Azərbaycan neft-qaz sanayesinin mühüm tərkib hissəsi olan qazma işlərinin dünya neft-qaz sanayesinə verdiyi töhfələr

16:40 08.09.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 20-də “Əsrin müqaviləsi”nin 25-ci ildönümü qeyd olunacaq və bu da o deməkdir ki, yenidən dünyanın diqqəti Azərbaycana yönələcək. Dünyanın sayılıb-seçilən dövlət və hökumət başçıları, qlobal miqyaslı şirkətlərin rəhbərləri Azərbaycana təbriklər göndərəcək, beynəlxalq mətbuatda  bu əlamətdar günlə bağlı çoxsaylı məqalələr yayımlanacaq və sair.

Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində ərsəyə gələn bu tarixi günün Azərbaycana qazandırdığı şöhrət və hörmət, qeyd etdiyimiz kimi, 25 ildir hər birimizə birmənalı olaraq başucalığı gətirir, dövlətimizin beynəlxalq arenada mövqeyinin ildən-ilə güclənməsinə şərait yaradır.

 

Dünyaya örnək keçmişimiz

 

Sirr deyil ki, Azərbaycan dünyada neft istehsalına görə ən təcrübəli ölkələrdəndir. Orta əsrlərdə yaşamış səyyahların Azərbaycan ərazisində neft çıxarılması və məhsulun İrana, Osmanlı dövlətinə, Orta Asiyaya, Hindistana daşınması barədə məlumatlar veriblər, bunlar öz yerində. Amma Azərbaycanın müasir neft sənayesinin özülünün 1803-cü ildə Bakı sakini Qasımbəy Mənsurbəyov tərəfindən qoyulduğunu desək, yanılmarıq. Çünki məhz onun vəsaiti hesabına Bibiheybət yaxınlığında, həm quruda, həm də sahildən 18 və 30 metr aralıda  - dənizdə sənaye əhəmiyyətli neft buruqları inşa olunub. Bu quyuların ömrü fırtına nəticəsində qısa olsa da, öz dövrü üçün inqilab sayılırdı.

Azərbaycanda mexaniki qazma işlərinə ilk dəfə 1846-cı ildə start verilib. Həmin il sənaye üsulu ilə ilk sınaq quyusu, 1847-ci ildə isə texnikanın tətbiqi ilə neft quyularının qazılmasına başlanılır və bir il sonra - 1848-ci ildə Bibiheybət, ardıyla da Balaxanı yataqlarında “qara qızıl” fışqırır.

1920-ci ildən sonra Azərbaycanda artıq dənizdə yataqlarının axtarışına və qazma işlərinə start verilir. 1949-cu ildə açıq dənizdə "Neft Daşları", bu dövrdə paralel olaraq Qala, Buzovna-Maştağa və sair kimi neft yataqları aşkarlanaraq istismara verilir.

Qeyd edək ki, məhz 1949-cu ildə, SSRİ-də ilk dəfə, dəniz sahəsində olmaqla 942 metr dərinliyində ən dərin quyu “Neft Daşları”nda qazılıb.

Sahildən təxminən 100 kilometr uzaqda – dənizin dərinliklərində mənimsənilən və dənizneftçıxarmanın əsasını qoymuş “Neft Daşları” Ginnesin Rekordlar Kitabına adı “ilk dəniz neft platforması” olaraq düşüb...

1950-ci ildən sonra texnologiyanın inkişafı ilə Azərbaycanın neft hasilatında yeni dövr başlayır. Bu mərhələdə dənizdə köhnəlmiş üsullarla deyil, hidrotexniki qurğuların köməyi ilə quyular qazılır. 80-ci illərin əvvəllərində Azərbaycanda üzən qazma qurğularının sayı 11-ə çatır və artıq neft quyuları dənizin əsasən 80-350 metr dərinliyində qazılırdı.

Nəhayət, Azərbaycan neft sənayesinin inkişafında sonuncu mərhələ, yuxarıda qeyd etdiyimiz kimi, 1994-cü ildə “Əsrin Müqaviləsi” imzalandığı gündən başlayır və günümüzədək davam edir.

 

Dünyaya çıxış

 

Müasir neft sənayemizin dünyaya çıxışında “Əsrin müqaviləsi” açar rolu oynayıb. Azərbaycanla yanaşı bu sazişi ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı kimi dövlətləri təmsil edən, qlobal miqyasda təsiredici qüvvəyə malik ən nəhəng şirkətlər – ARDNŞ, “Amoco”, “Unocal”, “Pennzoil”, “Exxon”, “British Petroleum”, “Ramco”, “Lukoil”, “Statoil”, “Turk Petrollari” və “MacDermott”, eləcə də sonradan layihəyə qoşulan “Delta” və “Itochu” sadəcə Azərbayca neftinin hasilatı və bazarlara çıxarılması proseslərini həyata keçirmir, paralel olaraq həm mütəxəssis, həm elmi-təcrübə, həm də texnoloji baxımdan qarşılıqlı əməkdaşlıq edir. Həmin tarixi gündən sonrakı dövrdə dünyanın 43 ölkəsi ilə imzalanan 27 neft-qaz müqaviləsi Azərbaycanı dünyamiqyaslı enerji layihələri mərkəzlərindən birinə çevirib.

Azərbaycan neftçiləri yalnız Abşeronda və Xəzərdə buruqlar qazmayıb, həmçinin keçmiş SSRİ-nin digər bölgələrində, məsələn, Qərbi Sibirdə, Türkmənistanda, Ukraynada, Qazaxıstanda, Tatarıstan və Başqırdıstanda yeni neft yataqlarının mənimsənilməsində böyük rol oynayıblar.

 

“London Energy Club”dan baxış

 

“London Energy Club”un direktoru Mehmet Öğütçü Hafta.az-a müsahibəsində deyir ki, bu gün Azərbaycan sadəcə dünyada ən qədim neft istehsalçısı deyil, eyni zamanda qlobal miqyaslı neft ixracatçısı, sərmayədar və geosiyasətində mühüm rol oynayan nüfuzlu oyunçudur. “SOCAR mövcud olduğu müddətdə qazandığı təcrübə və nüfuzdan faydalanaraq dünyanın çox sayda ölkəsində böyük layihələr həyata keçirib və keçirməkdədir. Bütün bu layihələr isə Azərbaycana yaxşı gəlir gətirir və gələcəkdə onun iqtisadi-maliyyə baxımdan olduğu kimi, siyasi önəmi də ölkənizin inkişafına təminat verəcək. Baxın: Türkiyənin neft və qaz sektorunda olduğu kimi, neft-kimya, enerji paylama və sair sahələrdə də SOCAR söz sahibidir. Eyni sözü Gürcüstan üçün də deyə bilərəm. Bu gün SOCAR-ın timsalında Azərbaycanın neft-qaz sənayesi Balkan və Avropanın digər bir sıra ölkələrinin enerji təhlükəsizliyi sahəsində vacib rol oynayır. Ümumiyyətlə, SOCAR, neft, təbii qaz və kimya məhsullarının ticarətində Çindən Nigeriyaya, ABŞ-dan Rusiyayadək vacib tacidir” deyir “London Energy Club”un direktoru.

Qürurverici müqayisə

 

Müqayisə üçün deyək ki, 1846-cı ildə Azərbaycanda sənaye üsulu ilə neft quyusu qazıldığı halda, dünyanın supernəhəngi sayılan ABŞ-da ilk belə quyu 13 il sonra – 1859-cu ildə qazılıb. Kanadada ilk neft quyusu (sonrakı illərdə sənaye əhəmiyyətli hasilata başlanılıb) 1858-ci ildə, Meksikada 1949-cu, Çilidə 1950-ci, Rumıniyada 1857-ci, Norveçdə 1966-cı ildə qazılmağa başlanılıb. Bundan əlavə, hazırda dünyanın neft nəhəngi sayılan Səudiyyə Ərəbistanında ilk neft quyusu 1936-cı, qardaş Türkiyədə 1940-cı, qonşu İranda isə 1908-ci ildə qazılıb.

Ümumilikdə, Kanada, Polşa, İsveç, Ukrayna, ABŞ, Peru, Venesuela və sair kimi ölkələrdə neft infrastrukturu ötən əsrin 20-ci illərində yaradılmağa başlanılıb. Hansı ki, o illərdə Azərbaycan neft sənayesi dünyada dillər əzbəri idi.

 

Dənizləri fəth edən Dərin Özüllər Zavodu

 

Azərbaycanda neft sənayesini texnoloji avadanlıqlarla təchiz edən müəssisələr həmişə olub. O cümlədən 1984-cü ildə istifadəyə verilən Bakı Dərin Özüllər Zavodu dənizin 200 metr dərinliyi olan yerlərində quraşdırmaq üçün dərin özüllər istehsal etməkdədir. Nəzərə alaq ki, belə müəssisələr dünyanın ancaq barmaqla sayılacaq sayda ölkəsində mövcuddur.

Fəaliyyəti dövründə 178 mertədək dərinlik üçün 12 dəniz platforması tikilən zavod həttssa 1992-ci ildə ilk dəfə olaraq “BP” şirkəti üçün Şimal dənizində quraşdırılmaq məqsədilə borular istehsal edib. Bu da o deməkdir ki, Azərbaycanın qazma qurğuları artıq dünyanın ən inkişaf etmiş ölkələrindən olan Norveçin də diqqətini çəkib.

Xəzərdə suyun dərin hissələrində yerləşən “Alov”, “Şərq”, “Zəfər”, “Məşəl”, “Savalan” və sair kəşfiyyat blokları üzrə qazma işlərini sürətləndirmək üçün yeni qazma qurğusuna ehtiyac yarandığını nəzərə alaraq, 2013-cü ilin iyun ayında “Caspian Drilling Company” (SOCAR – 92,44 faiz və Heritage General Trading FZE – 7,56 faiz) və Sinqapurun “Keppel Fels” şirkəti 6-cı nəsil üzən yarımdalma qazma qurğularının tikintisinə dair saziş imzalayıblar. “Keppel Fels” tərəfindən tikilən qurğu dənizin 1000 metr dərinliyində qazma işlərinin aparılması və 12,2 min metr dərinliyə malik quyuların qazılması üçün nəzərdə tutulub. Onun avadanlıqları 14 min atmosfer lay təzyiqinə davam gətirmək qabiliyyətindədir. Bu göstərici ən dərin quyuları belə qazmağa imkan verir və qazma işinin sürətini 4 dəfə artırır. Uzunluğu 106,5, eni 69,5, hündürlüyü 130 metr və 160 işçinin çalışdığı qurğunun çəkisi 26 min tondur. Belə üzən qurğulardan hazırda Meksika körfəzində, Şimal dənizində, günümüzdə Aralıq dənizinin şərqində qaz yataqlarının işlənməsində, Qvineya körfəzində, Folklend adaları ətrafında və sair neft və qaz hasilatı üçün quyuların qazılmasında istifadə edilir.

Hazırda respublikamızda 5-6 min metr dərinlikdə quyuların qazılması adi haldır. Şelf adı ilə kodlaşdırılan köhnə qazma qurğuları, “Dədə Qorqud”, “İstiqlal”, “Qurtuluş” kimi müasir dərin qazma qurğuları ilə əvəzləniblər. “İstiqlal” qazma qurğusu dənizin 700 metr dərinliyi olan yerlərində, 7600 metr dərinlikdə quyu qazılmasına imkan verir.

 

Qazma sahəsində ilklər...

 

Azərbaycanın neft sənayesi yarandığı ilk gündən dünyanı ilklərlə heyran edib. Məsələn, 1923-cu il bakılı mühəndis Matvey Kapelyuşnikov dünyada ilk dəfə birpilləli reduktorlu qazma maşını kəşf edib və bir il sonra həmin maşın Suraxanıda dünyada ilk 600 metr dərinliyində neft quyusunu qazıb. 1933-1934-cü illərdə dünyada ilk dəfə olaraq, Bakıda Xubentsov qardaşları ağac ponton formasında üzən özülün konstruksiyasını təklif ediblər; bu özüldən ilk dəfə dərinliyi 365 metr olan neft kəşfiyyat quyusu qazılıb. İlk üzən qazma qurğusu isə Xəzər dənizində 1934-cü ilin sentyabrında fəaliyyətə başlayıb. Cəmi 6 il sonra isə Qala yatağında dünyada ilk dəfə konstruksiyaların elektrik qazma üsulu ilə qazılması həyata keçirilib. Daha sonra, 1941-ci ildə Bayılda dünyada ilk dəfə turbin üsulu ilə 2 min metr dərinlikdə maili quyu qazılıb.

İlklər bununla bitmir. 1948-ci ildə Avropada və SSRİ-də ilk dəfə olaraq usta Əliyulla tərəfindən Suraxanıda 3800 metr dərinlikdə ən dərin quyu qazılıb. 1949-cu ildə isə dünya neft sənayesinin tarixində ilk dəfə Abşeron şelfində unikal dəniz yataqlarının -“Neft Daşları”nın kəşfiyyatına başlanılıb və orada polad dəniz özülləri qurulub. Burada qazılan quyunun dərinliyi 1000 metrə çatanda neft fontan vurub. 1958-ci ildə Brüsseldə kesirilən ümumdünya sərgisində professor Eyyub Tağıyevin rəhbərlik etdiyi heyət ikipərli qazma qurğusunu nümayiş etdirib və qızıl medala layiq görülüb...

 

Neftçilərimiz dünya ölkələrində

 

Bu sirr deyil ki, iki əsr əvvəldən gələn təcrübəyə əsaslanan Azərbaycan neftçiləri sovet dövründə olduğu kimi, günümüzdə də dünyanın müxtəlif ölkələrində neft və qaz yataqlarının işlənilməsində iştirak edirlər. Onillər öncədən Azərbaycan neftçiləri Liviyada, Əlcəzairdə, Misirdə, Omanda, Konqoda, Qabonda, Sudanda, Anqolada, Yəməndə, Vyetnamda, Çində, Rumıniyada, Bolqarıstanda, okeanın o tayındakı Kubada və sair ölkələrdə neft axtarışları və hasilatı proseslərində əvəzsiz rol oynayıblar.

Yeri gəlmişkən, Kubanın Azərbaycandakı səfiri Alfredo Nieves Portuondo Hafta.az-a verdiyi müsahibəsində Azərbaycan neftçilərinin ölkəsinin neft sənayesinin inkişafındakı xidmətlərindən ağız dolusu söz açaraq bildirib ki, bu gün Kubanın neft mədənlərini müasirləşdirmək və yeni quyular qazmaq üçün Azərbaycan neftçilərinin təcrübəsinə ehtiyac duyurlar.

Azərbaycan neftçilərinin təcrübəsinin əvəzsiz olduğunu bizimlə müsahibəsində Liviya, Əlcəzair, İraq səfirləri də dəfələrlə dilə gətiriblər.

Vurğulayaq ki, ötən əsrin ortalarında Rusiyanın şərqində, Qazaxıstanda, Türkmənistanda, Tatarıstan və Başqırdıstanda formalaşmağa başlayan neft sənayesinin inkişafında azərbaycanlı neftçilərin və Azərbaycandakı zavodların istehsal etdiyi neft maşınqayırmasının rolu olduqca böyük olub.

 

Vüsal Tağıbəyli

 

Məqalə Azərbaycan Mətbuat Şurası və “SOCAR-AQŞ” MMC-nin “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi münasibətilə keçirdikləri birgə müsabiqəyə təqdim edilir.