İqromaniyanın qurbanı uşaqlar

15:15 19.10.2011
Yazını böyüt
Yazını kiçilt

Belə oyunlar uşağı düşüncəsiz əməllər törətməyə təhrik edir

Kompyuter oyunları beynin işinə mane olur. Böyük Britaniya Kral İnstitutunun keçmiş direktoru, baronessa Qrinfild bəyan edir ki, əgər insan monitor qarşısında həddindən artıq vaxt keçirirsə, onun beynində fizioloji səviyyədə dəyişiklik baş verir ki, bu da mütləq davranış və diqqətlə bağlı problemlərə gətirib çıxarır.

Bu barədə “The Telegraph“ qəzeti yazır. Məqalədə bildirilir ki, oyunlar beyində müəyyən əsəb bağlarını fəaliyyətdən saxlayır. Axı, beyin ətraf mühitin dəyişikliklərinə uyğunlaşma qabiliyyətinə malikdir. Kompyuter oyunları isə yeni mühitə nümunədir. Baronessa uşaqlara monitorlardan uzaqlaşmağı və küçəyə çıxıb “ayaqlarının altında otları hiss etməyi“ məsləhət görür.
Yeri gəlmişkən, oyunlara oxşar texnologiyalar asılılıq və mükafatlanma ilə bağlı olan beyin sistemlərini fəallaşdıraraq həddindən artıq oyanıqlıq yaradır. Nəticədə insanı başqa növ fəaliyyət deyil, məhz oyun cəlb etməyə başlayır. Ona görə də orta hesabla 10-11 yaşlı uşağın monitor qarşısında 2 min saata yaxın vaxt keçirməsi təəccüblü deyil. Üstəlik kompüter oyunlarına son dərəcə aludəçilik insanın diqqətini cəmləşdirəcəyi vaxtı qısaldır və uşağı düşüncəsiz əməllər törətməyə təhrik edir.
“PLoS ONE“ jurnalında dərc olunan hesabatda isə göstərilir ki, internetdən asılılıq beynin strukturlarını dəyişdirmək və hətta boz maddənin quruması təhlükəsi yaradır. Yapon alimləri isə hələ 10 il bundan əvvəl xəbərdarlıq ediblər ki, videooyunlar yalnız beynin görmə və hərəkətə görə cavabdeh olan sahələrini stimullaşdırır. Bu zaman davranış, hisslər və öyrənmə ilə bağlı digər hissələr isə inkişafdan qalır.

Oyunlar şagirdləri dərsdən uzaqlaşdırır

Xüsusilə gəncləri və uşaqları təsiri altına alan kompyuter oyunları qavrama pozğunluqları, öyrənmə çətinlilləri, tarazlıq problemlərindən ictimai pozğunluğa qədər bir çox narahatlığa səbəb olur. Kompüter oyunu asılılığının zərərlərini və müalicə üsullarını nevrologiya mütəxəssisi Məhmət Yavuz hesab edir ki, belə oyunlarda sürətlə axan oyun kadrları adamı sürətli düşünmə və sürətli hərəkət etməyə məcbur edir və oyunun saatlarla oynandığı düşünülsə, beyin bir müddət sonra oyundakı sürətə proqramlanır. Beynin quruluşu etibarilə eyni anda bir çox şeyi qiymətləndirdiyini bildirən Məhmət Yavuz oyun tempinə öyrəşən beynin hər hansı bir mövzunu dərinliyinə qədər təhlil edə bilmədiyini vurğulayıb. Bu vəziyyətin xüsusilə kompyuter oynayan şagirdlərə mənfi təsir etdiyini bildirən mütəxəssis beyni oyun tempinə öyrəşən şagirdlərin dərslərinə diqqət vermədiklərini və müvəffəqiyyətsiz olduqlarını bildirib. Həkim oyun asılılığı səbəbilə ibarət olan diqqət dağınıqlığı və oyundakı sürətdən qaynaqlanan hiperaktivliklə birlikdə şagirdin hər şeydən məhrum olmaq hala gələ biləcəyini bildirib.

“İndiki uşaqların təfəkkür və təxəyyülü çox aşağıdır“

Tanınmış psixoloq Kəmalə Baxış hesab edir ki, müasir dövrdə kompyuter oyunları uşaq təfəkkürünü ləngidən ən birinci amildir. Onun sözlərinə görə, kompüter oyunları azyaşlı uşaqlarda çox ağır aqressiya yaradır: “Uşaqlar oyun oynayarkən hansısa bir mərhələni keçə bilməyəndə hirslənirlər. Bu zaman onlar klaviaturanın və ya siçanın düymələrini də aqressiv basırlar. Ümumiyyətlə, əvvəlki uşaqlarla indikiləri müqayisə etdikdə müasir zamanın uşaqlarının təfəkkür və təxəyyülünün çox aşağı olduğunu müşahidə etmək olur. Məsələn, uşaq hər hansı bir kitabı oxuyub nəyisə dərk edib analiz edə bilirsə, onun təfəkkürü inkişaf edir. Müxtəlif elektron oyunlar isə uşağı kütləşdirməyə başlayır. Uşaq kitabdan, bilik almaq istəyindən soyuyur. O, artıq normal cəmiyyətdə müqayisə aparmağı bacarmır“.
Psixoloq qeyd edir ki, kompyuter oyunları uşaqların təxəyyülünün inkişafına da mənfi təsir göstərir: “Əvvəllər uşaqlar nağıllar, hekayələr oxuyur və ya özləri üçün taxtadan, qumdan nəsə düzəldirdilərsə, bu, onun təxəyyülünün inkişafına gətirib çıxarırdı. Uşaqlar əvvəllər rəsm çəkirdilər. İndi isə rəsm çəkən uşağa nadir halda rast gəlmək olur. İndiki uşaqlar əlində mobil telefon kompyuterin qabağından çəkilmir. Artıq yeniyetməlik dövründə mücərrəd təfəkkür inkişaf etməlidirsə, bu, uşaqlarda inkişaf etmir“.
Müsahibimiz uşaqların kompyuter oyunlarından asılı olmasının günahını ilk növbədə valideynlərdə görür. Onun fikrincə, uşağı kompyuterdən tamamilə uzaqlaşdırmaq lazım deyil. Sadəcə, uşaqların başını başqa maraqlarla da qatmaq lazımdır. Ən əsası, valideyn uşağa nümunə olmalıdır: “Uşaq görəndə ki, valideyni bütün günü oturub televizora baxır, mobil telefonla nəsə edir, kompyuterdə oyun oynayır və ya sadəcə internetə baxır, onda o da bu hərəkətləri təlqin etməyə başlayacaq. Uşaqda kompyuter oyunlarından asıllılıq yaranmasın deyə, mütləq oyunlar üçün müəyyən vaxt ayırmaq lazımdır“.
Sevda Zahidqızı
Oxunma sayı 28