Azərbaycan-Rusiya iqtisadi əlaqələri dinamik inkişafdadır - TƏHLİL    

17:17 08.10.2019 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər bütün sahələr üzrə ilbəil inkişaf edir. Hazırda Azərbaycan-Rusiya iqtisadi əlaqələri dinamik inkişafdadır. Təkcə bir məqamı vurğulayaq ki, xarici ticarət dövriyyəsində önəmli yer tutan Rusiya ilə ticarət əməkdaşlığı nəticəsində ötən il ölkələrimiz arasında ticarətin həcmi 2,5 milyard ABŞ dolları təşkil edib və bu sahədə həyata keçirilən ardıcıl və sistemli tədbirlər, artım dinamikası 2019-cu ildə ticarət dövriyyəsinin 3 milyard dollara çatacağını proqnozlaşdırmağa əsas verir. Digər tərəfdən hazırda Azərbaycanda 700-ə yaxın Rusiya kapitallı şirkət fəaliyyət göstərir.

Rusiya tərəfindən Azərbaycan iqtisadiyyatına 4,6 milyard dollar, Azərbaycan tərəfindən isə Rusiyaya 1,2 milyard dollar sərmayə yatırılıb. Azərbaycan investorları Rusiyanın müxtəlif bölgələrində maliyyə-bank, daşınmaz əmlak, sanatoriya-kurort, qida sənayesi, tikinti materiallarının istehsalı və digər sahələri əhatə edən layihələr həyata keçirirlər. Eyni zamanda, ölkəmizdə Rusiya ilə birgə layihələr reallaşdırılır. “SOCAR Polymer” layihəsi, Pirallahı Sənaye Parkında əczaçılıq müəssisəsinin yaradılması, Gəncə avtomobil zavodunun Rusiyanın “KamAZ” və “Ural” zavodları ilə əməkdaşlığı, “Azərmaş” və “QAZ” şirkətləri arasında birgə layihələr, helikopterlərin təmiri və texniki xidmət mərkəzinin, Hacıqabulda izolyasiya materialları istehsalının təşkili layihələri Azərbaycan–Rusiya sənaye-investisiya əməkdaşlığının önəmli nümunələridir. Rusiyanın Sənaye və Ticarət naziri Denis Manturovun ölkəmizə səfəri və Azərbaycan nümayəndə heyətinin Rusiyanın Yekaterinburq şəhərində keçirilmiş “İNNOPROM” beynəlxalq sənaye sərgisində iştirakı çərçivəsində aparılan müzakirələrdə ölkəmizdə kənd təsərrüfatı texnikasının, vaqonlar üçün ehtiyat hissələrinin və digər sənaye məhsullarının istehsalının təşkili barədə razılıq əldə edilib. Həmçinin Rusiya bankları ilə də sıx əməkdaşlıq həyata keçirilir. Belə ki, Azərbaycanda sənaye sahəsində həyata keçirilən layihələrə Rusiya bankları 1 milyard dollara yaxın vəsait yönəldiblər.

Ekspertlərin fikrincə, iki ölkə arasında mövcud olan əlaqələri strateji səviyyəli tərəfdaşlıq münasibətləri kimi xarakterizə etmək olar. Belə ki, iki dövlət arasında keçirilmiş yüksək səviyyəli səfərlər mübadiləsi, xüsusilə də Prezidentlər səviyyəsində keçirilmiş çoxsaylı görüşlər ölkələrimiz arasındakı tərəfdaşlıq, dostluq və mehriban qonşuluq münasibətlərinin daha da inkişaf etməsinə yüksək töhfə verir.

Yeri gəlmişkən, oktyabrın 2-3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə bu ölkədə işgüzar səfərdə olub.Səfər çərçivəsində dövlət başçılarının təkbətək və geniş tərkibdə görüşləri keçirilib və Azərbaycan Prezidenti Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI plenar sessiyasında çıxış edib.

Həmişə olduğu kimi, bu dəfə də hər iki ölkənin liderləri Azərbaycan və Rusiya arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıblar. Rusiya Prezidenti Vladimir Putin ölkə başçımızla görüşündə iki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyini, ticari-iqtisadi əlaqələrin möhkəmləndiyini diqqətə çatdırıb. Keçən il əmtəə dövriyyəsinin həcminin 2,5 milyard dollar olduğunu vurğulayan Rusiya Prezidenti əlavə edib ki, bu istiqamətdə yaxşı perspektivlər var: “Mən o planları nəzərdə tuturam ki, onların əsas müəllifi Azərbaycan Prezidentidir. Biz də öz tərəfimizdən, bu konkret, mənim fikrimcə, iri layihələrin reallaşması üçün bizdən asılı olan hər şeyi edirik”. 
Prezident İlham Əliyev rusiyalı həmkarı ilə görüşdə ticari-iqtisadi sahədə müsbət dinamikanı da qeyd edərək, Azərbaycan ilə Rusiya arasında əmtəə dövriyyəsinin keçən il də, bu il də artdığını diqqətə çatdırıb: “Bizdə olan məlumata görə, avqust ayına qədər artım 20 faizdən çox olub. Sizinlə bizim təsdiq etdiyimiz “Yol xəritələri”nin reallaşdırılması da əlbəttə, daha sıx qarşılıqlı fəaliyyətə, bütün sahələrdə inteqrasiyaya və əməkdaşlığa gətirib çıxaracaq”.

Rusiyanın Azərbaycan üçün ən mühüm tərəfdaş, dost, mehriban qonşu olduğunu qeyd edən Prezident İlham Əliyev bir daha vurğulayıb ki, ölkəmiz bu münasibətləri çox yüksək qiymətləndirir. Ölkə başçısı plenar sessiyadakı çıxışında sənayeləşmə məsələsində Rusiya banklarının Azərbaycana çox kömək etdiyini, onların iqtisadiyyatın real sektorunda həyata keçirilən layihələr üçün təqribən 1 milyard dollar kredit ayırdığını nəzərə çatdırıb.

Qeyd edək ki, statistik məlumatlar da iki ölkə arasında ticari-iqtisadi əlaqələrin müsbət dinamikasından xəbər verir. Belə ki, Rusiyanın Azərbaycana birbaşa kapital qoyuluşu 1,5 milyard dollara bərabərdir. Sahibkarlıq birlikləri arasında, o cümlədən, kiçik və orta biznes xətti ilə əlaqələr genişlənib. Rusiya idxala görə Azərbaycan üçün bir nömrəli tərəfdaşdır və qeyri-neft sahəsinin azərbaycanlı ixracatçıları üçün birinci yerdədir. Əlamətdar haldır ki, iki ölkənin regionlararası əməkdaşlığı sürətlə inkişaf edir və coğrafiyası genişlənir. 
Xatırladaq ki, ötən il hər iki ölkənin dövlət başçılarının dörd qarşılıqlı səfəri və bu çərçivədə görüşləri keçirilib. Bunlar da Azərbaycan və Rusiya arasında əməkdaşlığın inkişafında mühüm rol oynayır. Cari ilin aprel ayında isə Pekində ikinci “Bir kəmər, bir yol” Forumu çərçivəsində Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev də hesab edir ki, Azərbaycan-Rusiya əlaqələrinin kompleks inkişafı baxımından xüsusi əhəmiyyət daşıyan bu səfərlər ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsində də mühüm önəm kəsb edir. Onun fikrincə, Azərbaycan-Rusiya əlaqələri möhkəm dostluğa, mehriban qonşuluğa, etibarlı tərəfdaşlığa və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Azərbaycan və Rusiya dövlət başçılarının birgə səyi və siyasi iradəsi sayəsində ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq müstəvisində uğurla inkişaf edir, Azərbaycan və Rusiya prezidentlərinin müntəzəm görüşləri dövlətlərarası münasibətlərə yüksək dinamizm verir. Siyasi əlaqələrin strateji xarakteri, Azərbaycan və Rusiya prezidentlərinin dostluq münasibətləri iqtisadi əməkdaşlığın inkişafı üçün əlverişli zəmin yaradır. Azərbaycanın mehriban qonşu, dost, etibarlı və mühüm tərəfdaş olan Rusiya ilə əlaqələri yüksək səviyyədədir, siyasi, iqtisadi, humanitar, hərbi-texniki və s. sahələrdə əməkdaşlığımız genişlənir. Əlaqələrimizin inkişaf dinamikası və əldə edilən nəticələr çox müsbətdir. Bütün bunların arxasında strateji əməkdaşlıq, mühüm işlər, önəmli layihələr dayanır və yüksək göstəricilərdə əksini tapır. Bir daha vurğulayım ki, ikitərəfli əməkdaşlıqda qazanılan uğurlar dövlət başçılarının siyasi iradəsindən qaynaqlanır, məhz bu mühüm amil strateji tərəfdaşlığımızı daha da möhkəmləndirir”.

Nazir vurğulayıb ki, Azərbaycan və Rusiya prezidentləri ölkələrarası ticarətin genişlənməsinə xüsusi önəm verirlər: “Azərbaycan Prezidentinin ötən ilin sentyabrında Rusiyaya rəsmi səfəri çərçivəsində imzalanmış Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə 2024-cü ilədək Fəaliyyət Planında əks olunan 5 “Yol xəritəsi” iqtisadi əlaqələrimizin genişlənməsinin mühüm istiqamətlərini müəyyən edir. Bu “Yol xəritələri” ticarət, nəqliyyat, Azərbaycan ərazisində birgə istehsalın yaradılması, büdcə-vergi sektorunun rəqəmsallaşdırılması üzrə qarşılıqlı fəaliyyəti və humanitar sahədə əməkdaşlığı nəzərdə tutur. Onu da deyim ki, əlaqələrimizin daha dinamik inkişafı üçün görülən işlər bu məqsədlərin reallaşdırılmasına xidmət edir. “Yol xəritələri”ndə ticarət əməkdaşlığının daha da dərinləşməsi məsələlərinə xüsusi yer ayrılır. Bununla yanaşı, Azərbaycan və Rusiya arasındakı Sərbəst ticarət haqqında Saziş ticarət əməkdaşlığının daha da genişləndirilməsi üçün əlverişli imkanlar yaradır.

Hazırda ticarət əlaqələrimiz yüksək templərlə inkişaf edir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Rusiyanın Cənubi Qafqaz ölkələri ilə ticarət əlaqələrinin təxminən yarısı Azərbaycanın payına düşür. Rusiya qeyri-neft məhsullarımızın ixracı üzrə ilk yerdədir. Ötən il Azərbaycan-Rusiya ticarət dövriyyəsi 20 faiz, bu ilin yanvar-avqust aylarında isə 24 faiz artıb. Azərbaycan ilə Rusiya arasında ticarətin yüksək templərlə artması strateji əməkdaşlığımızın mühüm göstəricisi olmaqla, Azərbaycan Prezidentinin xarici iqtisadi əlaqələrin genişləndirilməsi, qeyri-neft ixracının stimullaşdırılması istiqamətində qəbul etdiyi mühüm qərarların, dövlətimizin başçısının rəhbərliyi ilə görülən sistemli və ardıcıl işlərin məntiqi nəticəsidir”.

Qeyd edək ki, Azərbaycanla Rusiya arasında ticarətin müsbət artım templərini daha da gücləndirmək məqsədilə tədbirlər davam etdirilir. Belə ki, Rusiyada Azərbaycanın Ticarət Nümayəndəliyi, Həştərxan şəhərində Azərbaycan İş Mərkəzi, Yekaterinburq şəhərində Azərbaycan Şərab Evi fəaliyyət göstərir və iş adamları arasında birbaşa ticarət əlaqələrinin genişlənməsinə töhfə verir. Həmçinin Moskva şəhərində Azərbaycan məhsullarının geniş çeşiddə təqdim olunduğu “Azərbaycan nemətləri” mağazası açılıb. Rusiyanın digər şəhərlərində də bu cür mağazaların açılması istiqamətində işlər aparılır.

Gündəm rubrikasından digər xəbərlər