Azərbaycan Ordusu 5-ci nəsil silahlarla döyüşür - Müsahibə

18:44 14.10.2020 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Hafta.az-a müsahibə verən hərbi ekspert Rəşad Süleymanov Azərbaycanda elan olunan hərbi vəziyyətin tələbləri və gündəmi zəbt edən digər nüanslara diqqət çəkib.

– Rəşad bəy, 27 sentyabr tarixi Azərbaycan Ordusunun işğalçı Ermənistanın ölkəmizə hərbi müdaxiləsinə qarşı əks-hücumlarının başlanğıcı kimi qiymətləndirilməklə yanaşı, hərb tariximizdə hansı yeni səhifəni açmış oldu? Ordumuzun bugünkü gücü necə qiymətləndirilməlidir?

– Bu gün Azərbaycan Ordusunun işğalçıya qarşı sentyabrın 27-dən başlayan əks-hücumunu yüksək texnologiyaların tətbiq olunduğu müharibə kimi xarakterizə edə bilərəm. Bu müharibə 5-ci nəsil silahlarla silahlanan Azərbaycan Ordusu ilə 2-ci nəsil silahlara sahib Ermənistan silahlı qüvvələri arasında olan bir hərbi əməliyyatdır. Azərbaycan Ordusu tabeliyində olan müasir silahları tətbiq etməklə döyüşlərin ilk saatından başlayaraq düşmənə ağır zərbələr endirdi. Düşmənin çox sayda texnikasını, artilleriya sistemini, ilk olaraq hava hücumundan müdafiə sistemini məhv etdi. Hansı ki, onların içərisində S-300 raket kompleksi və rəsmi məlumatlara görə, Rusiyadan alınmış For-2MK tipli raket kompleksi də var. Döyüş əməliyyatları zamanı düşməndən çoxlu sayda qənimətlər götürülüb - tanklar, piyadaların döyüş maşınları, eləcə də döyüş meydanında düşmənin yüzlərlə canlı qüvvəsi məhv edilib.

 Bu gün Azərbaycan Ordusu müharibəni yeni texnoloji yanaşmalar əsasında aparır.  Ordumuz Ali Baş Komandanın da qeyd etdiyi kimi, “maksimum nəticə, minimum itki” prinsipinə əsaslanır.  Bu da onu göstərir ki, ordumuz 15 il müddətində öz hərbi büdcəsini yüksələn xətt üzrə artırıb və Azərbaycan uzun illər müasir tipli silahların alınması, pilotsuz uçuş sistemlərinin əldə edilməsinə diqqət yetirib. Bu kimi  addımlar bu gün öz bəhrəsini verir və sözdə deyil, artıq əməldə Azərbaycan Ordusu öz imkanlarını, döyüş qabiliyyətini sübut edir. Ötən gün Amerika Ordusunun generallarından biri açıqlamasında belə bir maraqlı nüansı qeyd etmişdi ki, Azərbaycanın Qarabağda apardığı müharibə öyrənilməsi və gələcək doktrinaların, taktikaların dəyişdirilməsi baxımından əhəmiyyət daşıyır. Azərbaycan Ordusu tam hərbi qaydalara uyğun olaraq müharibə aparır.

Azərbaycan Ordusu, şəxsi heyət heç bir çətinliklərdən qorxmur, döyüşmək üçün irəli atılır və düşmənin canlı qüvvəsini məhv edir. Məhz bunun nəticəsidir ki, döyüş bölgəsində minlərlə düşmən meyidi qalıb və qarşı tərəf meyidlərinə da sahib çıxmaq istəmir.  Ən strateji yüksəkliklər ələ keçirilib və bu da bizim üçün qarşıda yeni imkanlar açır. Bu gedişlə qısa bir müddətdə düşmənin müqavimətinin tam olaraq qırılması və ərazilərimizin azad edilməsinin şahidi olacağıq.

Düşmənin, artıq müqavimət əmsalının aşağı düşdüyünü müşahidə edirik. Onların özünün çəkdiyi videomateriallardan da görünür ki, erməni ordusunda ruh yüksəkliyi yoxdur. Ermənilər oradan-buradan yığdıqları 5-3 terrorçunu Qarabağa gətiriblər, onlar da tab gətirmədən məhv edilirlər.

Bu gün Azərbaycanda mövcud olan psixoloji, hərbi, həm də ərazi üstünlüyü ordumuzun növbəti uğurlarının əldə edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

– Döyüşün silahların gücü ilə deyil, əsgərin yüksək döyüş ruhu ilə qazanıldığı deyilir. Siz də qeyd etdiniz ki, bu ruh Azərbaycan Ordusunda var və ictimaiyyət bunu görür, hiss edir və öz ordusunun arxasındadır. Hərbi ekspert kimi fikriniz nədir: qələbənin təmin olunmasının formulu nədir?

– Qələbənin təmin olunmasında tələb olunan bir formul var: canlı qüvvə, yəni ordunun düşünən beyni və vuran əli, üstəgəl texniki imkanları, üstəgəl təminatı, üstəgəl motivasiyası...  Bu faktorlar təmin olunursa,  gələcək uğur mütləq təmin edilir. Bu, dünyada da qəbul olunmuş bir aksiomdur. Azərbaycan Ordusunda bunların hamısı var. Allaha şükür ki, canlı qüvvə sarıdan Ermənistanla müqayisədə 10 dəfə artıq imkanlarımız var, bayaq da qeyd etdiyim kimi, Azərbaycanda 5-ci növ silahlardan istifadə edilir və bəzi silahlar hələ ki, istifadə olunmur.  Yəqin ki, zamanı gələndə onları da istifadə edəcəyik. Qarabağın, işğal altında olan ərazilərimzin başına-ayağına baxsaq, cəmi bir neçə yüz kilometrdir, ona görə də hələ ki, o silahlara ehtiyac yoxdur. Bundan əlavə, orduda maddi təminatımız ən yüksək səviyyədədir, motivasiya, xüsusilə yüksəkdir. Kiçikdən-böyüyə, 7-dən-77-yə, hamının yüksək döyüş ruhu var, hamı torpaqların tezliklə işğaldan azad olunmasını istəyir. Əgər xalqda belə bir döyüş ruhu varsa, demək, orduda daha çoxdur. Bunlar bir-biri ilə sintez olunmuş, bir-biri ilə əlaqəli olan proseslərdir. Onların hamısı Azərbaycanda cəmləşir və bu motivasiyanın üzərinə, yüksək texnologiyanı gəldikdə, artıq bizim  qələbə potensialımız real görünür. Ermənistan ordan-burdan yalvar-yaxarla, telefon zəngləri ilə, cənab Prezidentin də dediyi kimi, o adam qalmayıb ona ağız açmasın, dabanını yalamasın ki, Azərbaycan münaqişəni dayandırsın. Reallıq budur, düşmən uduzduğunu yaxşı bilir və dərk edir.

– Torpağın azadlığı şəhidlərsiz  olmur. Necə hesab edirsiniz, cismani olaraq torpaq uğrunda verdiyimiz qurbanlar bu torpağa, millətə, xalqa hansı ruhu, hissi qazandırır?

– Müharibədə şəhid olmalıdır və olur. Kimsə düşünürsə ki, müharibə itkisiz ola bilər, bu, doğru deyildir. İtki vermədən düşmən üzərində qələbə çalmaq mümkün deyildir. Ermənilər danışıqlar adı altında illərdir, işğal olunmuş ərazilərimizdə çox möhkəm müdafiə istehkamları qurublar. Bu gün ərazilərimizi işğaldan azad etməyə qalxan əsgərimiz o istehkamları çox böyük igidlik göstərərək yarıb-keçir. Terrorçuların qurduğu həmin yuvaların beton plitələrlə mühafizə olunduğunu nəzərə alsaq, itkilərin olması labüddür. Hansı ki, əks-hücum əməliyyatlarında qəbul olunmuş standartlar var ki, müdafiə olunan tərəf nə qədər itki verə bilər, hücum edən tərəf nə qədər itki verə bilər. Bununla belə, Azərbaycan Ordusunun verdiyi itkilər, düşmən ordusunun verdiyi itkilərdən dəfələrlə azdır. Döyüşdə verdiyimiz itkilər Azərbaycan cəmiyyətini ağrıtmır. Bəli, orduda döyüşən əsgər hər birimizin canımız, qanımız olan vətəndaşımızdır. Əsgərimizin barmağına dəyən daş, bizim ürəyimizi qanadır, ağrıdır. Əgər bu gün şəhid atası deyirsə ki, mən ikinci övladımı da götürüb özüm də döyüşməyə gedərəm, təki döyüş dayanmasın, torpaqlarımızı azad edək, bu o deməkdir ki,  artıq insanlar nəyin bahasına olursa-olsun münaqişənin həll edilməsini, torpaqların azad edilməsini və gələcək nəsillərə saxlanılmasını istəmir.

– Bu gün də Ermənistan özünün cinayətlərini ört-basdır edib və Azərbaycanı hərbi əməliyyatlara görə qınaq obyektinə çevirməyə cəhd edir. Bununla bağlı nə söyləyərdiniz?

– Qarabağ Azərbaycandır, müharibə Azərbaycan torpaqlarında gedir. Xankəndi, Şuşa, Əsgərən, Hadrut və digər işğalda qalan ərazilər bizimdir. Şəhər bizimdir, dağıdarıq da, tikərik də. Necə ki, Cocuq Mərcanlını yenidən tikdik, qəsəbələr saldıq, o yerlərdə də bunu edəcəyik. Ermənilər beynəlxalq konvensiyalara, beynəlxalq hüquqa məhəl qoymadan və başqasının torpağını işğal etdiyi bəs deyilmiş kimi, həmin ərazilərə xaricdən köçürülmələr edib. Bilməliydi ki, adamları başqasının ərazisində məskunlaşdırır. Bilməliydi ki, Azərbaycan o yerləri ya xoşluqla, ya da zorla düşməndən alacaq. Torpaq bizimdir, nə vaxtsa gətirib burada məskunlaşdırdıqları ermənilərin indi getmək vaxtlarıdır. Cənab Prezident də deyib ki, biz Azərbaycan torpaqlarında ikinci bir Ermənistan dövlətinin yaranmasına imkan verməyəcəyik.  Bütün dünyada yaşadıqları yerləri var, getsinlər onları dəstəkləyən ölkələrdə özlərinə dövlət yaradıb yaşasınlar. 

 Azərbaycan əsgəri mülki əhaliyə atəş açmır. Biz humanist müharibə aparırıq. 

– Ermənistan qadağan olunmuş raket atəşi ilə Gəncə şəhərinin yaşayış evlərini bombaladı. Belə olan surətdə beynəlxalq ictimaiyyətdən, sadəcə, “biz təəssüf edirik” ifadəsi nəyi ifadə edir?

– Atəşkəs müvəqqəti müəyyən edilmiş bir proses idi. Erməni mənfurları elə ilk saatdan buna tabe olmadı,  döyüş mövqelərimizi, Gəncə şəhərini, Mingəçeviri və digər rayonlarımzı da karset başlıqlı raketlərlə atəşə tutdu. Hansı ki, 111 ölkə öz arsenalında olan bu tip raketlərin istifadəsini qadağan edib və ləğvetmə prosesindədir.  Bundan başqa, oktyabrın 10-da Gəncəyə “Toçka-u” raketi endrdi. Gəncədə raket zərbəsi ilə qətlə yetirilən insanlar mülki vətəndaşlardır. Düşmən ballistik raketlərlə mülki əhalini hədəfə alır. Erməni öz mənfur xislətini bu gün də göstərir. Erməni həmişə bu tip addımları atmağa çalışıb. Bunu Birinci Qarabağ müharibəsində, sonrakı dövrdə də edib. Karsetli silahlar o silahlara deyilir ki, bir mərminin içində ayrıca 70-74 karset – bomba olur. Atılanda dağılır ərazilərə və partlamadan qala bilir. Tutaq ki, suya düşür, torpağa batır, kola ilişir. Sonralar kimsə bilmədən ona toxunanda partlayır, insanlar ölür.

Bu gün cəbhədə 1990-cı ildə döyüşənlərin övladları döyüşür. Qarabağdan qundaqda gələnlər, indi tankın üstündə Qarabağa gedir. Biz bunu o biri nəsillərə ötürməməliyik, artıq öz məsələmizi birdəfəlik həll etməliyik. Bizim ölkəmizdə ikinci erməni dövləti olmayacaq.

Oxunma sayı 1771