“Azərbaycan - Ermənistan danışıqlarında ikinci cığır“

15:15 19.10.2011
Yazını böyüt
Yazını kiçilt

Qarabağ məsələsi Karnegi Beynəlxalq Sülh Fondunda müzakirəyə çıxarılıb

Vaşinqtonda qərargahlanan Karnegi Beynəlxalq Sülh Fondunda “Ermənistanla Azərbaycan arasında ikinci cığır dialoqu gücləndirmək“ başlıqlı forum keçirilib.

Dağlıq Qarabağ sülh danışıqlarında qeyri-rəsmi təmas vasitələri aramağa yönəlik tədbirdə Karnegi İnstitutunun Cənubi Qafqaz üzrə eksperti Tomas de Vaal, münaqişə transformasiyası üçün İmagine Mərkəzinin həmtəsisçisi Filip Qamağelyan, Beynəlxalq Böhran Qrupunun sabiq analisti və hazırda müstəqil təhlilçi Təbib Hüseynov çıxış edibəlr.
Öncə çıxış edən F.Qamağelyan son 17 il ərzində diplomatik müstəvidə danışıqların aparıldığını, ancaq onların real nəticə vermədiyini vurğulayıb. O, hər iki tərəfdə xoş məramın olmadığını və bu səbəbdən maarifçilər, QHT nümayəndələri və sivil cəmiyyət təmsilçiləri arasında dialoq qurulmasının mühüm olduğunu söyləyib. Qamağelyan deyib ki, əgər bir vaxtlar ermənilər tarixi düşmən saydıqları türkləri azərilərlə eyniləşdirirdilərsə, indi ermənilərin azərilərə qarşı münasibəti türklərə olduğundan daha sərtdir. Cəmiyyətlər arasında fikir mübadiləsi aparılmasının əhəmiyyətini qeyd edən erməni təmsilçi ikinci cığır təmaslara Dağlıq Qarabağ icmalarının qatılmasını da məqsədəuyğun hesab edib.
T.Hüseynov yaranmaqda olan təmaslarda məzmundan çox formaya üstünlük verilməsindən gileylənib. Onun sözlərinə görə, dialoqun formatı barədə meydana çıxan mübahisələr qarşılıqı etimad hissinin bərqərar olmasına əngəl törədir. T.Hüseynov bağlı qapılar araxasında aparılan danışıqlarla açıq müstəvidə aparılan müzakirələr arasında fərq olduğunu deyərək daha çox şəffaflığa ehiyac olduğunu söyləyib. O, tərəfləri məsələləri açıq şəkildə müzakirə etməkdən çəkinməməyə, diplomatik-siyasi cığırda nəzərdən keçirilən məsələlər barədə açıq fikir mübadiləsi aparmağa çağırıb.
T.de Vaal tərəflər arasında mental və psixoloji uçurumun mövcud olduğunu önə çəkərək azərilərin Yupiterdən, ermənilərin isə Marsdan olduğunu deyib. Onun sözlərinə görə, tərəflər bir-biri ilə danışmaq əvəzinə daha çox özləri arasında millətçi ritorikaya tapınmağa üstünlük verirlər. Nəticə olaraq cəmiyyətlərdə sülh haqqında təsəvvür formalaşmayıb və onlar danışıqlar prosesindən tamamilə kənarda qalıblar. Onun sözlərinə görə, cəmiyyətlərin təmas xəttində bir-biri ilə sosial-məişət zəminində təmas qurması ikinci cığırın möhkəmlənməsinə doğru mühüm addım olardı.
Daha sonra Ermənistandan Regional Araşdırmalar Mərkəzinin sədri R.Qiraqosyan və Azərbaycan Diplomatik Akademiyasının təmsilçisi Taleh Ziyadov öz fikirlərini forum iştirakçıları ilə bölüşüblər. Diplomatik cəbhədə nailiyyətsizliyin aradan qaldırılması və status-kvonun dəyişməsi üçün bir sıra təkliflərlə çıxış edilib. Forumun gedişatında üzə çıxan fikir ayrılıqlarına baxmayaraq, çoxları razılaşıb ki, Azərbaycan və Ermənistan cəmiyyətləri arasında təmas xətlərini gücləndirmək sülhün mənafeyinə xidmət edir.
Vüsal Tağıbəyli
Oxunma sayı 221