas problem də elə budur. Məsələn, beynəlxalq təcrübədə cinayətin xarakterindən və ağırlıq dərəcəsindən asılı olmayaraq girov bütün kateqoriya üzrə cinayətlərə aid edilir. Misal üçün qonşu İranda, ABŞ-da xüsusilə ağır cinayət törətmiş şəxslər barəsində seçilmiş həbs-qətimkan tədbiri girovla əvəz olunur. Düşünürəm ki, bununla bağlı Cinayət-Prosessual Məcəlləsinə yenidən baxılmalıdır“.
Sevinc
Oxunma sayı 84