“Çox xoşbəxtəm ki, məni özünüzünkü kimi qəbul edirsiniz“

15:15 11.10.2011
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın xalq artisti, tanınmış aktyor Aleksandr Kalyagin bir neçə gündür ki, Bakıda səfərdədir

Azərbaycanda da hər kəsin yaxşı tanıdığı və sevdiyi A. Kalyagin artıq bir neçə gündür ki, “Simalar“ tamaşası ilə Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində çıxış edir. Tamaşadan öncə isə Aleksandr Kalyagin və adıçəkilən teatrının baş rejissoru, xalq artisti Aleksandr Şarovski ilə birgə mətbuat konfransı keçiriblər.

“İstintaq“ filmindəki müstəntiq Seyfi Qəniyev rolu ilə tanıdığımız Aleksandr Kalyagin Bakıda olduğu üçün öncə özünü xoşbəxt hiss etdiyini bildirdi: “Bu şəhər mənimçün doğma yerdir. Məni Bakıya, bakılılara və bütün Azərbaycana bağlayan bir çox xatirələrim var. Mən çox xoşbəxtəm ki, Azərbaycan xalqı məni özününkü kimi qəbul edir. Sizin ölkəniz və Bakı haqqında danışarkən Heydər Əliyevi qeyd etməmək mümkün deyil. “İstintaq“ və bu kimi başqa layihələr məhz onun dəstəyi və səyləri nəticəsində həyata keçirilib“.
A. Kalyagin mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşü barədə də mətbuata açıqlama verdi:
“Biz nazirlə bir çox məsələlər barədə danışdıq. Gələcək layihələr, qastrollar haqqında söhbət etdik və bir çox ortaq ideyalar irəli sürdük“.
“Azərbaycanda yenidən filmlərə çəkilmək istərdinizmi“ sualına isə Kalyagin belə cavab verdi: “Məmnuniyyətlə yenidən Azərbaycanda filmə çəkilərdim. Əgər o filmin ssenaristi Rüstəm İbrahimbəyov və ya qardaşı Maqsud İbrahimbəyov olarsa“ cavabını verdi.
Qeyd edək ki, Azərbaycanda lentə alınan və Aleksandr Kalyaginin də baş rollardan birini oynadığı (1981-ci ildə istehsal olunub) “İstintaq“ filmi o dövrkü SSRİ-də böyük rezonansa səbəb olmuşdu. Məşhur aktyor bu filmdəki obraza görə sonradan SSRİ dövlət mükafatına da layiq görüldü.
Nərgiz Çingizqızı
Oxunma sayı 131