Azərbaycan Premyer Liqasının bərpa vaxtı uzadılıb

13:25 18.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Premyer Liqası və I divizionunda yaranan fasilənin müddəti uzadılıb.

Bu barədə qərarı Peşəkar Futbol Liqası verib.

Bu addım dünyada geniş yayılmış koronavirus pandemiyasına səbəbindən atılıb. İnfeksiyanın Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün dövlət tərəfindən geniştərkibli işlər görülür. Bu qəbildən olan addımlardan biri 14 mart – 14 aprel tarixlərində ölkə ərazisində tətbiq edilən xüsusi rejimdir. Bununla əlaqədar olaraq, Azərbaycanda  kütləvi idman tədbirlərinin keçirilməsinə də qadağa qoyulub. 

Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən Operativ Qərargahın  göstərişini rəhbər tutan PFL öncə 2 turu təxirə salınan Premyer Liqa və 1 turu oynanılmaması qərarlaşdırılan I divizionun bərpasını aprelin 14-dək uzadıb. Bu isə o deməkdir ki, Azərbaycan çempionatının 4, I divizionunun 3 turu nəzərdə tutulan vaxtda olmayacaq. 

Əgər həmin tarixdə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılsa, PFL klubların baş məşqçiləri ilə görüş keçirib ümumi vəziyyəti müzakirə edəcək və yarışların bərpa tarixini açıqlayacaq.

UEFA bir gün öncə keçirdiyi videokonfransdan sonra vəziyyətə uyğun olaraq yerli liqaların iyunun 30-na qədər yekunlaşdırılmasını tövsiyə edib.
 
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında növbəti tur aprelin 4-5-də keçirilməli idi.

Oxunma sayı 113